Müstəqillik illəri Azərbaycan nəsrində tarixiliyin inikası - Yunus Oğuzun yaradıcılığı əsasında
14 Dekabr 2018 17:46 MədəniyyətGÜLNAR RAMİZ qızı QƏMBƏROVA
AMEA Nizami adına Ədəbiyyat İnstitutu, Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin doktorantı
E-mail: [email protected]
Müstəqillik illəri Azərbaycan nəsrində tarixiliyin inikası (Yunus Oğuzun yaradıcılığı əsasında)
Açar sözlər: müstəqillik illəri, tarixi roman, nəsr, Yunus Oğuz, türk birliyi
Məlumdur ki, Azərbaycan uzun müddət Sovet İmperiyasının hakimiyyəti altında olmuşdur. Bu hakimiyyət ağalığı özünü həm siyasətdə, həm tarixdə, həm də ədəbiyyatda nümayiş etdirmişdir. Belə ki, bədii əsərlərə qoyulan senzuralar bir çox mövzuların diqqət mərkəzindən kənarda qalmasına şərait yaratmışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra ədiblərimiz onların azad şəkildə sözünü deməyə mane olan buxovlardan çətinliklə də olsa yaxa qurtarmağa nail olmuşlar. İdeoloji çərçivələrdən qurtulan yazıçı tarixin ayrı-ayrı dövrlərinə olan yanlış baxışı aradan götürməyə müvəffəq olur. Məhz bu səbəblərdən bu dövrdə bir çox tarixi əsərlər qələm sahiblərinin mövzu obyektinə çevrildi. Həmişə ürəyi millətlə döyünən, öz xalqının qeydinə qalan, onun taleyinə biganə yanaşmayıb, dərdinə şərik olan bir çox görkəmli ədiblərimiz öz yaradıcılıqlarında bu mövzulara tez-tez müraciət etməyə başladılar. Milli tariximizin ayrı-ayrı dövrlərinin təsviri bir çox nəsr əsərlərinin aparıcı mövzusuna çevrilməyə başladı, "qlobal tənhalıq və lokal əlacsızlıq, milli cəmiyyətin dünyaya inteqrasiyası, ictimai və milli mən duyğusunun yenidən təşkili və təşəkkülü" kimi problemlər ədəbiyyatın diqqət mərkəzinə cəlb olundu" [ 2, 3].
Tədqiqata cəlb etdiyimiz tarixi mövzuda yazılmış nəsr əsərlərinə nəzər yetirdikdə görürük ki, bu roman, povest və hekayələrdə yazıçılar müxtəlif məsələlərə diqqət yetirmişlər: milli tariximizin ayrı-ayrı dövrlərini bədii material kimi seçməklə yanaşı, milli birlik, bütövlük, vahidlik ideyalarının yayılmasına çalışmışlar. Bundan başqa, bəzi nəsr əsərlərində isə tarixin keçmiş mərhələləri avtobioqrafik zəmində araşdırılır.
Müstəqillik illərində tarixi əsərlər yaradan yazıçılarımızdan biri də Yunus Oğuzdur. O, "Nadir şah" romanında konkret faktlardan bəhrələnmişdir. Romanda Nadir şah qorxmaz, cəngavər, qüdrətli, türk dövlətlərini birləşdirməyə səy edən bir tarixi şəxsiyyət kimi təsvir olunur. O, Əmir Teymurun, Çingiz xanın tam istila edə bilmədiyi Hindistan torpaqlarını fəth edir, ləl-cəvahirat, qızıllarla zəngin, Moğolların üç yüz qırx səkkiz il topladıqları xəzinəni ələ keçirir. Bu Nadir şaha daha da güclü ordu yaratma, dünya ilə savaşmaq üçün lazım idi: "Nadir xan savadsız olmasına baxmayaraq, hərb üçün doğulmuşdu və hərb işinin dahisi idi. Müasir tarixçilər arasında onu bəzən böyük İsgəndərə, bəzən Napoleona, bəzən də Əmir Teymura bənzədənlər heç də yanılmırlar. O, bir neçə il ərzində işğal edilmiş əraziləri azad etdi, dövlətin ərazisinə yeni torpaqlar qatdı. Bu, onun böyük hərbi strateq olmasına dəlalət edirdi. Onun bacarığı fitrətən idi. O, qəti əmin idi ki, güclü mobil ordu yaratmaq üçün döyüşçülərə ciddi hərbi təlimlər keçilməlidir və daim bu istiqamətdə çalışırdı" [3, 94].
Nadir şah öz hakimiyyəti dövründə dövlətin sərhədlərini möhkəmləndirməklə yanaşı, həm də hərbi dəniz donanması və gəmiqayırma sahəsinin inkişafına böyük əhəmiyyət vermiş, top istehsalı, ölkədə yeni zavodların tikintisinə böyük maraq göstərmişdir. Bütün bunlar, onun mükəmməl dünyagörüşündən, dövlətə uzaqgörən baxışlarından, dahi sərkərdəliyindən xəbər verir. Lakin müəllifin dediyi kimi, "...böyük imperiya yaradan dahi Azərbaycan sərkərdəsinin qılınc gücünə birləşdirdiyi torpaqların, vilayətlərin, əyalətlərin hakimləri heç də mərkəzləşdirilmiş dövlətə daima sədaqətlə xidmət etmirdilər..." [3, 488].
Romanda türklərin bir-birinə qarşı vuruşu müəllif tərəfindən daima etirazla müşahidə olunur. Onun yaratdığı Nadir şah obrazı da bu birlik naminə çalışır və hətta, 1745-ci ildə osmanlılarla olan döyüşdə də onların birinci hücuma keçməsinə sevinir ki, tarixin qınağı Nadir şahın üzərində qalmayacaqdı...Əmir Teymurun məqbərəsində olarkən Nadir şah sanki qeybdən gələn səs vasitəsilə böyük cahangirlə söhbətləşir: "Sultan Bəyazidlə döyüşə görə heyfslənirəm. - Niyə, ustad? Ona görə ki, Sultanı Vyana qapılarından geri qaytardım. Halbuki, Sultanın Avropanı almasına az qalmışdı. Həm də Bəyazidlə çox amansız döyüşüm İstanbulun alınmasını əlli il ləngitdi. Bax, buna heyfslənirəm. Bir də təəssüf edirəm ki, Moskvaya girməyib yarı yoldan qayıtdım. O zaman Moskvanı almaqla bütün Rusiyanı müsəlman etmək olardı" [3, 431]. Müəllifin Nadir şahın elmindən bəhs edərkən qeyd etdiyi fikirlər maraqlıdır. O, birliyi qılınc gücünə yox, elm vasitəsiylə əldə etməyi vacib hesab edir: "Bu birlik üçün elm əsasdır. O zaman nahaq yerə qılıncıma arxalanıb, sufilərin elmini darmadağın etdim. Azərbaycanda, Naxçıvanda onların ustadı Fəzlullah Nəimini zira yerə şaqqalatdırdım. Onun məni o vaxt cahil adlanadırması haqlı oldu. Bütün qələbələrin rəhni elmdir..." [3, 432].
Əsərdə xalqımızın toy mərasimi ustalıqla təsvir olunmuşdur. Qədim milli musiqi alətlərindən olan qaval daşının toyda ifası, Azərbaycanın ustad aşıqlarından olan Xəstə Qasımın obrazı yaradılmışdır. Nadir xanın oğlunun toyunda xanın özü tərəfindən tütək vasitəsilə "Sarı gəlin" xalq mahnısının ifa olunması da maraqlı faktlardan biridir: "Oğuz ellərinin hər bir adət-ənənəsi minilliklərdən keçib gəlmiş, kifayət qədər sınanmış, əhəmiyyəti araşdırılmış, şahlar məclisinin elmi müzakirələrinin mövzusu olmuşdu. Bu adət-ənənələrdə həm də İslam təsiri çox güclü idi. İslam dini Oğuz ellərinə çox az şey gətirmişdi. Çünki onun təlqin etdiyi qayda-qanunların əksəriyyəti burda var idi" [3, 168].
