Dövlət başçısının qətiyyətli siyasi iradəsi Qələbəmizin mühüm amillərindən biri oldu-Özəl

"8 Noyabr - Zəfər Günü Azərbaycan xalqının tarixində milli qürurun, dövlətçilik iradəsinin, xalq-ordu birliyinin və sarsılmaz vətənpərvərlik ruhunun təcəssümüdür. Bu əlamətdar gün xalqımızın yaddaşına yalnız hərbi Qələbənin tarixi kimi deyil, həm də milli iradəmizin, birliyimizin və müstəqil dövlətimizin qüdrətinin təntənəsi kimi həkk olunub". "Olaylar" xəbər verir ki, bunu YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev deyib: "2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın müasir tarixində yeni bir mərhələnin başlanğıcını qoydu. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad edərək uzun illər davam edən ədalətsizliyə son qoydu. Azərbaycan xalqı öz tarixi torpaqlarına sahib çıxmaq əzmini, dövlətimizin gücünü və milli birliyini bütün dünyaya nümayiş etdirdi.

Bu möhtəşəm Qələbənin əsasında Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi müstəqil dövlətçilik strategiyası, ordu quruculuğu sahəsində həyata keçirilən məqsədyönlü siyasət və Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi dayanır. İllər ərzində gücləndirilən Azərbaycan Ordusu müasir hərbi texnologiyalar, yüksək döyüş hazırlığı və peşəkarlığı ilə dünyanın diqqətini cəlb edən bir gücə çevrildi. Vətən müharibəsində Azərbaycan əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıq xalqımızın hərbi salnaməsinə qızıl hərflərlə yazıldı.

8 Noyabr 2020-ci il tarixində Şuşanın azad edilməsi Zəfərimizin həlledici mərhələsi olmaqla yanaşı, Azərbaycan xalqının mənəvi gücünün və sarsılmaz iradəsinin təntənəsinə çevrildi. Mədəniyyətimizin paytaxtı olan Şuşanın azadlığı tarixi ədalətin bərpasının, milli qürurumuzun və dövlətçilik əzminin rəmzi oldu. Bu tarixi hadisə Vətən müharibəsində Qələbənin əldə olunmasında həlledici rol oynadı və 10 noyabr tarixli üçtərəfli bəyanatla hərbi əməliyyatların dayandırılmasına gətirib çıxardı.

44 günlük Vətən müharibəsi Azərbaycanın yalnız döyüş meydanında deyil, diplomatik və informasiya müstəvisində də güclü mövqeyə malik olduğunu nümayiş etdirdi. Prezident İlham Əliyevin beynəlxalq media nümayəndələrinə verdiyi müsahibələr, prinsipial çıxışları və ardıcıl diplomatik fəaliyyəti ölkəmizin haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm əhəmiyyət daşıdı. Dövlət başçısının qətiyyətli siyasəti, strateji baxışı və siyasi iradəsi Qələbəmizin mühüm amillərindən biri oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31