Yunus Oğuz və ya tarixi romanın müasir ustası
Nizami Cəfərov, akademik, millət vəkili
21 Dekabr 2018 11:16 MədəniyyətNizami Cəfərov,
akademik,
millət vəkili
Azərbaycan ədəbiyyatında tarixi roman janrının təşəkkülünün çox zəngin ideya- estetik qaynaqlara əsaslandığı barədə kifayət qədər aydın, müfəssəl elmi qənaət mövcuddur. Həmin qənaətin mahiyyətinə gəldikdə onu deyə bilərik ki, Azərbaycan mədəni- ictimai fikrində Tarix həmişə möhtəşəm epik vüsəti ilə iştirak edib öz mükəmməl süjetləri, çoxsaylı motivləri və epoxal qəhrəmanları ilə elə bir ciddi etnoqrafik yaddaş struktur- sisteminə çevrilib ki, tarixi romançı əlinə qələm almaq fikrinə düşəndə ilk növbədə həmin yaddaş struktur- sistemi ilə hesablaşmağa məcburdur. Və ən asan yol tarixi mövcud kütləvi təsəsvvürlər (və etnoqrafik yaddaş!) miqyasında "köçürmək"dən ibarətdir ki, bu zaman yazıçının uğurunu (və romanın populyarlığını) təmin edən əsas cəhət müəllifin "təhkiyeyi- kəlam"ı, başqa sözlə, dil-üslub maneralarıdır. Fikrimizcə, Azərbaycan tarixi romanlarında bu istiqamət həmişə aparıcı olsa da, daha bir neçə yaradıcılıq "təmayül"ü də mövcuddur ki, buraya ilk növbədə aşağıdakılar aiddir:
elmi- analitik, siyasi- ideoloji və fəlsəfi "təmayül"lər.
Yazıçı Yunus Oğuzun bu günə qədər nəşr olunmuş tarixi romanlarında həmin yaradıcılıq- üslub "təmayül"lərinin, demək olar ki, hamısına təsadüf edilir, lakin müəllif daha çox fəlsəfi ümumiləşdirməyə- tarixin fəlsəfi dərkinə çalışır. Və yazıçının tarix fəlsəfəsinin məğzində "tarixdə bu günü, bu gündə tarixi axtarmaq" kimi kifayət qədər əsaslı bir metod dayanır ki, bu metod Yunus Oğuzun ümumən yaradıcı təfəkkürünü dəyərləndirmək baxımından olduqca səciyyəvi sayıla bilər.
Mərhum tənqidçi-ədəbiyyatşünas Sabir Bəşirov "Yunus Oğuz: elmi təfəkkürlə bədii təfəkkürün vəhdəti" kitabında yazır;
"Milli azadlıq hərəkatının yetirmələrindən, fəal iştirakçılarından biri də Yunus Oğuzdur. Ancaq yaxşı ki, o, siyasət bataqlığına girmədi, siyasət oyunlarında iştirak etmədi, elmi araşdırmalarının arasını kəsmədi. Bu gün biz Yunus Oğuzu iki cəhətdən qiymətləndiririk: ümumtürk və onun tərkib hissəsi kimi Azərbaycan tarixinin ciddi araşdırıcısı, tarixin qaranlıq məqamlarını, mübahisəli məsələlərini tədqiq edən, yeni fikir söyləyən ciddi tədqiqatçı- tarixçi- türkoloq və çox istedadlı yazıçı kimi..."
O, tarixi romana "Nadir şah"la gəldi... Ancaq ilk povesti olan "Qadın ulduzu"nda da həm tarix, həm bu gün, həm də gələcək vardı: "...Meydan guruldayırdı. Deməli, özünüdərketmə başlayırdı. Heç kim bilmirdi sabah nə olacaq. Meydan guruldayırdı. Qabaqda isə hələ sabah vardı..." Ümumiyyətlə, "Nadir şah"a qədər qələmə aldığı əsərlər - şeirlər, "Atilla" dramı, eləcə də "Türkün tarixinə yeni bir baxış" və s. Yunus Oğuz yaradıcılığının "tarixəqədərki mərhələ"sidir. Və heç şübhəsiz, janr axtarışları ilə zəngin olan bu mərhələ olmasaydı, görünür, "tarixi mərhələ"də istər ideya- məzmun, istərsə də üslub- forma baxımından bu qədər məhsuldar olmazdı.
Yunus Oğuzun Azərbaycan, ümumən türk tarixinə fəlsəfi- analitik baxışı "Nadir şah" romanında nəinki aydın, hətta çox parlaq bir şəkildə əks olunmuş, Nadir şahın dövrü, xüsusilə xalq arasından çıxmış son dərəcədə istedadlı bir şəxsiyyəti hakimiyyət zirvəsinə gətirib çıxaran tarixi şərait, Eləcə də Nadir şahdan sonra Azərbaycanın düşdüyü sosial- siyasi vəziyyəti dərindən təhlil edilib.
Müqayisənin nə qədər yerinə düşüb- düşmədiyi üzərində mübahisə etmək üçün hər cür əsas olsa da, demək istərdik ki, "Nadir şah"la Azərbayucan tarixi romanşünaslığının korifeyi M. S. Ordubadinin əsərləri arasında müəyyən yaxınlıq sələf-xələf münasibəti vardır. Və hətta bizə elə gəlir ki, Yunus Oğuz bir sıra baxımlardan öz böyük sələfinin unudulmaqda olan yaradıcılıq maneralarını dirçəldir. Əsas odur ki, M. S. Ordubadi kimi Yunus Oğuz da dövrün tarixini bir tədqiqatçı olaraq öyrəndikdən sonra əlinə qələm alıb. Yəni hər iki halda məqsəd o deyil ki, öz "tarix fəlsəfə"ni tarixə "sırıyasan" (bu elə tarixi "köçürmək"kimi bir şeydir) , əksinə, M. S. Ordubadinin yaradıcılıq təcrübəsində tarix (onun hansısa dövrü) danışmağa, öz "yaddaş"ını qurdalamağa, məcbur edilir ki, Yunus Oğuz da bu yolla gedir... "Nadir şah" müəllifi yaxşı bilir ki, onun hökmdar qəhrəmanının- Nadir şahın daimi, ardıcıl, davamlı oturduğu stabil paytaxtı olmayıb, onun oturduğu yer at beli idi. Odur ki, Nadir şah Azərbaycanın coğrafiyasının hər yerinə paytaxt kimi baxırdı.Və onu Şah İsmayıl Xətaidən sonrakı Səfəvi hökmdarlarından fərqləndirən ən mühüm xüsusiyyətlərindən biri də bu idi...Hətta Şah İsmayıl Xətainin də paytaxtı vardı, ancaq şərti səciyyə daşıyırdı. Çünki Azərbaycan Səfəvi dövlətinin yaradıcısı hökmünü xalqının tarixən məskunlaşdığı bütün coğrafiyaya yaymaq istəyirdi. Və bunu bacarmışdı.
Nadir şah Səfəvi nəslinə mənsub deyildi, lakin o, Şah İsmayılı xatırladır. Hətta romanın ideya- estetik əhvali-ruhiyyəsindən hiss edilir ki, Nadir şah bəzi sahələrdə öz dahi sələfindən də üstündür... Bu günə qədər bizim elə bir tarixi romanımız olmamışdır ki, orada bu qədər toponimik materiala müraciət edilsin. Bunu yalnız müəllifin erudisiyasıilə bağlamaq düzgün olmazdı. Hüç şübhəsiz, ilk növbədə, romanın qəhrəmanının "xidmətidir" ki, Azərbaycanın tarixi coğrafiyası həmin müfəssəliklə xatırlanır. Və Nadir şahı səciyyələndirən özünəməxsus bir obrazlılıq mühiti yaradır... Yeri gəlmişkən deməliyik ki, bu özünəməxsus obraxlılıq çox vacibdir: bu gün hər bir azərbaycanlının təsəvvüründə Vətənin tarixi coğrafiyası bütün miqyası ilə əks olunmalı, hər bir məntəqəsi barədə aydın məlumat öz əksini tapmalıdır. Əks təqdirdə illər boyu Azərbaycan insanının beyninə yeridilmiş Vətən coğrafiyasının məhdudluğu sindromu həmişə olduğu kimi gələcəkdə də öz işinə görə, Vətənin tarixi miqyası barədəki məlumat məhdudluğu ümumən Vətən barədəki təsəvvür məhdudluğuna çevrilə bilər...
M. S. Ordubadidən gələn bir romançılıq ənənəsi də ondan ibarətdir ki, hadisələrin təsvirində macəraçılığa geniş yer verilir. Və fikrimizcə, buna həm ona görə ehtiyac var ki, əsər maraqla oxunsun, həm də saray mühitinin özü bu cür macəraçılığı zəruri edir...
"Nadir şah" romanında hakimiyyət və xalq problemi dövrün xarakterini açan konkret detallarla işlənib. Xüsusilə ordu, yaxud vergi yığılması məsələləri üzərində dayanan müəllif Azərbaycan cəmiyyətinin həmin öhdəliklərlə bağlı reaksiyasına ayrıca diqqəq yetirib ki, bu, romana, siyasi- ideoloji məzmun- mündərəcə gətirməklə onun tarixilik dəyərini xeyli yüksəldib. Yunus Oğuzun "Nadir şah" ının ən üstün cəhətlərindən biri Nadir şah hökmranlığının tarixinin Azərbaycanın ümumi tarixi fonunda təqdim edilməsidir.