Yunus Oğuz ermənilərin məkrli siyasətlərini hələ Nadir şahın dövründən yürütdüyünü qeyd edir. Onun hüzuruna gələn erməni katalikosu Abram şahdan bütün alban kilsələrinin Üçməzdinə tabe olmasını və bu kilsələrə xidmət etmək üçün Azərbaycana, əsasən də Qarabağa bir neçə erməni ailəsini köçürməyi xahiş edir. Katalikos guya həmin ailələrin kilsəyə xidmət etmək məqsədilə köçürülməsini arzulayır. Nadir şah bu hiylənin əsl mahiyyətini bilməsə də, katalikosla razılşamır.
Nadir şahla türk dünyasında tanınmış şəxsiyyətlərdən olan Nizamül-Mülk arasında olan maraqlı söhbət müəllif tərəfindən ustalıqla təsvir olunmuşdur. Bu mükalimədə Yunus Oğuz Nadir şahın Turan yaratmaq ideyasından bəhs edir. Nizamül-Mülkün timsalında o yazır ki, düşüncələrdə, təfəkkürdə oyanış etmək lazımdır. Nadir şah qılıncın gücünə inanır. Nizamül-Mülk isə qılınc və qələmin birləşməsinə, vəhdət halına gəlməsinə tərəfdardır. Bu məqam bizə Məmməd Səid Ordubadinin "Qılınc və qələm" əsərini xatırlatdı. Qılıncı təmsil edən Fəxrəddin və qələm rolu oynayan dahi Nizamini....O, Nadir şahın türk-islam birliyi naminə hətta şiəlikdən belə imtina etdiyini bilirdi və buna tərəfdar idi. O, şahın ideyalarının daim yaşamasını istəyirdi. Şah da bunu duyurdu: "Ustad Nizamül-Mülk çox dərindən danışırdı. Şahlıq qürurumu bir kənara qoyub, onu başa düşməyə çalışdım. Doğrudan da, əsgərlərimin hamısı, heç yarısı belə, buralara Turan məfkurəsi ilə gəlməmişdi. Onların içində elə qızılbaşlar vardı ki, sabah dünya malı üçün hətta türk olduğunu da danardı. Ustad doğru buyururdu, bunun üçün uzun bir vaxt lazım idi. Amma mən də öz bildiklərimdən əl çəkən deyildim. Axıra qədər, ölənə kimi türk-islam birliyini həyata keçirəcəkdim" [3, 353].
Yunus Oğuz bir çox tarixi əsərlərdə rast gəldiyimiz ümumtürk birliyi məsələsinə geniş yer verir. O, Nadir şah obrazını müsbət planda yaratmaqla, Nadir şah şəxsiyyətinə yeni baxış bucağından yanaşır, eyni zamanda qələmə aldığı konkret tarixi dövrü öz məziyyətlərinə uyğun olaraq bədii boyalarla dolğun şəkildə təsvir edir.
Yunus Oğuzun "Təhmasib şah" romanı Səfəvilər dövlətinin hökmdarlarından olan Təhmasib şaha ithaf olunmuşdur. Yunus Oğuz əvvəlki romanlarında olduğu kimi bu romanda da tarixi dəqiqliyi əks etdirməyə çalışmışdır. Bunun nəticəsində də bu əsər yazıçı fantaziyasından uzaq, tarixi dövrün səciyyəsi, xarakteri və detallarını özündə ehtiva etdiyi üçün maraq doğurur.
