Tarixin sınaqlarından Zəfər zirvəsinə yüksələn xalq-Özəl

Cənubi Qafqazın qədim xalqlarından biri olan Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə, böyük mübarizə ənənələrinə və zəngin mənəvi dəyərlərə malikdir. Tarixin müxtəlif dövrlərində xalqımızın yaratdığı dövlətlər, yetişdirdiyi görkəmli şəxsiyyətlər, apardığı azadlıq mübarizələri Azərbaycan adını dünya tarixində yaşatmışdır. Bu tarix yalnız qələbələrdən deyil, həm də ağır məğlubiyyətlərdən, işğallardan, torpaq itkilərindən və yenidən dirçəlişdən ibarətdir.
       Azərbaycan xalqı dəfələrlə yadelli işğallarla üzləşsə də, öz milli kimliyini, dilini, mədəniyyətini, dövlətçilik ənənələrini qoruyub saxlamağı bacarmışdır. Torpaqlarımızın işğal olunması xalqımızın yaddaşında heç vaxt barışıqla qarşılanmamış, azadlıq və ədalət arzusu nəsildən-nəslə ötürülmüşdür. Tarixin ən çətin anlarında belə xalqımız Vətənə bağlılığını itirməmiş, torpaqlarını geri qaytarmaq əzmini qoruyub saxlamışdır.
     Azərbaycanın Zəfər tarixi də məhz bu mübariz ruhun, milli iradənin və dövlətçilik ənənələrinin məntiqi davamıdır.
Tarixin ağır sınaqları və torpaq itkiləri
   XVIII əsrin əvvəllərində bir vaxtlar regionun qüdrətli dövlətlərindən biri olan Səfəvi imperiyası zəifləməyə başladı. Mərkəzi hakimiyyətin zəifləməsi, daxili çəkişmələr və xarici müdaxilələr ölkənin siyasi vəziyyətini ağırlaşdırdı. Bu vəziyyətdən istifadə edən Rusiya və Osmanlı imperiyaları Səfəvi torpaqlarına yürüşlərə başladılar.
I Pyotrun Xəzər yürüşü nəticəsində 1722-ci ildə Dərbənd, 1723-cü ildə isə Bakı rus qoşunlarının nəzarətinə keçdi. 1723-cü il Peterburq müqaviləsi ilə Səfəvi dövləti Xəzər sahilindəki bir sıra əraziləri Rusiyaya güzəştə getməyə məcbur oldu. 1724-cü il İstanbul müqaviləsi isə Rusiya ilə Osmanlı imperiyası arasında Cənubi Qafqazda təsir dairələrinin bölüşdürülməsini nəzərdə tuturdu.
    Bu dövrdə bölgədə demoqrafik və siyasi vəziyyətin dəyişdirilməsinə yönəlmiş köçürmə siyasəti də həyata keçirilirdi. Rusiya imperiyasının Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək üçün xristian əhalinin, o cümlədən ermənilərin bölgəyə köçürülməsinə maraq göstərməsi sonrakı tarixi proseslərə ciddi təsir etdi. Lakin Azərbaycan torpaqlarının itirilməsi ilə barışmayan qüvvələr də var idi. Həmin qüvvələrin önündə sonralar Nadir şah adı ilə tanınan Nadirqulu xan Əfşar dayanırdı.
Nadir şah Əfşar Azərbaycan və region tarixində işğal edilmiş torpaqların geri qaytarılması uğrunda mübarizə aparmış qüdrətli dövlət xadimlərindən biri kimi tanınır. Onun hərbi-siyasi fəaliyyəti nəticəsində Səfəvi dövlətinin itirdiyi bir sıra ərazilər geri qaytarıldı. 1732-ci il Rəşt müqaviləsi ilə Rusiya Xəzərsahili ərazilərin bir hissəsindən çəkilməyə razılaşdı. 1735-ci il Gəncə müqaviləsinə əsasən isə Bakı və Dərbənd də daxil olmaqla Rusiyanın işğal etdiyi digər Xəzəryanı torpaqların geri qaytarılması təmin edildi.
    Beləliklə, Nadir şahın fəaliyyəti Azərbaycan torpaqlarının yadelli işğalından azad edilməsi tarixində mühüm mərhələ təşkil etdi. 