Elə tarixçilər var ki, onlar Nadiri Səfəvi xanədanını devirməkdə, hakimiyyəti qeyri-qanuni ələ keçirməkdə günahlandırırlar, ancaq Yunus Oğuz Səfəvilərin son hökmdarı Təhmasib şahın həyat tərzini, məişətini, ümumən Səfəvilərin son dövrlərdə gəlib düşdüyü siyasi, mənəvi-ruhi vəziyyəti dərindən təhlil- təsvir etməklə, nəinki xalqdan, hətta babalarının qoyduğu ənənələrdən uzaqlaşdıqlarını xatırlatmaqla, Nadirin hakimiyyət iddialarına haqq qazandırır. Əlbəttə, Səfəvilər Azərbaycan tarixində heç bir xanədanla müqayisə olunmayacaq qədər möhtəşəm (və xalqın taleyi baxımından mütərəqqi) rol oynamışlar. Lakin tədricən paytaxtın İranın işərilərinə çəkilməsi, farsların saraya ayaq açaraq idarəçilikdə təmsil olunmaları, nəticə etibarilə, Azərbaycan dövlətinin mahiyyətcə İran dövlətinə çevrilməsinə səbəb oldu. Və belə bir vəziyyətdə Avşar tayfasından çıxmış Nadirin hakimiyyətə yiyələnməsi bir uzurpatorluq, xalqın (və tarixin!) ziddinə bir hərəkət deyildi... Ancaq Yunus Oğuz bütün hallarda obyektiv tarixçidir: nəzərdən qaçırmır ki, Nadir şahın gücü milli bir dövlət qurmağa çatsa da, onu idarə etməyə, zəruri dövlət təsissatlarını yaradıb təkmilləşdirməyə, kifayət qədər mükəmməl təcrübəyə dayanıb yeni dövlətçilik ənənələri yaratmağa çatmadı. O hər məsələyə hərbi-strateji mövqedən yanaşırdı, ölkənin sülh şəraitində yaşamasını təmin etmək onun işi deyildi. Odur ki, apardığı müharibələrdə fasilə əmələ gələn kimi Nadir şah dərhal yeni müharibə barədə düşünməyə, tədbir tökməyə başlayırdı. Və bunun nəticəsi idi ki, Hindistana hücum etdi, Rusiyaya təzyiq göstərmək üçün Orta Asiyay müdaxilə elədi...
Romanın üstün cəhətidir ki, müəllif təsvir etdiyi hadisələrdə yalnız təfərrüata varmaqla bədii-estetik effect yaratmaq məqsədi güdmür, daha çox bu maraqlı, oxunaqlı, hətta ibrətamiz təfərrüat kontekstində öz qəhrəmanının - dahi sərkərdənin xarakterinin təfsilatlarına diqqəti çəkməklə onun s haqqındakı təsəvvürü ustalıqla tamamlamış olur.
Yazıçı-tarixçi haqlıdır ki, Nadir şahın faciəsi artıq köhnəlmiş, yeni dövrün tələblərinə cavab verməyən dövlət idarəçilik üsulunun bataqlığınan çıxa bilməməsində idi. Və təsadüfü deyil ki, Səfəvilərin düşdükləri intriqalı, macəralı saray mühiti axırda Nadir şahı da öz ağuşuna alır.
Yunus Oğuz Nadir şah obrazını tarixi həqiqətləri zədələmədən, təhrif eləmədən, intellektual məsuliyyətlə, eyni zamanda vətəndaşlıq qüruru ilə, sevə-sevə, fəxr edə-edə yaradıb. Bu ondan da görünür ki, müəllif Nadir şahın simasında Azərbaycan xalqının yüksəlişinə az və ya çox dərəcədə xidmət etmiş, demək olar ki, bütün tarixi şəxsiyyətlərin fəaliyyətlərindəki, mübarizələrindəki (eləcə də səhvlərindəki!) xarakterik cəhətləri epik bir vüsətlə birləşdirib ifadə etməyə çalışır.
"Nadir şah" tarixi coğrafiyası nə qədər genişliyi ilə əhatə olunsa da, yalnız Azərbaycan miqyaslı bir əsər deyil. XVIII əsrin birinci yarısında Azərbaycanın siyasi taleyinə təsir edən beynəlxalq münasibətlər romanda həm tarixi sənəd dəqiqliyi, həm də ideya- estetik ümumiləşdirmələrlə əks etdirilir. Osmanlı hökmdarlarının, sərkərdələrinin, Rusiya çar sarayının, Avropa diplomatiyasının Azərbaycanda baş verən hadisələrə öz siyasi maraqları mövqeyindən müdaxilələri, eləcə də Nadir şahın həmin müdaxilələrə münasibəti, bəzən olduqca emosional reaksiyaları, yaxud istehzaları istər tarixi fakt, istərsə də bədii detal olaraq maraq doğurur. Nadir şah əmindir ki, Osmanlılarla əlaqələrin qaydaya salınması, əbədi sülhün, qardaşlıq inam- etibarının bərqərar edirlməsi nəinki zəruridir, həm də bu münasibət elə olmalıdır ki, nə Rusiya, nə də Qərbi Avropa dövlətləri həmin münasibətə müdaxilə etmək iddiasınma düşməkdən çəkinməsinlər.
XVII, xüsusilə XVIII əsr Azərbaycan dilinin, ədəbiyyatının, incəsənətinin, ümumən mədəniyyətinin İntibah dövrüdür. Romanda dövrün bu səciyyəvi xüsusiyyəti də əks olunub. Məsələn, Nadir şahın oğlunun toyunda Xəstə Qasım iştirak edir, qaval daş dilləndirilir və s. Əslində, romanın bədii intonasiyasına da bir dastançılıq, epos ruhu hakimdir. Və orası da maraqlıdır ki, əsərin baş qəhrəmanı mifikləşdirilir, onun adi adam olmadığı, qədim türk ərənləri kimi məhz Boz Qurdun himayəsi altında hərəkət etdiyi göstərilir... Bununla belə, "Nadir şah" ciddi tarixci düşüncəsinin, daha doğrusu, tarixə fəlsəfi baxışın məhsulu olaraq qalır. Və Yunus Oğuz "Nadir şah"da bizə xalqımızın tarixini təfsilatı ilə danışmağa başladığını (və bunu istedadla bacardığını) göstərir.
***
"Nadir şah"dan sonra Yunus Oğuz "Təhmasib şah"ı qələmə aldı. Və bu romanın ortaya çıması, ilk növbədə, onunla əlamətdar idi ki, tarixşünaslıqda o qədər də diqqət verilməyən bir dövrə müraciət olundu. Tarixi romanlar yazanlarımız da Səfəvilərdən bəhs edərkən, bir qayda olaraq, bu möhtəşəm imperiyanın qurucusu haqqında danışmaqla kifayətlənmişdilər... Yunus Oğuz da "söhbət"ə I Şah İsmayıldan, daha doğrusu dahi dövlət adamının vəfatından başlayır. Və "söhbət"in - romanın təhkiyəsində elə ilk məqamlardan özünü göstərən dastan intonasiyası, demək olar ki, sonacan davam edir. Bu həm də dövrün sosial- ideoloji stixiyasının, mənəvi ab-havasının daha təfsilatı ilə əks olunmasına xidmət edən müəllif üslub- iddiasıdır ki, "Təhmasib şah"dan əvvəl "Nadir şah" da təcrübədən keçirilmiş, kifayət qədər uğurlu alınmışdı. Və Yunus Oğuzun tarixi roman yaradıcılığında başqa bir üslub təcrübəsi də vardı ki, bu da dastan intonasiyasına tarixi faktların bol- bol daxil edilməsindən ibarət idi. Fikrimizcə, bədii təxəyyülə dəqiq tarixi xronologiyanın eyni bir süjetdə harmonik iştirakına nail olmaq baxımından "Təhmasib şah" "Nadir şah"dan daha mükəmməl alındı.
Təhmasib hələ yeniyetmə olarkən, yəni on yaşında şah elan edilir. Və öz missiyasını yalnız bir neçə ildən sonra - on üç- on dörd yaşlarında yerinə yetirməyə başlayır... Yazıçı öz qəhrəmanının hadisələrə çox gənc yaşlarından müdaxilə etməyə başlamasını iki səbəblə şərtləndirir: birincisi odur ki, Təhmasib Şah İsmayılın genini daşıyırdı, onun dahi sələfi də təxminən həmin yaşlarında hakimiyyətə gəlmiş və tezliklə dövlət idarəçiliyi, lider istedadı nümayiş etdirmişdi; ikincisi isə, Təhmasib uşaq yaşlarından Səfəvilər sarayında mükəmməl məktəb keçmiş, lələ tərbiyəsi almış, taxt-tac üçün hazırlanmışdı... Təhmasib şah çox gənc ikən anlayır ki, onu əhatə edən saray mühiti intriqalar içərisində nəfəs ala, dövlətin (və xalqın) mənafeyi naminə qərarlar qəbul edə, həmin qərarları həyata keçirə bilməz. Dərk etməyə başlayır ki, hətta ona tərbiyə verib hakimiyyət üçün hazırlayanlar da öz şəxsi maraqlarının, iddialarının əsiridirlər...Şah İsmayılın geni hərəkətə gəlir. Və bu "ilahi" genin tam miqyası (və missiyası!) ilə hərəkətinə stimul verən Ərdəbil şeyxləridir ki, onlar əslində, Səfəvilər sülaləsinin (və dövlətinin) həm mifik, həm də gerçək hamiləridir. Bu, o ilahi güc (və hamilikdir) ki, vaxtilə Şah İsmayılı ortaya çıxarmışdı, indi də Təhmasib şahda "təcəlla" edir.
Yunus Oğuzun Təhmasib şahı Azərbaycanın bütövlüyü ideyasının daşıyıcısı kimi təqdim etməkdə nə dərəcədə haqlı olub-olmaması barədə mübahisə etmək olar, ancaq orası mübahisəsizdir ki, Təhmasib şah, Şah İsmayıldan fərqli olaraq, müharibələrdə iştirak edən, qılıncçalan bir qəhrəmandan çox, sufi- dərviş ideologiyası ilə mühafizə olunan bir ideya qəhrəmanıdır. Halbuki "Nadir şah"ın (və Yunus Oğuzun) qəhrəmanı da məhz qılınc qəhrəmanı idi... Bu baxımdan həm "Təhmasib şah" romanı, həm də Təhmasib şah obrazı nəinki müəllifin yaradıcılığı, ümumən Azərbaycan tarixi romançılığı üçün kifayət qədər orijinal hadisədir... Başqa bir orijinallıq isə roman müəllifinin "Nadir şah"dan da irəli gedərək Azərbaycanın tarixi bütövlüyü məsələsini etnocoğrafi dəqiqliyi ilə ortaya çıxarmasında, milli siyasi- ideoloji yaddaşı təzələməsindədir... Nəzərə alsaq ki, bu günə qədər Azərbaycan xalqının tarixən məskunlaşdığı ərazi müxtəlif dövlətlərin tərkibinə daxildir, həmin problemin köklərinin müəyyənləşdirilməsi yalnız Azərbaycan tarixşünaslığının deyil, həm də Azərbaycan ədəbiyyatının elə bir mənəvi- ideoloji borcudur ki, əsrlər boyu "diqqətdən kənarda qalmasına" görə bu gün daha miqyaslı (və daha israrlı!) bir şəkildə ictimailəşdirilsin.
