43-cü sessiyasında Milli mülkiyyətlərə aid məsələlər müzakirə edildi - UNESKO-nun Ümumdünya İrs Komitəsində

43-cü sessiyasında Milli mülkiyyətlərə aid məsələlər müzakirə edildi - UNESKO-nun Ümumdünya İrs Komitəsində

Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası işə başlayıb. Sessiya çərçivəsində iyulun 1-də və 2-də dünya irsinin vəziyyəti ilə bağlı plenar iclaslar keçirilib, müvafiq qərarlar qəbul edilib.

Olaylar.az bildirir ki, Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 3-də növbəti plenar iclasla işini davam etdirib. İclasda ilk olaraq milli mülkiyyətlərə aid məsələlər müzakirə olunub.

Sessiyanın sədri, mədəniyyət naziri Əbülfəs Qarayev iclası açaraq müzakirə olunacaq hesabat haqqında məlumat verib və iştirakçıları müzakirələrdə fəal olmağa çağırıb.

İştirakçı ölkələrin nümayəndələri Asiya-Sakit okean regionu, ərəb regionu, Avropa və Şimali Amerika, eləcə də Afrikada yerləşən mədəni mirasın vəziyyətindən söz açıblar. Norveç, Braziliya, Macarıstan, Tanzaniya, Küveyt, Qvatemala, Tunis, Avstraliya, Azərbaycan, Çin və digər ölkələrin təmsilçiləri təqdim olunan hesabatla bağlı fikirlərini bildiriblər.

Azərbaycan Kuba və Çinin Asiya-Sakit okean regionunda yerləşən mədəni mirasın qorunması istiqamətindəki təkliflərini dəstəkləyib. Su mənbələri və atmosferin çirklənməsinin qarşısının alınması üçün qoruyucu tədbirlərin həyata keçirilməsinin zəruriliyi vurğulanıb.

Hindistan ilə Banqladeşin sərhədində yerləşən dünyanın ən böyük manqrov meşəsi olan Sundarbanda elektrik stansiyasının tikintisi ilə bağlı yaranmış vəziyyət də geniş müzakirə olunub. Bildirilib ki, Banqladeş hökumətinin apardığı bu tikinti ətraf mühitə və milli irsə böyük təhlükədir. Bununla bağlı bir çox ölkələr öz fikir və təkliflərini səsləndiriblər.

Qeyd edək ki, meşənin Hindistandakı hissəsi milli park elan edilib və 1997-ci ildə UNESKO-nun Ümumdünya İrsi Siyahısına salınıb.

İclasda bu məsələ ilə bağlı işçi qrup yaradılıb. Qrup günün ikinci yarısında Sundarbanda elektrik stansiyasının tikintisi ilə bağlı qərar layihəsinə dəyişiklik edəcək. Bununla da hesabatın müvafiq bəndinə əlavələr olunacaq və bu məsələyə yenidən baxılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31