Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyinə həsr edilmiş tədbir
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyi münasibətilə tədbir keçirilib. Olaylar.az bildirir ki, tədbir Prezident İlham Əliyevin görkəmli ədibin 100 illik yubileyinin qeyd olunması haqqında imzaladığı müvafiq Sərəncam əsasında hazırlanmış tədbirlər planına uyğun olaraq təşkil edilib.
31 May 2019 10:47 MədəniyyətM.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illiyi münasibətilə tədbir keçirilib.
Olaylar.az bildirir ki, tədbir Prezident İlham Əliyevin görkəmli ədibin 100 illik yubileyinin qeyd olunması haqqında imzaladığı müvafiq Sərəncam əsasında hazırlanmış tədbirlər planına uyğun olaraq təşkil edilib.
Mərasimdə dövlət rəsmiləri, ədəbiyyat, mədəniyyət, incəsənət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qonaqlar əvvəlcə Filarmoniyanın foyesində İsmayıl Şıxlının həyat və fəaliyyətindən bəhs edən foto və əsərlərinin nümayiş olunduğu kitab sərgisi ilə tanış olublar.
Tədbirdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev dövlətimizin mədəniyyət və incəsənət, elm xadimlərinə olan diqqət və qayğıdan danışaraq Prezident İlham Əliyevin İsmayıl Şıxlının yubileyinin keçirilməsi haqqında Sərəncamını xatırladıb.
Təhsil naziri Ceyhun Bayramov çıxış edərək İsmayıl Şıxlının Azərbaycan ədəbiyyatı tarixindəki mövqeyindən, zəngin bədii yaradıcılığından danışıb. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar yaradıcılığa təzə başlayan gənclərin həmişə dayağı olmuş İsmayıl Şıxlını böyük yazıçı və sözübütöv, mərd, cəsarətli bir insan kimi xarakterizə edib. Milli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axundova, Xalq yazıçısı Çingiz Abdullayev, Xalq şairi Ramiz Rövşən İsmayıl Şıxlı haqqında xatirələrini bölüşüblər. Bildiriblər ki, o, öz təbiiliyi, kişi xarakteri, mərdliyi və özünəməxsusluğu ilə xalq arasında böyük nüfuz qazanıb. İsmayıl Şıxlı bu gün də bizim üçün əsl vətəndaş, əsl kişi, əsl ziyalı nümunəsidir.
Sonra görkəmli yazıçının həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Əsərlərindən parçalar səsləndirilib.