Yunus Oğuzun qələmi "Təhmasib şah"da nə qədər tarixdirsə, o qədər də müasirdir.
Təhmasib şah Azərbaycanın bütövlüyü uğrunda mübarizəyə mərkəzdən - Səfəvilər sarayından başlayır. Ona görə belə bir ehtiyac vardı ki, müxtəlif türk- Azərbaycan tayfaları (ustaclı, şamlı, qacar, zülqədar və b. ) öz "problemlər"ini məhz sarayda ( və məhz öz adamları hesabına) həll etməyə adət eləmişdilər. Tayfa ziddiyyətləri imkan vermirdi ki, milli bütövlük "yuxarı"dan (Azərbaycan türk elitasından) "aşağı"ya (Azərbaycan türklərinə) qədər təmin edilsin. Yunus Oğuzun "Təhmasib şah"ı bu məqamda "Kitabi- Dədə Qorqud" la səsləşir... Və "Təhmasib şah" müəllifinin "Kitab"a sədaqətidir ki, Təhmasib şah müxtəlif (və hakimiyyətə iddialı!) tayfaları bir xalq halında dərhal "birləşdirmir". Halbuki Səfəvi hökmdarının nəzəri olaraq belə bir imkanı vardı, Yunus Oğuzun yazıçı təxəyyülü də buna qadir idi. Lakin bu, tarixə təzyiq olardı ki, müəllifin tarixə münasibətdəki obyektiv mövqeyinə hər hansı halda xələl gətirərdi... Ona görə də roman müəllifi özünün milli bütövlük ideyasını Azərbaycan türk tayfalarının süni olaraq "birləşdirmək"də deyil, etnik təbi- tarixi bütövlük zərurətinə mane olan süni səbəblərin aydınlaşdırılmasında ifadə edir ki, tamamilə tarixi, obyektiv və təbiidir.
Əlbəttə, türk dünyası orta əsrlərin sonuna etnik- siyasi baxımdan kifayət qədərdiferensial vəziyyətdə gəlib çıxmışdı, lakin bu "daxili" diferensiallığı "xarici" inteqrativ münasibət bir sıra səbəblərə görə nəinki qəbul etmək istəmir, eyni zamanda mövcud tarixi "ziddiyyət"dən sui-istifadə edilməsi üçün müəyyən şərait yaradırdı.Özünü Qaraqoyunluların, Ağqoyunluların varisi sayan Səfəvilər Şərqdə Cağataylılar, Qərbdə isə Osmanlılarla siyasi rəqabətdə idilər ki, həmin rəqabət əsrlər boyu müxtəlif şərtlər altında Şərqdən Qərbə "axan" türk tayfalar üçün bir sıra baxımlardan anlaşılmaz görünürdü.
Cahan dövləti ideyasını mənimsəmiş ümumən müsəlman tarixi ənənələrinə, hətta xəlifəlik institutuna belə yiyə durmuş Osmanlılara qarşı müqavimət göstərən Qərbi Avropanın Səfəvilərdən istifadə etmək "təcrübə"si roman müəllifinin nəzərindən qaçmadığı kimi, Azərbaycanın bütövlüyünə mane olan "Şirvan separatizmi"nin də üzərindən ona görə keçilmir ki, tarix məhz necə varsa o cür təqdim olunsun... Bu, heç şübhəsiz, Yunus Oğuzun intellektual cəsarətidir ki, türk tarixinin yalnız uğurlarını, fəxr olunacaq məqamlarını deyil, həm də təəssüf doğuracaq tərəflərini də bütün kəskinliyi ilə göstərir.
Tarixdən məlumdur ki, Sultan Süleyman Qanuni dörd dəfə Azərbaycana hücum edərək Səfəvilərin paytaxtı Təbrizi tutsa da dördündə də çox keçmədən geri qayıtmalı olmuşdur. Və o da məlumdur ki, Səfəvilərin hərbi imkanları dünyaya meydan oxuyan (strateji məqsədləri Qərbi Avropanı diz çökməyə məcbur etməkdən ibarət olan!) Osmanlı ilə müqayisə edilə bilməzdi. Lakin Səfəvilər peşəkar ordudan çox, xalqın hərbi şücaətinə əsaslanaraq öz siyasi varlıqlarını göstərməyə çalışırdılar ki, Təhmasib şahın təcrübəsində Yunus Oğuz bu cəhətə xüsusi diqqət yetirmişdir. Belə ki, xalq bütövlükdə illərlə yaşadığı torpaqları, xüsusilə Təbrizi tərk edib gedirsə, öz əmlakını, təsərrüffatını buraxıb, sonra qayıdaraq yenidən bərpa edirsə, bu, Təhmasib şaha inamın ifadəsidir.Çünki o, təkcə siyasi lider deyil, həm də (və daha çox!) Şeyx Cüneyd, Şeyx Heydər və Şah İsmayılın varisidir, şeyx- sufi- dərvişlərin öndəgedənidir. Və Təhmasib şah bu missiyanı yalnız öz-özlüyündə, yaxud özünə qapanmaqla, tam mistik "texnologiyalar"la təzahür etdirmir, ölkənin mənəvi-ruhi bütövlüyünü (və müstəqilliyini) təmsil edən dərviş- ruhanilərlə görüşlərin, məsləhətləşmələri ilə gerçəkləşdirir... Sultan Süleymanın hücumları o qədər sürətlə baş verir ki, Təbriz əhalisini şəhərdən çıxarmaq mümkün olmur, lakin dövlət idarəçiliyinin "mistika"sı yaxud şeyx- sufi- dərviş himayəçiliyi dərhal köməyə gəlir: şəhəri duman bürüyür, yağış yağır... Bununla da Təbiət rəqibə başa salır ki, hərbi cəhətdən nə qədər güclü olsan da, bura sənin yerin deyil, buranın öz ssahibləri, "yiyələr"i var...
"Təhmasib şah" müəllifi əmindir ki, Şah İsmayılın övladlarının heç də hamısına ölkəyə sahiblik, yaxud "yiyəlik" missiyası verilməmişdi. Nə Sam Mirzə, nə də xüsusilə hakimiyyəti hər cür üsulla ələ keçirmək istəyən Əlqas Mirzə şahlıq taxtına layiq deyildilər. Çünki Səfəvilərdə şahlıq institutu xalqın ən "aşağı" təbəqsinə enməkdən başlayır, əgər o dərinliyə enə bilmirsənsə bu ucalığa yüksələ bilməzsən... Və Yunus Oğuzun "Təhmasib şah"da əsas ideya- estetik kəşfi də, şəksiz bundan ibarətdir. Lakin bizim tariximizlə yanaşı tarixşünaslığımızın da faciəsidir ki, illərlə gecikdiyimizdən bu gün hər addımda "kəşf" etməyə məcburuq...
***
Səfəvilərdən sonra Yunus Oğuzun Əmir Teymur mövzusuna keçməsi ona görə təsadüfi sayıla bilməz ki, yazıçı- tarixçi- filosofun yaradıcı təfəkküründə hələ ilk əsərlərindən aydın cizgiləri ilə seçilən elə bir "türk bütövlüy"ü var ki, onu həm inteqrativ, həm ə diferensial dərk (və təfsir!) eləmıək gücündədir. Odur ki, Əmir Teymurdan yalnız çox yox, həm də çox dəyərli əsərlər yazıldığına görə zaman Yunus Oğuzun qarşısına böyük "maneələr" çıxarmış olsa da, o öz yazıçılıq inersiyasında ( və iddiasından) geri durmayıb öz "Əmr Teymur"unu yazdı. Və elə bilirik ki, səhv eləmədi... Yunus Oğuzun Əmir Teymuru həm həyatın bir insan taleyinə verdiyi təsadüflərin, həm də onu hakimiyyət zirvələrinə qaldıracaq tale metafizikanın ( və mistikasının!) təzahürüdür. əsas odur ki, Yunus Oğuzun Əmir Teymurun da insan şəxsiyyət olmaq naminə həyatındakı təsadüflərdən imtina edərək həmin metafizik (və mistik!) məqsədə can atmaq qabiliyyətinə (və nəticə etibarilə, istedadına!) yiyələnə bilər... "Əmr Teymur"un müəllifi öz qəhrəmanının həyatındakı təsadüfləri ona görə bol- bol təqdim edir ki, bu "bolluğ"un qəhrəmanın taleyi üçün, demək olar ki, heç bir əhəmiyyət daşımadığına oxucunu əks effektlə inandırsın. Hakimiyyətə xalq içərisindən gəlmiş şəxsiyyətin "tərcümeyi-hal"ını Yunus Oğuz "Nadir şah"da da vermişdi. Ancaq təbii ki, Nadir şahın öz miqyası, Əmir Teymurun öz miqyası vardı. Və aqibətləri də tamamilə fərqli olmuşdu.
Əsas o deyil ki, Əmir Teymur hökmdar nəslindən və sülaləsindən çıxmamışdı, əsas o idi ki, bu dahi şəxsiyyət həmin nəsilləri və ya sülalələri yetirən mükəmməl bir etnosun törəməsi idi. Əmir Teymur ona görə hakimiyyət nərdivanının ən yüksək pillələrinə yüksələ bilir ki, o, mənsub olduğu etnosun (və bu etnosun tarixi taleyinin) həm bilavasitə, həm də "dolayısı"ilə himayəsindədir. Lakin hər cür himayənin hüdudları vardır... Əmir Teymuru əhatə etmiş "məsləhətçi"lər nəinki onu bir dövlət başçısı kimi müdafiə etməyə, əgər ümidləri doğrultmasa hakimiyyətdən uzaqlaşdırmağa da qadır olduqlarına görə əsas məsələ hökmdarın şəxsiyyətində yox, onun şəxsiyyətinin nə dərəcədə hökmdarlıq tələblərinə cavab verib- verməməsindədir. Yəni tarixi şəraitin ( və həmin şərait üzərində hakim olan türk dövlət idarəçiliyi ənənəsinin) hökmü hökmdarlıqdan müqayisə edilməyəcək qədər yüksəkdə dayanmaqla hakimiyyət iddialarına elə məhdudiyyətlər qoyur ki, iddiaçıların taleyi, həqiqətən, bir tükdən asılı olur.
