“Əkrəm Əylisli Azərbaycan xalqını çox aşağılayıb” - Yunus Oğuz

“Yazıçı təxəyyülü, yazıçı qələmi əvvəlcə dövlətə, millətə, vətənə xidmət etməlidir”

Xalq yazıçısı Əkrəm Əylislinin Rusiyanın "Drujba narodov" jurnalında dərc olunmuş "Daş yuxuları" romanında Azərbaycan türklərini aşağılaması ziyalıların narazılığına səbəb olub. Yazıçı-publisist, tarixi pomanlar müəllifi Yunus Oğuz "Olaylar"a bildirib ki, əslində bu məsələyə tam qiymət vermək üçün əsəri bütöv oxunaq lazımdır: "Amma oxuduğun fraqmentlərdən də belə başa düşülür ki, Əkrəm Əylisli Azərbaycan xalqını çox aşağılayıb. 20 yanvar, Əylisli və digər  hadisələrində bütövlükdə Azərbaycan xalqını aşağılayıb, erməniləri daha yuxarı qaldırıb. Əkrəm Əylisli təbii ki, gözəl yazıçıdır. Amma yazıçı təxəyyülü, yazıçı qələmi əvvəlcə dövlətinə, millətinə, vətəninə xidmət etməlidir, sonra isə bəşəri ideyalar haqqında fikirləşmək olar. Məsələ bundadır ki, ta qədimdən başlamış 19-cu  əsrə qədər türklərin soyqırıma məruz qalması, Osmanlı dövlətinin içində, Azərbaycanda, konkret olaraq Bakı, Şamaxı, Urmiya, Nertçala, Qarsda Azərbaycan türklərinin soyqırıma məruz qalması, türk diplomatlarının qətlə yetirilməsi ermənilərin hansı xislətə sahib olmasının göstəricisidir. Yəni, faktiki olaraq ermənilər daha çoxsaylı terror təşkilatları yaradıblar, nəinki  azərbaycanlılar. Görünməyib ki, azərbaycanlılar, yaxud Osmanlı türkləri terror təşkilatı yaratsınlar. Yaxşı olardı ki, Əkrəm Əylisli bu tarixləri oxuyaydı və əsəri qələmə alanda başa düşərdi ki, Azərbaycan türklərində ermənilərə qarşı hansl intiqam hissləri yaşanır. Təsəvvür edin ki, 300 minə yaxın Azərbaycan türkü Ermənistandan qovulub, neçə-neçə insan öldürülüb, evi-eşiyi dağıdılıb və onlar da intiqam hissi ilə yaşayanlardır. Faktiki olaraq iki etnosun arasında münaqişə gedir. Əkrəm Əylisli isə bu gün erməni tərəfində durur. Mənim oxuduğum hissələrdən belə aydın olur ki, o, azərbaycanlıları kifayət qədər aşağılayır, hətta Azərbaycan türklərinin qaniçən, vəhşi, mədəniyyətsiz bir obrazını yaradır. Bu da Əkrəm Əylisli kimi yazıçıya heç də şöhrət gətirməyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31