    XVIII əsrin sonlarında Rusiya imperiyasının Cənubi Qafqaza marağı daha da artdı. II Yekaterina dövründə bölgədə Rusiyanın mövqelərini genişləndirmək və möhkəmləndirmək siyasəti gücləndi. 1796-cı ildə general Valerian Zubovun başçılıq etdiyi rus qoşunları Dərbəndi, Qubanı, Bakını və Şamaxını ələ keçirdi. Lakin həmin ilin noyabrında II Yekaterinanın vəfat etməsi və I Pavelin hakimiyyətə gəlməsi ilə rus qoşunlarının bölgədən çıxarılması barədə qərar qəbul edildi.
     XIX əsrin əvvəllərində Azərbaycanın siyasi vəziyyəti daha da mürəkkəbləşdi. Ölkə ərazisində mövcud olan xanlıqlar vahid siyasi mərkəz ətrafında birləşə bilmədilər. Ayrı-ayrı xanlıqlar arasında hakimiyyət və ərazi uğrunda mübarizələr xarici qüvvələrin müdaxiləsini asanlaşdırdı. Azərbaycanın taleyi baxımından ən böyük faciələrdən biri də məhz bu parçalanmışlığın nəticəsi oldu.
     Rusiya imperiyası Cənubi Qafqazı işğal etmək planını mərhələlərlə həyata keçirməyə başladı. 1803-cü ildə Car-Balakən camaatlığı, 1804-cü ildə isə Gəncə xanlığı işğal edildi. Gəncənin müdafiəsi zamanı Cavad xanın və onun oğlunun həlak olması xalqımızın yaddaşında qəhrəmanlıq nümunəsi kimi qaldı. İşğaldan sonra şəhərin adı dəyişdirilərək Yelizavetpol qoyuldu.
    1805-ci ildə Qarabağ xanlığı ilə Rusiya arasında Kürəkçay müqaviləsi imzalandı. Bu müqavilə Qarabağ xanlığının Rusiya imperiyasından siyasi asılılığını rəsmiləşdirirdi. 1806-cı ildə İbrahimxəlil xanın və ailə üzvlərinin rus hərbçiləri tərəfindən qətlə yetirilməsi isə Azərbaycan xanlıqlarının müstəqilliyinin necə faciəli şəkildə aradan qaldırıldığını göstərən hadisələrdən biri oldu.
     1813-cü ildə imzalanmış Gülüstan müqaviləsi ilə Azərbaycanın şimal xanlıqlarının böyük hissəsi Rusiya imperiyasının tərkibinə keçdi. 1828-ci il Türkmənçay müqaviləsi isə Rusiya ilə Qacarlar dövləti arasında yeni sərhədlər müəyyənləşdirdi. Bu müqavilələr Azərbaycan torpaqlarının iki imperiya arasında bölüşdürülməsi prosesini rəsmiləşdirdi. Nəticədə xalqımızın böyük bir hissəsi ayrı-ayrı dövlətlərin tərkibində yaşamağa məcbur oldu.
    Türkmənçay müqaviləsinin XV maddəsinə görə erməni əhalisinin bir hissəsinin Qacarlar dövlətinin ərazisindən Rusiya imperiyasına köçməsinə hüquqi imkan yaradırdı. Sonrakı illərdə Cənubi Qafqazın müxtəlif bölgələrinə, o cümlədən İrəvan və Qarabağ ərazilərinə erməni əhalisinin köçürülməsi bölgənin demoqrafik mənzərəsində ciddi dəyişikliklərə səbəb oldu. Bu proseslərin miqyası və nəticələri tarixşünaslıqda müxtəlif şəkildə qiymətləndirilsə də, XIX əsrdə Cənubi Qafqazın etnik-siyasi xəritəsinin dəyişdiyi danılmaz tarixi faktdır.
    Beləliklə, Azərbaycan xalqı uzun müddət öz tarixi torpaqlarında siyasi və ərazi itkiləri ilə üzləşdi. Lakin milli dövlətçilik düşüncəsi və azadlıq arzusu heç vaxt sönmədi.