Romanda cəmiyyətin müxtəlif təbəqələrinə (tacirlər, məmurlar, dərvişlər, din xadimləri, əsgərlər və b.) geniş yer ayrılır. Və ayrı-ayrılıqda bu insanlar elə bir ciddi təsir bağışlamasalar da, bütövlükdə elə bir qüvvə təşkil edirlər ki, əmirteymurların taleyi məhz onların ümumi maraqlarından, təhtəlşüur iradələrindən asılıdır. Və Yunus Oğuzun Əmir Teymuru yaxşı bilir ki, bu zümrələrin "müdaxilə"sindən kənarda onun nə hərbi yürüşlərdə, nə dövlət idarəçiliyində, nə də xalqın hörmətini qazanmaqda heç bir müvəffəqiyyəti ola bilməz. Hakimiyyətə sülalə ənənəsi ilə deyil, "həyatın dibi"ndən gəlmiş bir insan üçün cəsarət, şücaət, dəliqanlılıq nə qədər vacib olsa da, təmkin, tədbir, məsləhət (gənəşik) ondan da zəruri idi. Və təsadüfi sayıla bilməz ki, Əmir Teymur Çingiz xandan (və onun bilavasitə varislərindən) fərqli olaraq öz "Tüzüklər"ini yadigar qoyub getdi ki, həm bilavasitə, həm də dolayısı ilə varisləri hökmdarlığın yalnız taleyin hədiyyəsi yox, eyni zamanda böyük məsuliyyət olduğunu anlasınlar.
"Əmir Teymur" müəllifi, dahi hökmdar- sərkərdə haqqında yazan bir sıra digər müəlliflərdən fərqli olaraq, heç də elə düşünmür ki, onu zamanın (və tarixin) fövqünə yüksəldən yalnız şəxsi keyfiyyətləri - güclü iradəsi, hərbi istedadı, despotik idarə sistemi və s. - dən ibarətdir... Yunus Oğuzun Əmir Teymuru məkanın (və zamanın) fövqəladə imkanlarını öz məram-məqsədlərinə tabe etməyə nadir bir strateji istedaddır. O nə dinə, nə ticarətə,nə də ədəbiyyata- incəsənətə aludə deyil, bununla belə yaxşı bilir ki, cəmiyyətin aludə olduğu bu yaşam texnologiyalarından istifadə etmədən dövlət qurmaq, cəmiyyəti idarə ediləcək bir vəziyyətə gətirmək mümkün olmaz... Bir məsələ də önəmlidir ki, Əmir Teymur istər türk dünyasını, istərsə də ümumən dünyanı vahid hakimiyyət ("Cahan dövləti") ətrafında birləşdirməyə gecikmiş, lakin bu tale ilə barışmaq istəməyən hökmdar tipidir. Və Makedoniyalı İskəndərdən başlayan cahangirlik ideyasının tamamilə təbii davamçısıdır. Yunus Oğuz nə qədər bu fikirdə olsa da ki Əmir Teymur vahid türk dövləti yaratmaq istəyirdi, son orta əsrlər tarixinin fəlsəfəsi həmin ideyanı, prinsip etibarilə, təkzib edir. Hər şeydən əvvəl ona görə ki, həm Çingiz xanın törəmələrinə, həm də Osmanlılara (İldırım Bəyazidə) qarşı amansız döyüşlərə girib onları məğlub edən Əmir Teymurda türkçülük düşüncəsi yox idi. Hətta özünün türk olduğunu dərk etsə də belə, cahangirlik stixiyası imkan vermirdi ki, bu dünyanı idarə etmək üçün ikinci bir hökmdara da yer olacağını düşünsün. Ancaq gerçəklik onun düşüncələrinin miqyasından xeyli geniş olduğuna, arzularına rəğmən dünyanın sonuna gedib çıxa bilmədiyinə görə Əmir Teymur tarixdə, ümumiyyətlə, iddiaları ilə imkanları uyuşmayan bir faciə qəhrəmanı kimi qaldı: dünya hakimiyyəti iddiasında idi, ancaq dünyanın nə qədər geniş olduğu barədə aydın təsəvvürə malik deyildi...
Yunus Oğuz, bir tərəfdən, Əmir Teymurun "cahangirlik iddiaları"nı təqdim edir, digər tərəfdən, bu iddiaların Türk dünyası miqyasında törətdiyi faciələrin fərqinə varır... Əmir Teymurun apardığı iqtisadi, mədəni quruculuq işləri də "Əmir Teymur" müəllifinin diqqətindən yayınmır. Və yazıçı- tarixçi tamamilə haqlı olaraq göstərir ki, bu quruculuq işləri heç bir konyuktur məqsədi güdmür, böyük bir dövlət adamının təbiətini, birbaşa xarakterini ifadə edirdi. Və o, dünyanı dağıtdığı templə ( və istedadla) da qururdu... Bütün despotizmi ilə birlikdə, ədalətli idi...
***
Yunus Oğuzun "Alp Arslan"ı ("Böyük Səlcuq Dövləti") yazıçının türk tarixini roman miqyası ilə dərk (və təqdim) etməsində növbəti addım oldu.
Əsər türk tarixinin, yaxud türklərin xüsusilə orta əsrlərdə dünyanın geniş bir coğrafiyasında yayılmasının çox böyük (həlledici!) hadisələrindən olan "axın" (axınçıların gəlişi) xəbərilə başlayır. Dəmirçi Murad bu xəbəri Savalan dağlarında, gizli bir məkanda məskunlaşmış Dədələrə çatdırır.
Dədələr yüzillərlə gözlədikləri bu xəbərdən çox şad olurlar. Və Baş Dədə axınçıların gəlməsi münasibətilə Dədələri bir yerə toplayır...
Azərbaycanda axınçıların yolunu gözləyən xeyirxah Dədələrlə yanaşı onların (yalnız onların yox, ümumən dünyada harmoniya yaradacaq hər cür qüvvənin, hakimiyyətin!) düşməni olan bədxah xaşxaşilər də var ki, Ələmut dağında gizlənib Həsən Sabahın başçılığı altında quldur dəstələri toplayıb böyük xadimləri öldürür, hərcmərclik yaradırlar.
Və bu cür qurbanlardan biri də Alp Arslan olur...
Baş vəzir Nizam- ül- Mülkün etirazına baxmayaraq namazı məsciddə xalqla bir yerdə qılmağa gedən sultanı ağlı başından alınmış xaşxaşi "fədai"lərindən biri ağır yaralayır...
Və bundan sonrakı hadisələr ölüm yatağında olan, ağrıdan qıvrılan Alp Aslanın xatirələri, daha doğrusu, xatırlamaları kimi təqdim olunur... Hər xatırlamadan sonra hökmdarın sağalmaz yaradan çəkdiyi əzablara qayıdılır. Və bu ədəbi priyom- texnologiya əsərin struktur bütövlüyünü, bədii ritm və intonasiyasını müəyyənləşdirir.
...Türküstandakı rəqiblərini yenən səlcuqlar türk tarixində yeni güclü bir sülalə hakimiyyətinin - dövlətin (Səlcuqların!) əsasını qoyurlar.
... "Dandanakan döyüşündən sonrakı on il müddətinə səlcuqlar Xarazm torpaqlarını da ələ keçirtdilər, Qəznəliləri özlərinə tabe etdilər. Bu on il ərzində türkmənləri və Kirmanşahdakı qəbilələri, Diyarbəkr, Axlat və Malazgirddəki Məvrani dövlətini, İraq, Əl-Cəzirə və Şimali Suriyadakı Hamdaniləri, Təbəristanda ziyariləri, Deyləmanda kakuiləri, Gilanda Səffariləri, Azərbaycanda Rəvvadiləri, Şirvanda Şirvanşahları, Dərbənddə Haşimiləri, Divin və Aranın bir hissəsində Şəddadiləri, Farsda Buveyhiləri, Sistanda Səffariləri özlərinin vassallarına çevirdilər. Səlcuq hakimiyyətinin on beş illiyində isə Bağdad və bütün İslam şərqi artıq tam olaraq onların əlində idi.
Axınçılar indi də batının hər yerində görünür, hər kəsi özlərinə tabe etdirməyə çalışır və bunu bacarırdılar"...
Vəliəhd Alp Arslan özünü sultan elan etdikdən sonra səlcuqların Qərbə axını daha böyük vüsət alır...
Səlcuqların qarşısında ciddi müqavimət göstərən əsas şəhər Bizansın Ani şəhər- qalası olur...
" ... Ani şəhərinin alınmasına başlanıldı.
Bütün gecəni əsgərlər sal daşları daşıyıb, çaya tökdülər. Çay getdikcə axarını dəyişməyə hazır vəziyyətə gətirildi. Sonuncu sal daşı yerinə qoymaq qalırdı.
Hər tərəfdən hücum başladı.
...16 avqust 1064-cü ildə Bizans imperiyasının şərq sərhədində ən güclü şəhəri olan Ani fəth olundu və xarabalığa çevrildi"...
Alp Arslan geriyə- Türküstana yürüş edib ona tabe olmayanları, Səlcuqlar dövlətinə qarışıqlıq salmaq istəyənləri cəzalandırır, qurultay keçirir, dövlətdaxili idarəçilik münasibətlərini tənzimləyir.
Və bu zaman Konstantinopolda Roman Diogen kral seçilir.
Səlcuqlularla Bizanslılar 1071-ci ildə Malazgirddə üz-üzə gəlməli olurlar ki, bu döyüş türklərin yunanlar üzərində yalnız tarixi qələbəsi olaraq qalmadı, onları (türkləri) Konstantinopola - İstanbula qədər aparıb çıxaran çoxlu qələbələrinin möhkəm bünövrəsinə çevrildi.
Ancaq gələcək qələbələrin müəllifi Alp Arslan yox, onun xələfləri olacaqdı...
"...Sultan Alp Arslan daha keçmişdən və xatirələrdən qayıtmaq istəmirdi. Saray həkimi onun otağına girəndə ondan səs-səmir gəlmirdi. Əvvəcə sultanın yuxuya getdiyini zənn elədi. Amma nəbzini yoxlayan kimi onun yuxudaca haqq dünyasına qovuşduğunu başa düşdü.
