Habil Əliyevə 150 min dəyərində hədiyyəni kim bağışlayıb? - MÜSAHİBƏ
14 Dekabr 2012 18:27 Mədəniyyət- Necəsiniz, Habil müəllim, hal-əhval?
- Qocalmışam daha, artıq 86 yaşa gəlib çatdım. Qocalanda da bilirsiniz, adam kövrək olur. Anamın şəklini mətbəxdə gözümün qabağına qoyub tez-tez onunla dərdləşirəm. Mən uşaq olanda çox çətinliklə, kasıbçılıqla böyümüşəm. Anam əziyyətimizi çox çəkib. Amma Allah sonradan əlimi çörəyə çatdırdı. İndi hər şeyim var, anam yoxdur. Hər dəfə mətbəxdə çörək yeyəndə şəklinə baxıb deyirəm; ana, sən yeməsən də, mən yeyim sən bax ki, nigaran olmayasan, ruhun şad olsun.
- Kamançanız sizdən küsməyib ki? Axı çoxdandır dilləndirmirsiniz?
- Hiss edirəm inciməyini. Hərdən xəlvətə salıb səbəbini soruşur. Qulağına pıçıldayıram ki, sən növbəni gözlə, hələ vacib işlərim var, onları başa çatdırım, səni də danışdıracağam. Çox tərbiyəlidir. Amma öz kamançamı deyirəm, başqalarının kamançasını demirəm. (gülür). