Sənədli film rejissorları Türkiyədə müsabiqəyə dəvət olunub
11 Yanvar 2013 13:50 MədəniyyətTürkiyənin TRT kanalı azərbaycanlı sənədli film rejissorlarını "TRT Sənədli Film Mükafatı-2013"də iştiraka dəvət edib. Dünyanın hər yerindən televiziyalarda çalışan sənədli film rejissorları TRT sənədli film mükafatı müsabiqəsinin qalibi olmaq uğrunda mübarizə aparacaqlar. TRT-nin Bakı nümayəndəliyindən bildiriblər ki, həvəskar və professional sənədli film rejissorlarını dəstəkləmək, müxtəlif ölkələrdən fərqli və yüksək keyfiyyətli sənədli filmləri tamaşaçıya təqdim etmək, rejissorlar arasında fikir mübadiləsinə imkan yaratmaq məqsədi daşıyan "TRT Sənədli Film Mükafatı-2013" üçün müraciətlər keçən il noyabrın 1-dən başlanıb. Milli və beynəlxalq olmaqla iki kateqoriyada reallaşdırılan TRT sənədli film mükafatlarında ilk yarımfinalı keçən filmlər mayın 9-dan 13-dək İstanbulda təşkil ediləcək TRT sənədli film günlərinin final gecəsində rejissorlarının iştirakı ilə tamaşaçı auditoriyasına təqdim ediləcək. ("OLAYLAR"İA)