Lənkəranda Beynəlxalq Teatr Festivalı işə başlayıb
Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində iyunun 1-də Lənkəran Dövlət Dram Teatrının binasında Beynəlxalq Teatr Festivalına start verilib.
3 İyun 2019 10:36 MədəniyyətMədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı çərçivəsində iyunun 1-də Lənkəran Dövlət Dram Teatrının binasında Beynəlxalq Teatr Festivalına start verilib.
Olaylar.az bildirir ki, festivala ölkəmizin 10 sənət ocağı - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Kukla Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Lənkəran Dövlət Dram Teatrı, Bakı Uşaq Teatrı, Qax Dövlət Kukla Teatrı, Şəki Dövlət Dram Teatrı, Salyan Dövlət Kukla Teatrı və müstəqil "Ol" Teatrı öz tamaşaları ilə qatılıblar. Beynəlxalq festivalda, həmçinin Böyük Britaniyanın "Two Destination Language" Teatrı, Gürcüstanın "Azadlıq" Teatrı, İranın "Muğan Hünər" və "Mika" teatrları, habelə "Ünvan" Ərdəbil şəhər teatrının kollektivləri iştirak edirlər.
Teatr truppaları təqdim ediləcək tamaşalara baxmaqla yanaşı, bir-biri ilə sənət mübadiləsi edəcək, Lənkəranın gəzməli-görməli məkanları ilə tanış olacaqlar. Lənkəran Dövlət Dram Teatrının binasında Beynəlxalq Teatr Festivalının açılışı mərasimi keçirilib. Azərbaycan Teatr Xadimləri İttifaqı idarə heyətinin sədri Azərpaşa Nemətov festivalda iştirak edən teatr kollektivlərinə yaradıcılıq uğurları arzulayıb.
"British Council" təşkilatının direktor müavini Nigar Baimova 1992-ci ildən Azərbaycanda fəaliyyət göstərdiklərini qeyd edərək, Cənubi Qafqazda ilk dəfə məhz ölkəmizdə "Near Gone" səhnə əsəri ilə çıxış etdiklərini bildirib. Festivalın birinci günü Lənkəran Dövlət Dram Teatrının aktyorları "Tilsimlənmiş qız" tamaşasını oynayıblar. Tamaşanın quruluşçu-rejissoru Tərlan Abdullayev, quruluşçu-rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Günün ikinci yarısında isə Böyük Britaniyanın "Two Destination Language" Teatrının "Near Gone" adlı səhnə əsəri tamaşaçılara təqdim olunub.
Müstəqil "Ol" Teatrının aktyorları festivala xalq nağılının motivləri əsasında hazırlanmış "Cəsur şahzadə Məlikməmmədin nağılı" adlı tamaşa ilə çıxacaqlar. Tamaşanın quruluşçu-rejissoru Namiq Ağayev, quruluşçu-rəssam Xuraman Azəri, musiqi tərtibatçısı Əfsanə Bağırovadır.
Bakı Uşaq Teatrı isə "Göyçək Fatma"nı təqdim edəcək. Əməkdar artist İntiqam Soltanın səhnəyə qoyduğu nağıl-tamaşanın quruluşçu-rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynlidir.
Beynəlxalq Teatr Festivalı iyunun 5-dək davam edəcək.