Əsər Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin Çaldıran döyüşündəki məğlubiyyətindən sonra cərəyan edən hadisələrlə başlayır. Ölüm ayağında olan şah oğluna belə bir vəsiyyət edir:
" - Yadında saxla! Biz Ağqoyunlular dövlətinin birbaşa varisləriyik. Sən şah övladısan. Babalarında əslində həmişə şah olub. Dərvişlik bizim dini əqidəmizdir. Osmanlılar bizim əcdadlarımızı Bayanduri adlandırırdılar. Bayandur xan Həsən şahın əlli ikinci babası olub, həmişə də bu yerlərdə yaşayıblar. Biz yalnız dövlətin adını dəyişib Səfəvilər qoymuşuq. Qalan heç nə dəyişməyib. Ölkə də həmin ölkədir, millət də, xalq da. Biz onu birləşdirməyə və qüdrətli etməyə çalışmışıq. Mən canımdan çox sevdiyim Azərbaycanımı tam birləşdirə bilmədim. İndi bu şərəfli iş sənin öhdənə düşür. İnanıram ki, sən bunu edəcəksən" [4, 62-63].
Təhmasib atasının ölümündən sonra taxta çıxır. Lakin Şah İsmayıl şəxsiyyətindən fərqli özəllikləri vardır. Belə ki, o, müharibələrdə iştirak edən, qılınc çalan bir qəhrəmandan çox sufi-dərviş ideologiyası ilə mühafizə olunan ideya qəhrəmanı təsiri bağışlayır. Təhmasib şahın bütün fəaliyyəti Azərbaycanı birləşdirmək, ərazi bütövlüyünü təmin etmək olmuşdur.
Əsərdə ortaya qoyulan mühüm məsələlərdən biri türk dünyası arasında olan siyasi ziddiyyətlərin göstərilməsidir. Tarixdən məlumdur ki, Səfəvilər şərqdə özbəklər, qərbdə isə osmanlılarla münaqişədə olublar. Baxmayaraq ki, bu dövlətlər türk dövləti olublar, lakin daima bir-biri ilə torpaq naminə vuruşublar. Osmanlıların Avropa ölkələrinə hücumları bu ölkələrin Səfəvilərlə qarşılıqlı əlaqə qurmasına rəvac vermişdir.
Təhmasib şah uzaqgörən hökmdardır. O, ölkə daxilində sabitliyi bərpa edir, hakimiyyətə can atan əyanları vəzifədən uzaqlaşdırmağa nail olur. Əsərdə böyük bir hissə Səfəvi-Osmanlı müharibələrinə ithaf olunmuşdur. Sultan Süleyman Qanuni dördə dəfə Azərbaycana yürüş edib, lakin bu yürüşlərdən sonra geri qayıdıb. Təhmasib şah təssərrüfatı dağıdır, bütün ərzağı, mal-qaranı məhv etməyi əmr edirdi. Bu onun taktikası idi. Hətta bu fakt tarixdə "yandırılmış torpaq"adı ilə məşhurdur. Sultan Süleyman onu döyüşə təhrik etsə də məğlub olacağını bildiyindən onunla döyüşə girməkdən imtina edir və onun məktubuna belə cavab yazır: "Bütün valıqlardan şəni uca olan Allah Quranda buyurur ki, cihad və qəzavatda özünüzü ölümə verməyin. Bir halda ki, Allah bizə hətta kafirlərlə müharibədə belə bihudə təhlükəyə düşməyi qadağan edir, mən iki müsəlman ordusu arasında müharibəyə fətva verə bilmərəm. Bərabər sayda olmayan ordunu döyüşə apararaq bu müsəlmanları təhlükəyə salmaq istəmirəm" [4, 165].
