Prezident İlham Əliyev: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək
10:48 SiyasətDayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. "ASAN xidmət"in 2015-ci ildə BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na, 2019-cu ildə isə "Rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində Xüsusi Mükafat"a layiq görülməsi nailiyyətlərimizin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.
Bu fikirlər Prezident İlham Əliyevin "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı" beynəlxalq tədbirinin iştirakçılarına müraciətində yer alıb.
Dövlətimizin başçısı müraciətində, həmçinin qeyd edib: "BMT ilə əməkdaşlıq bu təcrübəmizin daha geniş coğrafiyada təşviqi üçün yeni imkanlar yaradır. 2024-cü ildə Azərbaycan ilə BMT arasında imzalanmış Töhfə Sazişi "ASAN xidmət" nümunəsinin dörd qitədə təbliğini ehtiva edir.
Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək, keyfiyyətli dövlət xidmətlərinin göstərilməsi istiqamətində beynəlxalq fəaliyyətə töhfə verəcəkdir".
Qeyd edək ki, Bakıda "BMT (Birləşmiş Millətlər Təşkilatı) İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı" (UN Governance Innovation Summit: Advancing Future-Ready Institutions) adlı beynəlxalq sammit keçirilir.
2024-cü ilin noyabr ayında Azərbaycan Respublikası Hökuməti ilə (BMT) arasında imzalanmış Töhfə Sazişi çərçivəsində reallaşan sammit Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin birgə təşkilatçılığı ilə baş tutur.
Sammitdə BMT-ə üzv ölkələrin nazirləri və yüksək səviyyəli rəsmiləri, beynəlxalq və regional təşkilatların rəhbər vəzifəli şəxsləri, inkişaf tərəfdaşları, eləcə də özəl sektorun və akademik dairələrin təmsilçiləri olmaqla 200-ə yaxın qonaq iştirak edir.