   Azərbaycan Xalq Cümhuriyyəti və itirilən torpaqlar uğrunda mübarizə
     Birinci Dünya müharibəsi və Rusiya imperiyasının süqutu Cənubi Qafqazda yeni siyasi şərait yaratdı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. Müsəlman Şərqində ilk parlamentli respublika kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində yeni bir səhifə açdı.
     Cümhuriyyətin yaradılması Azərbaycan xalqının müstəqil yaşamaq iradəsinin təntənəsi idi. Dövlət bayrağımız, parlamentimiz, hökumətimiz, milli ordumuz və dövlətçilik institutlarımız formalaşdırıldı. 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusunun və Azərbaycan hərbi qüvvələrinin səyi nəticəsində Bakı azad edildi. Sentyabrın 17-də hökumət Bakıya köçdü və şəhər Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtına çevrildi.
     Lakin gənc dövlət çox ağır problemlərlə üzləşmişdi. Ermənistanın ərazi iddiaları, Qarabağ və Zəngəzur ətrafında baş verən silahlı toqquşmalar, xarici müdaxilələr və daxili siyasi çətinliklər Cümhuriyyətin mövqelərini zəiflədirirdi. 1920-ci ilin aprelində Azərbaycan bolşevik Rusiyasının hərbi müdaxiləsi nəticəsində müstəqilliyini itirdi.
     Sovet hakimiyyəti illərində Azərbaycanın tarixi ərazilərinin bir hissəsinin inzibati-siyasi baxımdan başqa respublikaların tərkibinə verilməsi, milli maraqların nəzərə alınmaması və Qarabağ məsələsinin mürəkkəbləşdirilməsi gələcək münaqişənin zəminini formalaşdırdı.
     1921-ci il iyulun 5-də Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycan SSR tərkibində saxlanılması və ona muxtar vilayət statusu verilməsi barədə qərar qəbul etdi. 1923-cü il iyulun 7-də isə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Muxtar vilayətin inzibati mərkəzi Xankəndi şəhəri müəyyənləşdirildi. 
     Sonrakı onilliklər ərzində erməni millətçi dairələri bu ərazinin Ermənistana birləşdirilməsi istiqamətində müxtəlif iddialar irəli sürdülər. Sovet hakimiyyətinin son illərində separatçı meyillər daha da gücləndi. SSRİ-nin dağılması ərəfəsində başlayan Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın bir hissəsi işğal edildi. Bir milyondan artıq soydaşımız doğma yurdlarından didərgin düşdü. Şəhər və kəndlərimiz dağıdıldı, tarixi və mədəni abidələrimizə ciddi ziyan vuruldu.
    Beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə, aparılan danışıqlara və verilən vədlərə baxmayaraq, münaqişə uzun illər həll olunmamış qaldı. Otuz ilə yaxın davam edən işğal dövründə Azərbaycan xalqının bir arzusu dəyişmədi: torpaqlarımız azad olunmalı, ərazi bütövlüyümüz bərpa edilməli, məcburi köçkünlər doğma yurdlarına qayıtmalı idi.
   Heydər Əliyev siyasi irsi və Zəfərə aparan yol
      Azərbaycanın müstəqillik tarixində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri vardır. 1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni parçalanmaq təhlükəsindən xilas etdi, dövlətçiliyin qorunmasını, ictimai-siyasi sabitliyin bərqərar olmasını və milli ordunun formalaşdırılmasını təmin etdi.
Ulu Öndər Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirməklə yanaşı, Qarabağ probleminin həllini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən etdi. O, Azərbaycanın iqtisadi və hərbi potensialının gücləndirilməsi, beynəlxalq əlaqələrinin genişləndirilməsi və milli birliyin möhkəmləndirilməsi üçün mühüm addımlar atdı.
Heydər Əliyevin siyasi irsinin ən mühüm məqamlarından biri Qarabağın azad olunacağına olan sarsılmaz inamı idi. O, 2003-cü ildə xalqa müraciətində gələcək taleyüklü məsələlərin İlham Əliyev tərəfindən davam etdiriləcəyinə böyük ümid bəslədiyini bildirmişdi.
     2003-cü ildə Azərbaycan xalqının etimadını qazanan Prezident İlham Əliyev ölkənin inkişafı, müdafiə qüdrətinin artırılması, müasir ordu quruculuğu və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirdi.
     Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi, enerji strategiyasının uğurla reallaşdırılması, müasir silah və texnologiyalarla təchiz edilmiş ordunun formalaşdırılması, hərbi qulluqçuların peşəkarlığının artırılması gələcək Zəfərin əsaslarını yaratdı.
    Prezident İlham Əliyev beynəlxalq tribunalarda Azərbaycanın haqq işini ardıcıl müdafiə edir, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu qətiyyətlə bəyan edirdi. Eyni zamanda, Azərbaycan Ordusunun döyüş hazırlığı artırılır, müdafiə sənayesi inkişaf etdirilir, gənclərdə vətənpərvərlik ruhu gücləndirilirdi.
     Bu illərdə xalq-iqtidar birliyi, milli həmrəylik və dövlətə inam Azərbaycanın ən böyük güc mənbələrindən birinə çevrildi.
    44 günlük Vətən müharibəsi - tarixi ədalətin təntənəsi
     Nəhayət, 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Beləliklə, xalqımızın otuz ilə yaxın davam edən torpaq həsrətinə son qoymaq üçün Vətən müharibəsi başlandı.
     Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirdi. Müharibənin ilk günlərindən başlayaraq əsgər və zabitlərimiz böyük əzmkarlıqla irəlilədilər. Onların hər addımında Vətən sevgisi, torpaq təəssübkeşliyi və tarixi ədaləti bərpa etmək iradəsi dayanırdı.
    44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının birliyini və ordumuzun qüdrətini bütün dünyaya nümayiş etdirdi. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, yüzlərlə yaşayış məntəqəsi və strateji yüksəkliklər işğaldan azad edildi. Bu qələbələrin zirvəsində isə 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması dayanırdı.
    Şuşa Azərbaycanın yalnız coğrafi məkanı deyil, milli mədəniyyətimizin, musiqimizin, ədəbiyyatımızın və tarixi yaddaşımızın rəmzidir. Bu şəhərin azad edilməsi müharibənin taleyində həlledici rol oynadı. Azərbaycan əsgərinin misilsiz şücaəti, peşəkarlığı və fədakarlığı nəticəsində düşmənin uzun illər ərzində qurduğu müdafiə sistemi yarıldı.
    Noyabrın 8-də Prezident İlham Əliyevin Şəhidlər xiyabanından xalqa müraciətlə səsləndirdiyi "Əziz Şuşa, sən azadsan!" sözləri Azərbaycan xalqının yaddaşına əbədi həkk olundu.
     2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatla hərbi əməliyyatlar dayandırıldı. Ağdam, Kəlbəcər və Laçın rayonları da razılaşmaya uyğun olaraq Azərbaycana qaytarıldı. Beləliklə, Azərbaycan Ordusunun hərbi uğurları və dövlətimizin qətiyyətli siyasəti nəticəsində ərazi bütövlüyümüzün bərpası istiqamətində tarixi mərhələ başa çatdı. 
     Bu Zəfər yalnız hərbi qələbə deyildi. Bu, otuz ilə yaxın davam edən işğala, məcburi köçkünlüyə, mənəvi ağrıya və tarixi ədalətsizliyə qarşı qazanılmış böyük qələbə idi. Azərbaycan xalqı sübut etdi ki, milli birlik, güclü dövlətçilik və müasir ordu qarşıya qoyulan ən çətin vəzifələrin öhdəsindən gəlməyə qadirdir.
    Vətən müharibəsində qazanılan qələbənin ən böyük qəhrəmanları şəhidlərimiz və qazilərimizdir. Onların fədakarlığı, igidliyi və Vətənə sədaqəti Azərbaycan tarixinin ən şərəfli səhifələrindən birini təşkil edir. Şəhidlərimizin əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, qazilərimizin göstərdiyi qəhrəmanlıq isə gələcək nəsillər üçün örnək olacaqdır.
    2023-cü il - Dövlət suverenliyinin tam bərpası

2020-ci il Zəfəri Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ olsa da, Qarabağ bölgəsində separatçı qüvvələrin və Ermənistan silahlı birləşmələrinin qalıqlarının mövcudluğu ölkəmizin suverenliyinin tam təmin edilməsinə mane olurdu.