Yunus Oğuz əsərdə tarixi faktlardan da bəhrələnərək istifadə etmişdir. O, Təhmasib şahın xüsusiyyətlərini aydın şəkildə təsvir edə bilmək üçün Həsən bəy Rumlunun qeydlərindən bəhrələnmiş və yazmışdır ki, "Təhmasib gənclik yaşlarından sonra həmişə dövlət işləri ilə məşğul olurdu. Onun icazəsi olmadan vəzirlər, vəkillər heç kimə bir qara qəpik də verə bilməzdilər. Şah zahiri əalmətlərinə görə hündürboylu, gərilmiş simalı, qolları uzun və sarı bənizli bir şəxs idi. Atasından fərqli olaraq Təhmasib şah dövlət işlərinə daha çox diqqət yetirir, onun birliyini qoruyub saxlamaq üçün tez-tez islahatlar aparır, əhalinin güzəranı və ölkənin varlana bilməsi üçün tədbirlər görürdü" [4, 182].
Yunus Oğuz yüksək yaradıcılıq manevri edərək, əsərdə avropalılardan da bəhs edir və beləliklə, oxucuda da maraq oyatmağa müvəffəq olmuşdur: "Bu avropalılar getdikləri yerin qaydalarına hörmət edib ona uyğunlaşmaqdansa, hər yerdə özlərini göstərməyə, hətta yerli xalqı öz dillərində danışmağa belə məcbur edirdilər. Bu da bir incə siyasət idi. Onların da gücü belə şeylərə çatırdı. Hətta şərqlilər üçün tarixi də gəlib onlar yazır və hətta bu tarixi öz dillərində yazırdılar. Bu bir iltifat nümunəsi idi, yoxsa tarixi öz bildikləri kimi yazmaq siyasəti?" [4, 274-275]. Avropalıların məqsədi həmişəki kimi iki türk dövlətini - Osmanlı və Səfəviləri bir-birinə qarşı qoymaq və bu qarışıqlıqdan öz mənafeləri naminə istifadə etmək idi.
Təhmasib şah özünün şahlığı dövründə çalışır ki, əsl təəssübkeş hökmdar kimi ölkənin varlığını qoruyub saxlasın, Azərbaycan torpaqlarını vahid dövlətdə birləşdirsin. O, buna müəyyən dərəcədə nail olur: Şirvanı fəth edir, Şirvanşahlar dövlətinin varlığına son qoyur, Şirvan torpaqları Azərbacan bəylərbəyliyinə çevrilir. Şəki xanlığının torpaqları da Səfəviləri ərazisinə çevrilir. Lakin bütün bunlarla yanaşı, Təhmasib şah xarici ticarət əlaqələrinə də önəm verir, idxal və ixrac olunan mallara nəzarət etdirirdi.
Tarixi mənbələrə də diqqət yetirəndə məlum olur ki, Təhmasib şah şeirə, sənətə həvəsi olan, elmli bir insan olmuşdur. Səfəvilərin tarixindən bəhs edən tarixçi Oqtay Əfəndiyev yazır: "I Təhmasibin simasında çox cəhətlər onun ağıllı, ehtiyatlı siyasətçi olduğunu göstərir" [1, 128]. O, Təhmasib şahı belə xarakterizə edir: "Təhmasib yetkinlik yaşına çatdıqdan sonra "səhərdən axşama qədər dövlət işləri ilə məşğul olur və bütün işləri özü görürdü. Belə ki, vəkillər və vəzirlər onun icazəsi olmadan heç kəsə bir fəls belə verə bilmirdilər" [1, 130].
Araşdırmamız zamanı belə məlum oldu ki, Yunus Oğuz "Təhmasib şah" əsərində tarixi faktlardan bəhrələnərik maraqlı, diqqətəlayiq tarixi roman yaratmağa nail olmuşdur.