Bəlkə də sultan öz yuxu və ya xəyallarında qılıncını siyirib, at belində hücuma keçməkdə idi.
Sultan Alp Arslan 23 noyabr 1072-ci ildə43 yaşında vəfat etdi.
--------------------------------
...Alp Arslandan sonra vəliəhd olan Məlikşah onun yerinə keçdi (1072-1092).
Onun iyirmi illik hakimiyyəti illərində Səlcuqların və türklərin intibah dövrü başladı. Baş vəzir Nizami əl Mülkü və Məlikşahı xaşxaşilər sui-qəsd yolu ilə aradan götürdülər"...
Bir tərəfdə nəfsinə(şeytana) uyub türk irəli gedənlərini aradan götürən xaşxaşilər, digər tərəfdə haqdan gələn ideoloji- mənəvi (ruhani!)enerjilərilə onları müdafiə edən, gücləndirən Dədələr!..
Roman müəllifi hadisələri təsvir edərkən həm elmi-publisistik bir dəqiqlik (və salnaməçi təmkini) ilə onların (tarixi hadisələrin) xronologiyası verir, həm də həmin hadisələrə istik müdaxilələrin əhəmiyyətli təsir göstərdiyi qənaətinə gələrək bu təsirlərin metafizik semiotikasını müəyyənləşdirməyə çalışır. Və fikrimizcə, Dədələrlə xaşxaşilərin türk tarixindəki siyasi- ruhani missiyalarının obrazlı təqdimi romanın ən maraqlı səhifələrini təşkil etməklə əsəri yalnız bədii-estetik baxımdan deyil, ideya- fəlsəfi məzmunca da zənginləşdirir.
Yunus Oğuz indiyə qədərki tarixi romanlarında olduğu kimi "Alp Arslan"da da türklərin möhtəşəm tarixlərilə, hər şeydən əvvəl, bir övlad (xələf!) duyğusallığıyla qürur duyur. Və romanın elə səhifələri vardır ki, müəllif özünü təsvir olunan hadisələrin - döyüşlərin, rəsmi danışıqların, qurultayların sanki iştirakçısı kimi hiss edir. Məsələn, Alp Arslanla Nizam- ül- Mülkün aşağıdakı dialoqu müəllif hisslərinin mətnə müdaxiləsi baxımından maraq doğurmaya bilməz:
... Səkit səslə, - Daha bir məsələ qaldımı, hörmətli vəzir?- soruşdu.
- Bəli, qaldı, sultan həzrətləri. - Ələmut qalasından xəbər aldım ki, sultan həzrətlərinə Həsən Sübbah tərəfindən sui-qəsd fətvası verilib. Nəzarəti daha da gücləndirmək lazımdır. Baxmayaraq mənim tərəfimdən bir sıra tədbirlər həyata keçirilir, ancaq yaxşı olardı ki, siz də bunu öz tərəfinizdən həyata keçirəsiniz.
Alp Arslan bu xəbərdən bir anlıq duruxub qaldı. Sanki bu xəbərin gerçək olacağına inandı. Hətta dərindən köks ötürdü. Sonra gülümsədi və:
- İşimi-gücümü atıb Ələmut qalasına vaxt ayırsam, o sarsaq Həsən Sübbaha baş qoşsam, tarix mənə gülər. - dedi.- Mən o şərəfsizi layiq olmadığı --------------- vermək fikrində deyiləm! Bax, bu işi elə sizə tapşıraram,vəzir həzrətləri. Bir vaxtlar Həsən Sübbah sənin yanında işləyib. - Sultan güldü.- Onun bütün işlərindən sənin başın daha yaxşı çıxar.
Baş vəzir sultanın hara işarə vurduğunu başa düşdü. Amma indi özünü başa düşməyən kimi göstərməsi sərfəli oldu"...
Yazıçının qanında olan türk təəssübkeşliyi ona səlahiyyət verir ki, yeri gələndə türklərin çatışmayan cəhətlərindən də açıq bir şəkildə (və cəsarətlə!) bəhs etsin...
"... Əslində Sultan, baş vəzir deməsə də ölkənin necə idarə olunduğunu yaxşı bilirdi... çox vaxt oğuzlar döyüşür, fəth edir, dövlət qurur, ama sarayın idarə edilməsilə başqaları məşğul olurdu. Türklər saraya çəkilməyi özlərinə yaraşdırmırdılar. Onlar fəthlər üçün yaranmışdı. Bu zaman saray işləri digər millətlərdən olanlara həvalə olunurdu. Onlar da bu sahədə formalaşır, püxtələşirdilər. Hətta yazışmalar da Samani-tacik dilində idi. Sultan bunu gğzəl başa düşürdü. Tarix yaradan bir xalq tarix yaza bilmirdi.
...Əli ilə vəziri bir az daha yaxına çağırdı və astadan:
- Düzdürmü ki, sən əslən müsəlmanlığı qəbul etmiş yəhudisən?"
Ümumiyyətlə, türklərin tarixini bilavasitə mənbələr əsasında dərindən öyrənmiş, gizlin qatlarına zaman-zaman yaxşı bələd olmuş (və bu tarixi ruhu ilə mənimsəmiş!) Yunus Oğuzun onu (türkün tarixini) bütöv görməyi, ayrı-ayrı hadisələri həmin bütövlük üzvü tərkib hissəsi kimi təsəvvür (və təqdim) eləməyi ustalıqla bacarır. Müəllif şüurundakı məlumat bolluğunun nəticəsidir ki, bəzən hətta "mətn"dən (və "zaman"dan) kənara çıxaraq bir- iki cümlə ilə ya sələfləri, ya da xələfləri xatırladıb bütövlüyün miqyasınıgenişləndirməkdən də çəkinmir.
Romanda ümumən türk dünyasına məhəbbətlə yanaşı həmin kontekstdən kənara çıxmayan bir Azərbaycan vətənpərvərliyi də var ki, müəllifin təkcə bilavasitə mənsub olduğu etnosiyasi coğrafiyayabağlılığından, onu daha yaxşı tanımasından irəli gəlmir, həm də (və daha çox!) onunla bağlıdır ki, odlar yurdu Azərbaycan ən qədim zamanlardan bəri türk dünyasının etnomədəni mərkəzlərindən biri (bəlkə də, birincisi) olaraq etiraf edilməkdədir...
..."Sultanın yürüş əmri sanki saray divarlarını yaladı, dolaşdı, eyvana, oradan da qalaya, --------------, evlərə, dükanlara, bazarlara, yollara yayıldı.
Müqəddəs Azərbaycan torpaqlarından ayrılması heç bir oğuz türkünün heç zaman ------------- olmayıb. Bu torpağın Vətən cazibəsi adlı qüvvəsinin mövcud olduğunu və digər yerlərə məxsus Vətən hissindən daha qüvvətli olmasını Oğuz dədələr də təsdiq edirdi. Buranı özünə Vətən hesab edən şəxs milliyətindən və dinindən asılı olmadan, yaşamasından az sonra zahirən də yerli sakinlərə oxşamağa başlayırdı. Sultan Alp Arslan artıq özünü təkcə oğuz-səlcuq türkü deyil, həm də əsl oğuz-azərbaycanlı hesab etməyə başlamışdı"...
Ona görə də yazıçı qələmi heç bir şübhə yeri qoymadan Alp Arslanı Bakıya ("Bəkkə şəhəri"nə) gətirir.
Və hökmdar -sərkərdə Kaspi sahilindəki Ağ qalanı (Qız qalasını) ziyarət edir, buradan ruhi- mənəvi güc alır...
Yunus Oğuz yeni romanında türk etnoqrafiyasını, adət-ənənələrini vərdişlər sistemini, ayinlərini, əvvəlki romanlarda olduğu kimi, təfsilatı ilə təsvir etməklə əsərə tarixi kolarit gətirir...
***
"Şah arvadı və Cadugər" də Yunus Oğuz yenidən Səfəvilər mövzusuna qayıtdı... Əvvəlki əsərlərində olduğu kimi burada da tarixin xronologiyasına tam (və təfsilatı il) əməl olunmasını əminliklə demək olar. Lakin müəllif yenə də salnaməçidən çox, yazıçıdır.
Məlum olur ki, Şah Təhmasib artıq qocalıb, dövləti idarə edə bilmir. Və öz yerinə layiqli bir davamçı qoymaması isə Səfəvilərin sonrakı taleyini təhlükə altına almış olur ... Hakimiyyət uğrunda aparılan mübarizə onunla nəticələnir ki, Səfəvilər taxtında Dəli İsmayıl kimi tanınan II İsmayıl oturur. O Dəli İsmayıl ki, nə qədər cəsur, döyüşkən olsa da, dərin təfəkkür sahibi, müdrik deyildi və impulsiv hərəkətlərinə görə atası tərəfindən uzun illər Qəhqəhə qalasında həbsdə saxlanmışdı.
Hakimiyyəti ələ aldıqdan sonra Dəli İsmayıl nəinki dövlətə sədaqətli insanların, demək olar ki, hamısını, qohum-əqrəbasını da qırıb- çatır, xalqı özündən narazı salır. Və beləliklə, sarayda dərin bir tənəzzül başlayır... Dəli İsmayıl sui-qəsdin qurbanı olduqdan sonra Şah Təhmasibin gözü yaxşı görməyən, xəstəhal, ümumiyyətlə dövlət işlərin başı çıxmayan, heç buna meyli də olmayan Məhəmməd Xudabəndə hakimiyyətə gətirilir. Və bununla da Səfəvilər sarayı bitməz- tükənməz intriqa ocağına çevrilir... Xüsusilə ona görə ki, Məhəmməd Xudabəndə arvadının - fars qızı Xeyrənisənin o dərəcədə nəzarəti altına düşür ki, romanın faktik qəhrəmanı Səfəvi hökmdarı Məhəmməd Xudabəndə deyil, arvadı Xeyrənisə olur. Və Şah arvadı, eləcə də ətrafındakı qüvvələr ciddi- cəhdlə çalışırlar ki, Səfəvi sarayında hakimiyyəti tamamilə ələ keçirib türkləri dövlət idarəçiliyindən bütünlüklə kənarda qoysunlar.
