“Caspian etude” Gənc Pianoçuların I Beynəlxalq Müsabiqəsi başladı
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə “Caspian etude” I Beynəlxalq Gənc Pianoçular Müsabiqəsinin açılış mərasimi olub.
3 İyun 2019 10:53 MədəniyyətBakı Şəhər Mədəniyyət Baş İdarəsi və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə "Caspian etude" I Beynəlxalq Gənc Pianoçular Müsabiqəsinin açılış mərasimi olub.
Olaylar.az bildirir ki, Beynəlxalq Muğam Mərkəzində reallaşan açılış mərasimində Baş İdarənin rəisi Cəlil Məlikov çıxış edərək müsabiqə barədə məlumat verib. Bildirib ki, müsabiqə Azərbaycan bəstəkarlarının yaradıcı irsini, musiqisini tanıtmaq, gənc, istedadlı musiqiçiləri aşkar etmək və dəstəkləmək, aparıcı müəllimlərin yenilikçi ideyalarının və təcrübələrinin mübadiləsi, həmçinin iştirakçı ölkələr arasında beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi məqsədi daşıyır.
Gənc istedadları Joakin Rodriqo adına Valensiya Musiqi Konservatoriyasının professoru Marina Bleyns (İspaniya), Sveşnikov adına Dövlət Akademik Rus Xorunun konsertmeysteri Nikita Volov (Rusiya), tanınmış pianoçu Marko Frey və Azərbaycanın Xalq artisti, beynəlxalq mükafatlar laureatı Murad Hüseynovdan ibarət beynəlxalq münsiflər heyəti qiymətləndirəcək.
Müsabiqədə İsrail, Çin, Rusiya, Ukraynadan olmaqla ümumilikdə 90 iştirakçı yarışacaq. 16 yaşına qədər iştirakçılar arasında, dörd yaş kateqoriyasında keçiriləcək müsabiqədə musiqi və incəsənət məktəblərinin, ixtisaslaşmış musiqi təhsili müəssisələrinin və musiqi kolleclərinin tələbələri iştirak edirlər.
Tədbir müsabiqə iştirakçılarının çıxışlarının dinlənilməsi ilə davam edib.
Qeyd edək ki, iyunun 3-də Muğam Mərkəzində Münsiflər Heyəti üzvlərinin konserti keçiriləcək. Müsabiqənin sonuncu günü, iyunun 4-də Muğam Mərkəzində müsabiqə iştirakçıları tanınmış pianoçuların ustad dərslərində iştirak edəcək. Həmin gün müsabiqənin rəsmi bağlanışı, qaliblərin mükafatlandırma mərasimi və laureatların qala-konserti olacaq.