Əkrəm Əylisli məhkəməyə veriləcək
4 Fevral 2013 17:21 MədəniyyətƏkrəm Əylislinin "Drujba narodov" jurnalında işıq üzü görən "Daş yuxular" romanını Irəvan Azadlıq Təşkilatı da hiddətlə qarşılayıb. Təşkilatdan "OLAYLAR"-a daxil olan məlumatda bildirilib ki, IAT Əkrəm Əylislinin adıçəkilən əsərini Azərbaycan xalqına atılmış böhtan və iftira hesab etməklə yanaşi, tarixi gerçəkliklərin, reallıqların təhrifi, eyni zamanda erməni vəhşiliyinin qurbanı olan minlərlə soydaşlarımızın ruhuna təhqir kimi qiymətləndirir. Təşkilatın yaymış olduğu bəyanatda bildirilir ki, Əkrəm Əylisli öz çirkin və məkirli məqsədlərini həyata keçirmək üçün bilərəkdən ermənilərin tarixlər boyu Azərbaycan türklərinin başına gətirdikləri faciələri, kütləvi qətilləri və digər qeyri-insani əməlləri nəinki danmağa çalışır, əksinə həyasızcasına sülhsevər və böyük mədəniyyətə sahib bir milləti-Azərbaycan türklərini layiq olmadiğı prizmada göstərir. Irəvan Azadlıq Təşkilatı bütün yuxarıda sadalananları nəzərə alaraq "Daş yuxular" əsərinin müəllifi Əkrəm Əylislinin Azərbaycan xalqından üzr istəməsini tələb edir. Əks halda bəyan edir ki, Azərbaycan xalqına böhtan atdığına, tarixi faktları və həqiqətləri təhrif etdiyinə görə məhkəməyə müraciət etmək hüququnu özündə saxlayır.