Xeyrənisə möhkəm xarakterli, iddialı, rəyasətpərəst bir qadındır. Nəinki ağlını, iradəsini, hətta şəhvani hissərini də hakimiyyət uğrunda sərf etməkdən çəkinmir. Və cəsarətlə demək mümkündür ki, Yunus Oğuzun tarixi həqiqətə (sənədlərə!) dayanaraq yaratdığı Şah arvadı - Xeyrənisə obrazını ümumən dünya ədəbiyyatının bu tipli bu tipli qadın qəhrəmanları ilə məmnuniyyətlə müqayisə etmək olar.
Səfəvi xanədanının qəddar düşmənlərindən biri də vəzir Mirzə Salmandır. Olduqca hiyləgər olan bu şəxs öz işini aşkarda yox, pərdə arxasında görür. Xeyrənisənin emosionallığından, çılğınlığından tamamilə fərqli bir "üslub"da, dövlət idarəçiliyi ideologiyalarına bələd olduğuna görə təmkinlə hərəkət edir... Və Məhəmməd Xudabəndədən marionet kimi istifadə edən farslar Qəzvində hakimiyyətə gəlib türkləri saraydan uzaqlaşdırırlar.
Cadugərə gəldikdə isə, o, Xeyrənisənin əlində öz məram- məqsədlərini həyata keçirmək üçün son dərəcədə təhlükəli bir silahdır. Qiymətli hədiyyələr müqabilində əvvəl-əvvəl Şah arvadına can-başla xidmət etsə də, sonralar "mistik" dünyadan ayrılıb gerçək həyatın üzvünə çevrilir. Və öz sahibəsinə vurulur... Cadugərlə Xeyrənisənin şəhvani əlaqələri gücləndikcə Səfəvi sarayı yalnız siyasi yox, həm də mənəvi xarabazara dönür.
Şah arvadının hakimiyyət hərisliyi o həddə çatır ki, vaxtilə ona yardımçı olmuş tərəfdarlarını, hətta Cadugəri də ayaqlamağa başlayır. Və nəticədə, Cadugər öz sahibəsindən dəhşətli intiqam alır... Lakin Xeyrənisə nail ola bilir ki, Məhəmməd Xudabəndədən olan oğlu Abbası hakimiyyətə gətirsin. Və beləliklə, Azərbaycan Səfəvilər dövlətinin iranlaşmasının əsası qoyulur.
Doğrudur, romanda məcaraçılıq eləməntləri çoxdur, bununla belə, yazıçının Səfəvi tarixinə baxışında fəlsəfilik, analitizm də kifayət qədər güclüdür. Və ən əsası odur ki, müəllif Səfəvi xanədanının tənəzzülünün ictimai-siyasi, mənəvi- əxlaqi səbəblərini təkcə ayrı-ayrı detal və təfərrüatlarda deyil, romanda təsvir edilən hadisələrin (ümumən tarixin!) məzmun-mahiyyətində göstərə bilmişdir.
***
Azərbaycan Atabəylər dövrünə maraq həmişə mövcud olmuş, bir sıra dəyərli elmi, eləcə də bədii əsərlər yaradılmışdır ki, Yunus Oğuzun "Atabəy və Eldəniz" romanı da həmin mövzuda qələmə alınmış dəyərli əsərlər sırasına daxil edilə bilər.
Roman Azərbaycan Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldənizin Dərbəndin qul bazarında satılaraq Bağdada aparılması hadisəsilə başlayır.Və bu hadisənin təsviri dövrün siyasi- ictimai panoramı ilə yanaşı, minlərlə qıpçaq kölələrindən birinin gələcəyə yönəlik arzuları barədə də müfəssəl təsəvvür yaradır...
"O, Uran tayfasının əsilzadələrindən idi. Elə uşaqlıqdan hər şeyə fikir verir, olanları və söylənənləri yaddaşına əxz etməklə o biri yaşıdlarından fərqlənirdi. Amma atasının uduzduğu döyüşlərdən birində qənimət kimi bacılarını, anasını və onu əsir götürdülər. Sonradan onun anasından, bacılarından ayırıb qul kimi Dərbəndə apardılar. Tale onun ömrünə nə yazıb onu bilmirdi. Bildiyi o idi ki, hara getməyindən asılı olmayaraq çox çalışmalı, ağlı və zirəkliyi sayəsində özünü göstərməlidir".
Romanın bir ideya- estetik məziyyəti tarixi faktlara sona qədər sədaqətliliyi, mənbələrin verdiyi kifayət qədər zəngin məlumatlara əsaslanmasıdırsa, digəri həqiqətləri zədələmədən, təhrif eləmədən Atabəylər dövrü tarixinin ideya (və iddia!) münaqişələrilə dolu fəlsəfəsini ortaya çıxarmaq, həmin münaqişələrin xalqların taleyinə, eləcə də ayrı-ayrı tarixi şəxsiyyətlərinin formalaşmasına necə təsir etdiyini göstərmək cəhdidir.
Bədəncə zəif, çəlimsiz, özündən asılı olmayaraq yol boyu yuxulayıb arabadan yıxılan hətta oyanmayıb düşdüyü yerdə də yatan Şəmsəddin gendən, kökdən gələn mənəvi gücü, istedadı, tədbirliliyi sayəsində əvvəl sarayda böyük nüfuz qazanır, sonra isə qüdrətli Azərbaycan Atabəylər dövlətini yaradır.
Doğrudur, romanın baş qəhrəmanı Şəmsəddin Eldənizdir və onun həyatı, mübarizələri, siyasi uğurları əvvəldən axıra qədər maraqlı detallarla, təfərrüatlarla izlənilir; bununla belə yazıçı süjetin həm məkanını, həm də zamanını tez-tez dəyişdirməklə ümumən dövrün möhtəşəm (və mükəmməl) obrazını da canlandırmağa nail olur. Bir tərəfdə iğtişaşlar yaradıb öz formal hakimiyyətini bərpa etmək üçün hər cür provakasiyalara getməyə hazır olan xəlifəlik, ikinci tərəfdə dünyanı islam qanunları ilə yanaşı türk törəsilə idarə imkanları nümayiş etdirən səlcuqlar, üçüncü tərəfdə çaşbaş qalmış, hər cür xəyanətə əl atıb çııxş yolu axtaran xristian dövlətləri... Digər tərəfdə isə hakimləri ölümlə, qətllə qorxudub xərac alan, hər yerə sızaraq sarayları hörümçək toru kimi əhatə edib nəzarətdə saxlayan xaşxaşilər...
"Bir qədər keçdikdən sonra qapı açıldı və Nüsrət otağa dəvət olundu. Elə qapının önündəcə otağa fikir verdi. İyirmi-iyirmi beş metr uzunluğunda olan bu otağın yeddi pəncərəsi vardı, altı pəncərədə altı peyğəmbərin - Adəm, Nuh, İbrahim, Musa, İsa, Məhəmmədin, yeddinci pəncərədə isə İsmayıl İbn Cəfər Sadiqin adı yazılmışdı. Həmədan rəisinin yadına düşdü ki, bu yeddiləri batinlər Nutəkəyi Səba adlandırırlar və bu yeddilərdən başqa batinlər heç bir peyğəmbəri və imamı qəbul etmirlər.
Divarlar yaşıl pərdə ilə örtülmüşdü. Şamlar və qəndillər zəif yandırılmış, bu səbəbdən otaq alaqaranlığa bürünmüşdü. Otaqdan ona tanış qoxu gəlirdi. Bu xaşxaşilərin həmişə çəkdikləri xaşxaşın qoxusu idi. Otağın o biri başında taxtda Sahibiəzəm oturmuşdu".
Bu, o yerdir ki, burada hökmdarların, dövlətlərin taleyi həll olunur. İstər müsəlman olsun, istər xristian, əgər Ələmuta tabe edilən qədər bac-xərac vermirsə, o dövlət dağılmalı, o hökmdar aradan götürülməlidir. Və bu yerin ən böyük rəqibi, düşməni ağıllı, öz mənliyini qoruya, xalqının iradəsini ifadə edən şəxsiyyətlərdir...
Mömünə xatunu ölümdən yalnız Şəmsəddin Eldənizin ağlı, tədbirli hərəkətləri xilas edir. Və o, bu xidmətinə görə Sultan Toğrulla Möminə xatunun oğlu Arslan şahın Atabəyi təyin olunur.
Görünür, ağıllı, tədbirli adamların üzünə tale də gülür. Sultan Toğrululn qəfil ölümü hadisələrə yeni miqyas verir: Möminə xatınla evlənən Atabəyin hakimiyyət illəri başlayır. Əvvəl Bərdədə, sonra isə Naxçıcanda...
Ancaq tarixin (və insanlığın) elə bir dövrüdür ki, haqq- ədalət, əmin-amanlıq uğrunda mübarizənin hər addımında qarşıya min xəyanət, yüz ölüm təhlükəsi çıxır.
Bir də ki, Ələmut qalası...
Roman müəllifi bu şeytan məskəninin qarşısına Gəncədə Baş Dədənin müqəddəs missiyasını çıxarır. Hər ikisinin elmi "batini"dir... Lakin birincisi şərə, ikincisi isə xeyrə xidmət etməyilə bir-birinin ziddinədir...
Və Atabəylə Möminə xatun Baş Dədənin görüşünə gəlirlər... Bu görüş nə qədər mistikdirsə, romanın ruhu baxımından o qədər də real; nə qədər realdırsa, o qədər mistikdir.
Bizə elə gəlir ki, xüsusilə həmin epizodda Yunus Oğuza "məhşər" müəllifinin müsbət mənada əhəmiyyətli təsirini hiss etməmək mümkün deyil. Ancaq o da aydındır ki, İsa Hüseynov (Muğanna) fəsləfəyə, "Atabəy və xaşxaşilər" müəllifi isə siyasətə, diplomatiyaya çəkir...
Baş Dədə Atabəyə və onun ailəsinə ən qəddar düşmənlərini də tanıtmaqla onları xəbərdar edir. Və bu, sadəcə xəbərdarlıq deyil, həm də əcdad ruhunun himayəsinə təminatdır. Yəni dədə-babaların Oğuz xandan gələn törəsinə riayət edəcəksənsə, heç bir maneə sənin qarşında dayana bilməz, aşıb keçəcəksən...
Çox keçmir ki, Atabəyin hakimiyyətinin Naxçıvan dövrü başlayır. Xaşxaşilərin bütün cəhdlərinə baxmayaraq onların xəyanətlərinin üstü açılır...Naxçıvan Azərbaycan dövlətinə xəyanət edənlərin qarşısında alınmaz qalaya çevrilir.
