Lənkəranda keçirilən Beynəlxalq Teatr Festivalı başa çatdı

Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı çərçivəsində Lənkəran Dövlət Dram Teatrının binasında keçirilən Beynəlxalq Teatr Festivalı başa çatıb. Olaylar.az bildirir ki, Beynəlxalq Teatr Festivalının beşinci - sonuncu günü tamaşaçılara üç səhnə əsəri təqdim olunub.

Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı çərçivəsində Lənkəran Dövlət Dram Teatrının binasında keçirilən Beynəlxalq Teatr Festivalı başa çatıb.

Olaylar.az bildirir ki, Beynəlxalq Teatr Festivalının beşinci - sonuncu günü tamaşaçılara üç səhnə əsəri təqdim olunub.

İlkin olaraq səhnəyə Ərdəbil şəhərinin "Ünvan" Teatrının aktyorları çıxıblar. Onlar tamaşaçılara "Qızıl başmaq" tamaşasını təqdim ediblər. Əli Bəhnunun əsəri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Həsən Şıxzadədir. Beynəlxalq Teatr Festivalının sonuncu günü Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorları ərəb nağılları əsasında səhnəyə qoyulmuş "Əlibaba və qırx quldur" tamaşasını təqdim ediblər.

Klassik nağıl-tamaşaya Şuşa teatrının baş rejissoru, Əməkdar artist Loğman Kərimov quruluş verib, səhnə tərtibatçısı Valeh Məmmədovdur. Birhissəli nağıl-tamaşada rolları Emin Sevdimalıyev (Əlibaba), Gündüz Qasımov (Qasım), Zəhra Salayeva (Zeynəb), Günel İmanova (Fatimə) və başqaları canlandırıblar.

Festivalın son tamaşasını Salyan Dövlət Kukla Teatrı təqdim edib. Teatrın aktyorları tamaşaçıların qarşısına Azərbaycan xalq nağılı əsasında hazırladıqları "Bostançı və Şah Abbas" tamaşası ilə çıxıblar. Tamaşanın quruluşçu rejissoru Rauf Afşarov, rəssamı Xatirə Avşarovadır.

Daha sonra Beynəlxalq Teatr Festivalının bağlanış mərasimi keçirilib.

Mərasimdə çıxış edən Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov, teatrın aparıcı səhnə ustası, Xalq artisti Qabil Quliyev və Mədəniyyət Nazirliyinin nümayəndəsi Könül Əliyeva-Cəfərova 5 gün ərzində festivalın tamaşaçılara xoş anlar yaşatdığını qeyd edərək, təşkilatçılara minnətdarıqlarını bildiriblər.

Beynəlxalq Teatr Festivalının sonuncu günü çıxış edən teatr kollektivlərinə Mədəniyyət Nazirliyinin diplomları təqdim olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31