Bakı platforması dünyanın sülh şəraitində yaşamasını təlqin edir- FORUM
Mayın 3 - də Bakı Konqres Mərkəzində "Gənclər və mədəniyyətlərarası liderlik" mövzusunda ikinci plenar sessiya keçirilib.
3 May 2019 14:33 MədəniyyətBakıda keçirilən V Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində plenar sessiyalar davam edir. Mayın 3 - də Bakı Konqres Mərkəzində "Gənclər və mədəniyyətlərarası liderlik" mövzusunda ikinci plenar sessiya keçirilib. BMT-nin Sivilizasiyalar Alyansının təşkilatçılığı ilə baş tutan plenar sessiyada "Gənclər sülh naminə: şiddətli ekstremizmə qarşı əks qüvvənin formalaşdırılması istiqamətində BMT Ali nümayəndəsi ilə müzakirə məsələləri ətrafında çıxışlar, məruzələr olub.
Plenar sessiyada çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva deyib ki, bu platforma dünyanın sülh şəraitində yaşamasını təlqin edir. Leyla Əliyeva bildirib ki, gənclərin dialoqa olan yaxınlığı bizim hamımızı sülhə istiqamətləndirir: "Gənclərə daha çox dəstək olmalıyıq ki, onların beynəlxalq platformalarda iştirak səviyyəsi artsın. Gənclər inkişafın təcəssümüdür. Gəlin hamılıqla gənclərə dəstək göstərək". Leyla Əliyeva qeyd edib ki, maddi dünya heç də uğur demək deyil: "Gənclərlə yanaşı uşaqlara da dəstək olmalıyıq. Xüsusilə, xüsusi qayğıya ehtiyacı olan uşaqlara yaxından dəstək göstərməliyik. Hamılıqla sizləri onlara dəstək göstərməyə çağırıram".
BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinos deyib ki, bu kimi müzakirələr problemləri dinləyib üzə çıxarmaq, onların həllinə nail olmaq istiqamətində mühüm vasitədir. Müzakirələrin əksər hallarda həmin problemlərin həllinə yol açdığını deyən BMT rəsmisi xüsusilə gənclərin bu cür toplantılarda fəal olmasını arulayıb: "Çünki əksər hallarda gənclər ekstremist qüvvələrin hədəfinə və ya qurbanına çevrilir, onların təsirlərinə düşürlər". Somalidəki könüllülər qrupunun nümayəndəsi Najma Ahmed Huseyin deyib ki, Somalidə həyata keçirilən ən mühüm addımlardan biri bu ölkədə radio müzakirələrin təşkil edilməsi olub. O, deyib ki, gənclər və qadınların həmin radio müzakirələrdə fəallığı artırılıb. Şimali İraqda həyata keçirilən icma layihələrinin iştirakçısı Sarah Markişız əsasən gənclərin savadlılığının artırılması, sağlam cəmiyyətin formalaşdırılması istiqamətində çalışdıqlarını deyib. Səlim Çerkau isə əsasən həbsxanalarda cəza çəkən gənclərlə görüşdüyünü, onların nədən cinayət və intihara əl atdıqlarını araşdırdığını deyib. O, bildirib ki, araşdırma zamanı bir sıra mühüm məqamlar üzə çıxarıb. Onun sözlərinə görə həbsxanada əsas diqqət edilməli olan məqam ümiddir. Yalnız ümid şəxsin həbsxanadan çıxmasına dəstək ola bilər. Pakistan Gənclər Alyansının təmsilçisi Seyid Əli Abbas Səidi ölkələrində həyata keçirdikləri sosial layihələrdən danışıb.
Plenar sessiya müddətində çıxış edən digər natiqlər də gənclərin sülh prosesindəki fəallığı və buna yönəlik fəaliyyətlərdən danışıb.
S.İsmayılbəyli