Və romanın dramtik əsasını təşkil edən Atabəy - xaşxaşilər qarşıdurması başlayır...
"Sahibiəzəm əvvəl istədi desin ki, get, amma yadına verəcəyi o biri tapşırıqlar düşdü. "necə olub ki, əsas tapşıtığı yadımdan çıxarmışam". Bu sualı özü-özünə verdi:
- Hə, əsas məsələ, Arranda, Azərbaycanda, əsas da Naxçıvanda şəhid olan fədailərimizin yerlərini doldurmaq lazımdır. Bu boşluğu uzun müddət saxlamaq olmaz. Bizim zəif olmağımızı heç kim görməməli, heç kim hiss etməməlidir. Bu, bizim hakimiyyətimizin rəhnidir, - dedi, aonra da əlavə etdi: - O, kölənin və ləçərin qətlindən hələ vaz keçməmişəm".
Yazıçının sənətkarlığıdır ki, romanda əsas konflikti daim nəzərdə saxlamaqla yanaşı, dövrün müxtəlif xarakterli, xüsusilə etnik ziddiyyətlərini də nəinki unutmur, əksinə, onlara elə bir miqyas verir ki, bu, əsərin əsas konfliktinin ideya- estetik interpretasiyası üçün strateji kontekstə, bütövlükdə isə, müəllif məramını anlamaq baxımından metadoloji prinsipə çevrilir...
...Xalqı Atabəy hakimiyyətin narazı salmaq üçün hər cür nalayiq hərəkətlər edən Gəncə hakiminin cəzalandırılması barədəki epizodlar, elə birilirik ki, romanın ən maraqlı, ən təsirli səhifələrini təşkil edir. Və bu səhifələrdə gənc Cahan Pəhlivanın xarakteri də açılır...
...Arslanşahın varis kimi Həmədanda sultan taxtına oturması ilə Atabəyin hakimiyyət hüdudları daha da genişlənir. Və o, bu səlahiyyətdən istifadə edib öz dövlətçilik arzularını daha inamla həyata keçirməyə başlayır... Roman belə bir əbədi ideyanı növbəti dəfə təsdiq edir ki, əsilzadə təsadüfən köləyə çevrilsə də ömrü boyu belə qala bilməz. Damarlarında qaynayan ehtiraslı qan onu əvvəl-axır hakimiyyətə, layiq olduğu məqama gətirib çıxaracaqdır. Hakimiyyəti şərəfsizliklə əldə edənlər isə onu həmin şərəfsizliklə də itirəcəklər...
Nə xəlifə, nə də onun təhriki ilə Atabəyə qarşı çıxanlar heç nəyə nail ola bilmirlər...
"Beləliklə, Böyük Atabəy çox qısa müddətdə geniş bir ərazini - Qafqaz dağlarından tutmuş ta Kəngər (Fars) körfəzinə qədər yerləri öz hakimiyyəti altında birləşdirir. O, Azərbaycanı, Arranı, Şirvanı, Tiflis qapılarına qədər əraziləri, Cibalı, Həmədanı, Gilanı, Mazandaranı, İsfahanı, Reyi həm idarə edir, həm də o hakimləri, atabəyləri təyin edirdi. Xəzinə xərclərinə o, nəzarət edir, orduya çağırış da yalnız onun icazəsi ilə həyata keçirilirdi.
Sultan və xəlifədən sonra sultanlıqda onun adına xütbə oxunurdu. Mosul, Kerman, Xuzistan, Xilat, Arzan ər- Rum, Marağa atabəyləri və Şirvan hakimi onun vassalı sayılırdı". Əlamutun Atabəyə qarşı təxribatları heç bir nəticə vermir. Mayası doğruluqdan yoğrulmuş bir hakimiyyəti özünün şərəfsiz iddialarına, məqsədlərinə tabe etməyə heç bir qüvvənin gücü çatmır... Əgər çatsaydı bu dünyaya gəlməyin (və bu dünyada yaşamağın!) bir mənası olardımı?..
1175-ci ildə əvvəl Möminə Xatun, onun qırxı çıxmamış Atabəy Şəmsəddin Eldəniz haq dünyasına qovuşdular... "Cahan Pəhləvan 1187-ci ildə, Qızıl Arslan isə 1191-ci ildə xaşxaşilər tərəfindən qətlə yetirildi. Atabəylər sülaləsi 1226-cı ilə qədər Azərbaycan və İraq Sultanlığını idarə etdi...
Yalnız 1258-ci ildə Hülaki xan hiylə ilə Əlamut qalasını ələ keçirib, xaşxaşilərin fəaliyyətinə son qoydu. Hülaki xan Əlamut qalasında iyirmi il həbsxana həyatı yaşamış Nəsrəddin Tusini azad edib, özünə vəzir təyin etdi. Elə o vaxtdan da Bağdad xəlifəliyi ləğv olundu"...
Yunus Oğuzun bu romanı ilk növbədə Atabəyin romanıdır... Ancaq burada Bərdə də var, Gəncə də, Naxçıvan da... Nizami Gəncəvi də var, Əcəmi Naxçıvani də... Keçmişimiz də var, gələcəyimiz də... Bu, bizim tariximizin (və taleyimizin!) romanıdır... Xeyiri ilə... Şəri ilə...!..
***
Azərbaycan ədəbiyyatını bir-birinin ardınca (və kifayət qədər böyük istedadla) qələmə aldığı tarixi romanlarla zənginləşdirmiş Yunus Oğuzun 2017-ci ilin məşhur aprel hadisələrinə, yəni müasir dövrün olaylarına müraciət etməsi, fikrimcə, tarixdən uzaqlaşmaq deyil, əksinə, ona daha da yaxınlaşmaq, məzmun-mündərəcəsinə, metafizikasına, mahiyyətinə daha dərindən varmaq və nəticə etibarilə, tarixdə bu günü, bu gündə isə tarixi anlamaq istəyindən irəli gəlir.
"Ovçu" romanı (və onun müəllifi), ilk növbədə, bizim yaddaşımızdakı belə bir məlum fəlsəfi müddəanı təzələyir (və təfərrüatca zənginləşdirir) ki, tarix özünəməxsus şəkildə təkrar olunduğuna görə, onun gərdişindən dərs almayan xalqlar çox tez-tez "sürprizlər"lə qarşı-qarşıya dayanmalı olurlar. Ancaq,görünür, müəllifin (və "Ovçu"nun) əsas ideyası, tarixdən (istər Alp Arslan, istərsə də Nadir şah dövrlərindən) nə qədər tutarlı "misallar" gətirsə də, həmin məlum fəlsəfi müddəanın xatırladılmasından daha çox, 2017-ci ilin məşhur aprel hadisələrinin tarixi məzmununun bütün miqyası ilə fəlsəfi-estetik dərkinə xidmət edir.
Azərbaycan ordusu 2016-cı ilin aprel ayının ilk günlərində Ali Baş Komandanın öndərliyi ilə, doğrudan da, tarixlərə sığmayan bir Tarix yaratdı ki, Yunus Oğuz "Ovçu"da həmin Tarixi yazmışdır. Və nəzərə alsaq ki, bu Tarix barədə bundan sonra hələ çox yazılacaqdır,Yunus Oğuzun əsərinin dəyəri bir də onunla müəyyən edilir ki,o, ilk böyük işi görmüş, ilk uğurlu ideya-bədii təfsir modeli təqdim etmişdir.
Romanda üç Murad haqqında söhbət gedir:XI əsrdə Alp Arslanın Ani qalasını almasına öz yeni silah icadı ilə kömək edən dəmirçi Usta Murad, XVIII əsrdə Nadir şahın hərbi məsləhətçisi olmuş Murad xan və bizim günlərin qəhrəmanı -"Ovçu" ləqəbli hərbi kəşfiyyatçı Murad Mirzəyev...
Tarix hərəkət edir, ictimai-siyasi hadisələrin bir mənzərəsi digərilə əvəz olunur, ancaq dəyişməyən iddialar, maraqlar, konyuktorlar, mövcuddur ki, onlardan ən mənhusu ermənilərin hakimiyyət hikkəsidir. Və bu hikkə bütün amansızlığı ilə Qriqoryan kilsəsi tərəfindən körüklənərək hər addımda çaxnaşmalar, münaqişələr, faciələr, törədir...İnsan mənəviyyatı, qadın ləyaqəti tapdanır. Və ən dözülməzi də odur ki, bütün bunlar hansısa mücərrəd, qeyri-müəyyən məqsədlərə çatmaq üçün bir vərdişə,peşəyə çevrilir... Romanda erməni xislətinin tarixin hər mərhələsində üzə çıxa biləcək yaramazlıqları birbaşa tarixdən alınmış konkret faktlarla təqdim olunur; məsələn,yüz illər boyu himayəsində yaşadıqları Bizansı imkan düşən kimi Səlcuqlara satmaq istəyən erməni heyətini Alp Arslan qapıdan qovur:
Yaxud başqa bir misal... Erməni katalikosu Nadir şaha müraciət edir ki, Qafqazdakı gürcü və Alban kilsələrini erməni kilsəsinə tabe etməkdə onlara kömək göstərsin, ancaq tamamilə təbiidir ki, öz həyasız təklifi (və qeyrətsiz hərəkətləri) ilə şahın qəzəbinə tuş gəlir:
"Katalikos bu sözlərdən zərrəcə tutulmadı, ya da özünü o yerə qoymadı. Hiyləgərcəsinə gülümsəyib cavab verdi:
-Ey böyük şah, bu gözəl erməni qızlarınıona görə gətirmişəm ki, şəxsən sizə xidmət etsinlər, cariyəniz olsunlar.
Onun yaltaq və qeyrətsiz olması şahı acıqlandırdı, əsəbi şəkildə dedi:
-Mənim cariyələrə ehtiyacım yoxdur! Mənim əsgərə ehtiyacım var. Ordumda gürcülər, kürdlər, əfqanlar, bütün qızılbaş tayfaları var, amma bir dənə də olsuntumluq erməni yoxdur. Məgər ermənilərdə kişi tapılmır?-Əmr verdi.-Çıxarın bu qəhbələri burdan, varınızdırsa kişi gətirin!"
