İlham Əliyev yazıçı ilə bağlı sərəncam verdi
6 Fevral 2013 19:04 MədəniyyətPrezident İlham Əliyev Ənvər Məmmədxanlının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. "Qafqazinfo"nun məlumatına görə, sərəncamda deyilir: "2013-cü ilin fevral ayında Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri, xalq yazıçısı, istedadlı nasir, dramaturq, ssenarist və tərcüməçi Ənvər Qafar oğlu Məmmədxanlının anadan olmasının 100 illiyi tamam olur.
Ənvər Məmmədxanlı ədəbi prosesə həmişə təravət gətirən əsərləri ilə xalqımızın bədii-mədəni fikir xəzinəsinin zənginləşməsi naminə səmərəli fəaliyyət göstərmişdir. Onun yaradıcılığı ana dilimizə həssas yazıçı yanaşmasının parlaq nümunəsidir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli ədəbiyyatımızın inkişafı sahəsində mühüm xidmətlər göstərmiş Ənvər Məmmədxanlının 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, xalq yazıçısı Ənvər Məmmədxanlının 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".
Prezident həmçinin Akademik Mirəsədulla Mirqasımovun 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. "2013-cü ilin noyabr ayında Azərbaycan Respublikası Elmlər Akademiyasının ilk prezidenti, tanınmış ictimai xadim, ilk azərbaycanlı alim-cərrah, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, akademik Mirəsədulla Mirələsgər oğlu Mirqasımovun anadan olmasının 130 illiyi tamam olur. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə akademik Mirəsədulla Mirqasımovun 130 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin".