Kür-Araz çaylarında daşqınlardan mühafizə tədbirləri davam etdirilir

Kür-Araz çaylarında və digər su hövzələrində ərazilərin sel və daşqınlardan qorunması məqsədilə bəndlərin təmiri, sahilbərkitmə və məcratəmizləmə işləri aparılır.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) verilən məlumata görə, qurumun tabeliyindəki Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsi tərəfindən 2026-cı ilin əvvəlindən indiyədək 39 kilometr məsafədə mühafizə bəndlərinin təmiri və qayakəsmə, 16 kilometr uzunluğunda isə məcratəmizləmə işləri yerinə yetirilib.

Bildirilib ki, idarənin balansında 1382 kilometrdən artıq mühafizə bəndi var. Bunun 936 kilometri Kür çayında, 134 kilometri Araz çayında, 312 kilometri isə dağ çayları və göllərdə yerləşir. Mühafizə bəndlərindəki 123 hidrotexniki qurğu daim saz və işlək vəziyyətdə saxlanılır.

Ötən il Kür, Araz və dağ çaylarında 125 kilometr uzunluğunda bənd təmir edilib, 31 kilometrdən artıq məsafədə qayakəsmə, 36 kilometr uzunluğunda isə məcratəmizləmə işləri aparılıb. Qaya uçqunlarının qarşısının alınması məqsədilə 1680 poqonmetr məsafədə daş-betonla sahilbərkitmə işləri görülüb.

Ümumilikdə, 2012-2025-ci illərdə çayların sərt döngələrində sahilyuma nəticəsində yaranmış təhlükəli vəziyyətlərin aradan qaldırılması üçün 21 689 poqonmetr məsafədə daş-betonla sahilbərkitmə işləri həyata keçirilib.

ADSEA-dan qeyd olunub ki, monitorinqlərin nəticələrinə uyğun olaraq bəndlərin təmir-bərpası və qayakəsmə işləri davam etdirilir. Həmçinin bəndlərin üzərində, yamaclarında, mühafizə zonalarında və çay məcralarında suyun axınına mane olan yabanı ağac və kollar təmizlənir.

Qeyd edək ki, Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsi ölkənin 21 rayon və şəhərində xidməti ərazisinə daxil olan yerlərdə fəaliyyət göstərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31