Yunus Oğuz "Əmir Teymur" əsərində ümumtürk tarixini qələmə almağa müvəffəq olmuşdur. O, bu əsərdə Alp Ər Tonqa, Çingiz xan kimi böyük türk fatehlərini xatırlayaraq, maraqlı, diqqətəlayiq bir əsər yarada bilmişdir. Yunus Oğuz Əmir Teymuru ümumi bir obraz kimi təqdim edir. Əmir Teymurun həyatının xronologiyası demək olar ki, oxuculara təqdim olunur. Əmir Teymurun yaşadığı mühit, onun qələbələrinin səbəbi, yaratdığı möhtəşəm dövlət əsərin əsas qayəsini təşkil edir. Əsərdə diqqəti cəlb edən məqamlardan biri də odur ki, Əmir Teymur özünəqədərki böyük türk dövlət xadimləri, sərkərdələri kimi dövlət idarəçilik təcrübəsi, böyük dövlət düşüncəsi olan hökmdarlar sırasındadır. Əmir Teymur dindar insan olmasa da, islam dininin gücü, qüdrəti ilə hesablaşmışdır. Baxmayaraq ki, Əmir Teymur dahi şəxsiyyətdir, o, yeri gələndə, üləmalarla da, dərvişlərlə də məsləhətləşir. Tacirlərdən təkcə ölkənin iqtisadi gücünü artırmaq üçün yox, həm də bir ideoloji vasitə kimi istifadə edir. Əmir Teymurun yürüşlərinin tarixi romanda dəqiq göstərilməklə yanaşı, eyni zamanda, dövlətin tarixi-etnik əsaslarının, yerləşdiyi coğrafiyanın təsvirinə də önəm verilir. Əmir Teymurun Çingiz xanın törəmələri ilə apardığı müharibələr, toqquşmalar, xüsusilə də Osmanlı hökmdarı İldırım Bəyazidlə aralarında baş vermiş müharibələr əsərdə elə verilir ki, burda oxucu Əmir Teymurun birləşdirmək ideologiyası uğrunda vuruşduğunu anlayır və ona haqq verir. Əmir Teymur türk dünyasını öz gücü ilə, özü də təkcə siyasi baxımdan yox, həm də mədəni baxımdan birləşdirməyə çalışan mütərəqqi bir sərkərdə olmaqla yanaşı, qardaşların üz-üzə gəlməsi və bir-birini məhv etməsini törədən bir faciə qəhrəmanıdır.
Əmir Teymur dövlət quruculuğu sayəsində bir sıra işlər görür, yollar çəkir, şəhərlər salır. Bütün bunlar onu göstərir ki, o, öz xalqının, insanların qayğısına qalır. Yunus Oğuz bütün bunları elə dolğun, elə canlı təsvir edir ki, bütün bunlar Əmir Teymurun təbiətinə xas xüsusiyyət kimi nəzərə çarpır.
Yunus Oğuzun digər romanları kimi bu roman da ümumtürk tarixini yazmaq və bu tarixi indiki nəslə çatdırmaq baxımından çox dəyərli bir əsərdir və eyni zamanda, əsərin üstün cəhətlərindən biri onun müasirliyidir. Tarixin konkret dövrdəki materialını yaxşı bilən yazıçı bütün türk dünyasının maraqla qarşıladığı və sevdiyi Əmir Teymur şəxsiyyətinə ithaf olunan bu romanı ilə çağdaş dövrdəki tarixi nəsrimizdə mövcud olan əsərlər sırasına yeni bir əsər gətirməyə müvəffəq olmuşdur.
Araşdırmamız zamanı tədqiqatımızın əsas məqsədi Yunus Oğuz yaradıcılığına nəzər salmaqla çağdaş ədəbi prosesdə onun mövqeyi və təsirini üzə çıxarmaqdan ibarətdir Tədqiqat nəticəsində belə fikir yürütmək olar ki, Yunus Oğuz ayrı-ayrı tarixi dövrlərə, tarixi şəxsiyyətlərin həayatına, onların yaşam tərzinə, bioqrafiyasına müraciət etməklə bir-birindən dəyərli əsərlər yaratmağa nail olmuşdur. Bu romanlarda təkcə Nadir şahın, Əmir Teymurun, Təhmasibin obrazı yaradılmır, eyni zamanda, onların yaşadığı mühit, dövrün koloriti, adət-ənənələr, canlı şəkildə təsvir olunur. Ümumiyyətlə, müəllifin əsərlərində ümumtürk birliyi məsələsinə geniş yer verilir.