Məsələ burasındadır ki, bu düşük "mübarizə üsullar"ı yalnız tarixdə qalmır, bu gün də davam edir və müəyyən məqamlarda ermənilərin müvəqqəti "uğurlar" qazanmasına da gətirib çıxarmaqla bütöv bir millət miqyasında xəstə təxəyyülün kütləviləşməsinə rəvac verir.
"Ovçu" Murad ermənilərə yalnız mənsub olduğu xalqın deyil, həm də özünün birbaşa tərcümey-halı ilə "borcludur". Onun babası Muradı ermənilər ona görə öldürtmüşlər ki, öz doğma yurdunu tərk etmək istəməmiş, müqavimət göstərmişdi... Və onların Göyçədən silah gücünə qovulan ailəsi minlərlə digər ailələr kimi Kür-Araz ovalığında, təbiətinə, ab-havasına adət etmədikləri şəraitdə yaşamağa məhkum olmuşdu.
Romanda Muradı peşəkar bir hərbçi olaraq erməni cəbhəsinə gətirib çıxaran hadisə-səbəbləri müəllif böyük ustalıqla təsvir edib əsaslandırır. Sevdiyi qızla nişanlanan Murad öz ailəsini də hərbi həyatın gələcək çətinliklərinə, ağrı-acılarına hazırlayır... Çünki bu, onun taleyi idi...
Azərbaycan hərbiçisinin həm peşəkarlıq, həm də vətənpərvərlik və ya mənəvi-psixoloji hazırlıq baxımından daha mükəmməl bir şəkildə yetişməsində milli mənbələrə, örnəklərə əsaslanılması ehtiyacı romanda ciddi ideoloji amil olaraq qabardılıb önə çəkilir... Müdafiə naziri komandası altında olan zabitdən tələb edir ki, Azərbaycan əsgəri Suvorovdan yox, milli hərb tarixindən gətirilmiş nümunələrlə formalaşsın...
"Nadir şah Suvorovdan düz altmış yeddi il qabaq İraqda Yanqız dağını aşaraq düşmənə arxadan zərbə vurdu və bunun nəticəsində bütün İraqı ələ keçirdi. Nəinki İraqı, hətta Hindistanı, Orta Asiyanı da özünə tabe etdi. Nadir şah xristian olsaydı, o zaman Suvorovdan deyil, ondan danışardılar, hərb tarixində ondan misal gətirərdilər. XIX əsrdə onu Şərqin Napaleonuna bənzədirlər. -Nazir fikirlərini bitirib əsas məsələyə keçdi. -Bütün bunları qısaca ona görə danışdım ki, biləsən. Bizim də şanlı hərb tariximiz var və bu tarixi əsgərlərə, zabitlərə aşılamaq lazımdır. Əsgər hərb tarixi ilə qürur duyanda babalarına bənzəmək, qəhrəmanlıq etmək istəyir".
Əlbətbə, 2016-ci ilin aprel hadisələrinin təsviri müəllifdən yalnız bədii istedad deyil,həm də ciddi siyasi-ideoloji hazırlıq, hərbi işə, onun spesifik texnologiyalarına bu və ya digər səviyyədə bələdlik tələb edir. Və romanda bu baxımdan maraq doğuran, yazıçının istedadının çoxtərəfliliyini, eyni zamanda aprel hadisələrinin gedişini dərindən izləyib araşdırdığını göstərən məqam-detallar kifayət qədərdir...
Romanda həm hərbi əməliyyatların gedişi barədə aydın məlumatlar verilir, həm də döyüşlərin hansı strateji nəticələrə gətirib çıxaracağı siyasi-publisistik baxımdan, yeri gəldikcə (və mətnin bədii keyfiyyətinə xələl gətirmədən) ümumiləşdirilir:
"Erməni komandanlığı başa düşürdü ki, düşmən özünə gələn kimi əldən verdiyi yüksəklikləri geri almağa çalışacaq. Bunun da səbəbləri vardı. Hesablanmışdı ki, əgər bu yüksəklikləri geri alınmasa, birincisi Azərbaycan ordusunda ruh yüksəkliyi qalxacaq, digər yerləri də azad etmək həvəsində olacaq. İkincisi, Azərbaycan iqtidarı xalqın tam dəstəyini alacağı halda, Ermənistanda hakimiyyət tam gözdən düşəcək, orduda rüşvətxorluğun, korrupsiyanın nəticəsində vəziyyətin nə yerdə olduğu aşkarlanacaq. Üçüncüsü, Azərbaycan tərəfi çox güclü beynəlxalq dəstək alacaq. Yalandan məsələni guya sülh yolu ilə həll etmək istəyən dövlətlərə ismarıc göndərəcək ki, mən torpaqları müharibə yolu ilə azad edə bilərəm. Bir sözlə, əgər mövqelər geri qaytarılmasa, Azərbaycan tərəfi öz şərtlərini diqtə edəcək.
Aprel döyüşləri yalnız hərbi-siyasi xarakter daşımır, hər iki tərəfdən mülki əhalinin də psixologiyasına, məişətinə, həyatına birbaşa təsir göstərirdi. Və bu təsir azərbaycanlılarla ermənilərdə tamamilə fərqli reaksiyalar doğururdu...
"Xankəndinə tərəf dəhliz açıldı. Kənddə bir qışqırıq düşmüşdü ki, səsdən az qalırdı qulaq tutulsun.
Bu yerlərin əhalisi Azərbaycan televiziyalarına normal baxa bilirdi,nəinki Ermənistan televiziyasına. Özü də əksəriyyəti Azərbaycan dilini yaxşı bilirdi. Hər ilin fevral ayında Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirlərə onlar da baxırdılar, hətta elələri vardı ki, bu soyqırımla fəxr edirdilər.
İndi kənddə atışma imitasiyası yaradılanda sakinlər elə bildilər ki, türklər Xocalı soyqırımının qisasını alacaqlar. Odur ki, təşviş, həyəcan, panika o həddə çatmışdı ki,ər arvadı, ana balanı atıb qaçırdı.
Romanda öz doğma torpağını azad etməyə qalxan, ölümün gözünə dik baxan vətənpərvər Azərbəycan əsgərinin əhvali-ruhiyyəsi ilə işğalçı erməni ordusunun (və xüsusilə onun zabitlərinin, komandalığının) işbazlığı, pozğun (və çürük) mənəviyyatı realist boyalarla qarşılaşdırılmış və tamamilə zəruri olaraq müəyyən təfərrüatlara varılmışdır...
Azərbaycan zabiti Murad Mirzəyev həqiqətin (Tarixin!) timsalıdır, vətən uğrunda kişi kimi döyüşür, kişi kimi həlak olur...
"Ayaq səsinə gözünü açdı. Erməni çalanın başında durmuşdu. Fikirləşmədən tapançanın ucunu qaldırıb atəş açdı. O, çalanın içinə, elə onun yanına yıxıldı. Kənardakılar ermənicə qışqırdılar:
-Burda hələ biri ölməyib. Bəlkə də "Ovçu" deyilən budur.
Muradı qan aparırdı. Bilirdi, bir qədər keçsə huşunu itirəcək. O zaman ermənilər onu əsir götürəcək, dindirəcəklər. Gözünün qabağına əsgərləri gəldi. Bütün şəhidlər və qazilər bir-bir gözünün önündə sıralandı. Amma üzündən təbəssüm çəkilmirdi. Generala verdiyi sözü yadına düşdü. "Komandir mən əsir düşməyəcəm, son anda başıma bir güllə çaxacam". -Tapançanın lüləsini qaldırıb gicgahına dirədi. Fikirləşdi: "Görən komandir Fizzəyə sms göndərdi?" Ayaq səsləri daha bərkdən eşidilirdi. Güllə açıldı..."
"Ovçu"nun şəhid olması (və dünyaya yenidən gəlməsi!) onun atasının, anasının və həyat yoldaşının təhtəlşüuruna, Vətənin isə əbədi yaddaşına (Tarixə) çökür...
"...Xəbərin ağırlığından Fizzənin üstünə elə bil dağ yıxmışdılar. Özü özündən gizlənmək istəyirdi. Sən demə, ürəyinin içində bir ürək də varmış, bundan heç xəbəri olmayıb. Sən demə, o ürək Muradınmış. İndiyə qədər bunun heç fərqində olmayıb. Öz ürəyi dayananda, sinəsində döyünən ürək Muradın ürəyi olub.Ah, o bunun fərqini indi ayırd edə bilib. Onu da bilirdi ki, özünün ürəyinin yağı əriyib qurtarıb. İndi sinəsində Muradın ürəyi döyünür...
Ona "Milli Qəhrəman" adı verilmişdi. Dəfninə xalq yığılmışdı.
...Heç kimin gözləmədiyi halda Fizzə dilləndi: "Vətən sağ olsun! Dünənə qədər o mənim qəhrəmanım idi, bu gündən xalqın qəhrəmanıdır! Vətən sağ olsun!"
Əsərin sonunda verilmiş "4 aprel, Prezident Administrasiyası" fəsli Azərbaycan ordusunun 2016-cə ilin aprel qəhrəmanlıqlarının tarixi nəticələrini dəyərləndirmək, dövlət başçısının mürəkkəb beynəlxalq siyasi münasibətlər kontekstində həmin nəticələrə istinad edərək ondan xalqın, dövlətin gələcək taleyi, mənafeyi üçün bir strateq kimi uzaqgörənliklə (və diplomatik məharətlə) faydalanmaq əzmini təsvir edir.
Və roman özünəməxsus ideya- məzmun çoxqatlılığı, təhkiyə polifoniyası ilə çox aktual olan bir mövzunun bədii təfsirini sənətkarlıqla təqdim etməklə yanaşı, bu sahədə yeni yaradıcılıq axtarışlarına, fikrimizcə, geniş imkanlar açır.
***
Yunus Oğuzun tarixə, xüsusilə mənsub olduğu xalqın tarixinə ardıcıl müraciəti yalnız ona görə maraqlı deyil ki, ədəbiyyatın yaradıcılıq üfüqlərini genişləndirən yeni (və aktual) mövzular kəşf edir, həm də ona görə əhəmiyyətlidir ki, Azərbaycan ədəbiyyatı Azərbaycan yazıçısının şəxsində milli tarixi yaddaşı hər cür unutqanlıq təhlükəsindən xilas etmək missiyasını daha inamla həyata keçirir.