"Əkrəm Əylisli ermənilər qarşısında bəraət qazanmaq üçün belə edib"
5 Fevral 2013 15:34 Mədəniyyət"Azərbaycan Yazıçılar Birliyi (AYB) mövcud problemlə bağlı artıq geniş bəyanat yayıb. Bütün iradlarımızı da o bəyanatda bildirmişik. Bir daha qeyd edim ki, xalq yazıçısı Əkrəm Əylislinin bu addımını hamı qınayır. Kim onun yazdığı romanı oxuyursa, dərhal əsəbləşir". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) gənclər üzrə katibi və "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid yazıçı Əkrəm Əylislinin Rusiyanın "Drujba narodov" jurnalında dərc olunmuş romana münasibət bildirərkən deyib.
"O, bu romanı hansı psixi vəziyyətdə və ruhi tələbatda yazıb, hələ də, aydınlaşdıra bilmirik", - deyən R.Məcid əsərin niyə məhz indi ortaya çıxmasına da münasibət bildirib: "Dediyinə görə bu əsər hələ 2006-cı ildən yazılıb. Ancaq əsərin niyə indi ortaya çıxmasını, hələ də, anlaya bilmirik. Təbii ki, bu əsərin məhz Moskvada çap etdirilməsinin səbəbi aydındır. Bu əsər ermənilərə bir mesajdır. Ə.Əylisli ermənilər qarşısında özünə bəraət qazandırmaq üçün belə bir addım atıb".
Qeyd edək ki, dünən Azərbaycan Yazıçılar Birliyində xalq yazıçısı Əkrəm Əylislinin "Daş yuxular" əsəri ilə bağlı müzakirə keçirilib. Tədbirdən sonra AYB əsərlə bağlı sərt bəyanat qəbul edib.