Millət vəkili küçənin ortasında BELƏ BIÇAQLANDI - ANBAAN VİDEO
14:11 KriminalYeni Partiya Qaziantep millət vəkili Melih Meriç keçmiş CHP Oğuzeli rayon təşkilatının sədri Seydi Ahmet Keleş tərəfindən bıçaqlanıb.
Musavat.com TRT Haber-ə istinadən xəbər verir ki, hadisə ilə bağlı Seydi Ahmet Keleşin də aralarında olduğu 5 şübhəli saxlanılıb.
Qaziantep valisi Kemal Çeber millət vəkilinin şəhər mərkəzində bıçaqlı hücuma məruz qaldığını bildirib.
Çeber hücumdan sonra Meriçin xəstəxanaya çatdırıldığını deyib:
"Hadisəni diqqətlə izləyirik. Ümid edirəm ki, millət vəkilimizi qısa zamanda aramızda görəcəyik".
Mərkəzi Şahinbəy rayonunun Akkent məhəlləsində hücuma məruz qalan Meriç Qaziantep Şəhər Xəstəxanasında əməliyyata alınıb.
Hücum anı ərazidəki təhlükəsizlik kameraları tərəfindən də qeydə alınıb. Görüntülərdə deputatla şübhəli Ahmet Keleş arasında əlbəyaxa dava baş verdiyi görünür.
Digər tərəfdən, millət vəkilinin günorta saatlarında icazə verdiyi yaxın mühafizəçisinin hadisə zamanı onun yanında olmadığı öyrənilib.
Qaziantep Şəhər Xəstəxanasına gələn vali Çeber İl Səhiyyə Müdiri Beytullah Şahindən əməliyyatla bağlı məlumat alıb.
Xəstəxanadan çıxarkən jurnalistlərə açıqlama verən Çeber Meriçin vəziyyətinin yaxşı olduğunu bildirib.
TBMM sədri Numan Kurtulmuş Yeni Partiya Qaziantep millət vəkili Melih Meriçin bıçaqlı hücuma məruz qalması ilə bağlı sosial media hesabında açıqlama verib.
"Yeni Partiya Qaziantep millət vəkili Melih Meriçə qarşı hücumu qınayır, ona tezliklə sağalmasını arzulayıram. Şiddətin heç bir səbəbi, bəhanəsi və legitimliyi ola bilməz. Türkiyə Böyük Millət Məclisi olaraq hər cür şiddətə qarşı durmağa davam edəcək, hücumun bütün aspektləri ilə aydınlaşdırılması və məsul şəxslərin qanun qarşısında cavab verməsi üçün prosesin sonuna qədər işin izləyicisi olacağıq", - deyə Kurtulmuş bildirib.
Daxili işlər naziri Mustafa Çiftçi deputata qarşı hücumun bütün aspektləri ilə aydınlaşdırılması üçün lazımi işlərin davam etdirildiyini bildirib.