      Azərbaycan dövləti bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsi, qanunsuz silahlı birləşmələrin tərksilah olunması və konstitusiya quruluşunun bərpası istiqamətində ardıcıl addımlar atırdı.
    2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda baş verən genişmiqyaslı hərbi təxribatların qarşısının alınması və Azərbaycanın konstitusiya quruluşunun bərpası məqsədilə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Azərbaycan Ordusunun qətiyyətli fəaliyyəti nəticəsində qanunsuz silahlı birləşmələrin hərbi infrastrukturu sıradan çıxarıldı və sentyabrın 20-də əməliyyat dayandırıldı.
Bununla da separatçı qurumun mövcudluğuna son qoyuldu. Azərbaycan dövləti öz suverenliyini bütün ərazisində təmin etdi. 2023-cü il sentyabrın 20-si tariximizə Dövlət Suverenliyi Günü kimi daxil oldu.
    Artıq Azərbaycan bayrağı ölkəmizin bütün ərazilərində dalğalanır. Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Vaxtilə doğma yurdlarından didərgin düşmüş soydaşlarımız mərhələli şəkildə öz torpaqlarına qayıdır, yeni yaşayış məntəqələri salınır, yollar, məktəblər, xəstəxanalar və digər infrastruktur obyektləri tikilir.
Bu gün Qarabağ yalnız hərbi qələbənin deyil, həm də quruculuğun, dirçəlişin və gələcəyə inamın rəmzinə çevrilir.
     Zəfər Gününün mənəvi və tarixi əhəmiyyəti
     Hər xalqa Zəfər Günü nəsib olmur. Hər dövlət uzun illər davam edən işğala son qoymaq, ərazi bütövlüyünü bərpa etmək və öz suverenliyini təmin etmək qüdrətinə malik olmur. Bunun üçün güclü dövlət, uzaqgörən siyasi rəhbərlik, müasir ordu, milli birlik və ən başlıcası, Vətən sevgisi lazımdır.
    Azərbaycan bütün bu sınaqlardan alnıaçıq çıxdı. Xalqımız çətin günlərdə bir yumruq kimi birləşməyi, dövlətinə və ordusuna arxa-dayaq olmağı bacardı. Əsgər və zabitlərimiz döyüş meydanında qəhrəmanlıq göstərərək tarix yazdılar. Arxa cəbhədə olan milyonlarla insan isə öz dəstəyi, inamı və həmrəyliyi ilə bu qələbənin mənəvi dayağına çevrildi.
    8 Noyabr - Zəfər Günü Azərbaycan tarixində yalnız bir hərbi qələbənin ildönümü deyil. Bu gün milli qürurumuzun, dövlət müstəqilliyimizin, ərazi bütövlüyümüzün və xalqımızın sarsılmaz iradəsinin təntənəsidir. Bu tarix həm də gələcək nəsillərə bir mesajdır: Vətənə sahib çıxmaq, dövlətçiliyi qorumaq və milli birliyi yaşatmaq hər bir vətəndaşın müqəddəs borcudur.
    Zəfərimizin qəhrəmanları olan şəhidlərimizin xatirəsini yaşatmaq, qazilərimizə diqqət və qayğı göstərmək, azad edilmiş torpaqlarımızı yenidən qurmaq və ölkəmizin inkişafına töhfə vermək hər birimizin mənəvi məsuliyyətidir.
    Bu gün Azərbaycan qalib dövlətdir. Lakin qələbənin əsl böyüklüyü yalnız döyüş meydanında qazanılan uğurla ölçülmür. Əsl böyüklük bu qələbəni davamlı sülhə, iqtisadi tərəqqiyə, milli həmrəyliyə və firavan gələcəyə çevirməkdədir. Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri də regionda uzunmüddətli sülhün və təhlükəsizliyin təmin olunmasına töhfə verməkdir.
    Biz tarixdən dərs almalı, dövlətimizin gücünü qorumalı, milli birliyimizi daha da möhkəmləndirməliyik. Çünki Zəfər yalnız keçmişimizin qüruru deyil, gələcəyimizin də məsuliyyətidir.
    Yaşasın müstəqil Azərbaycan!

Anar İsgəndərov
Milli Məclisin deputatı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31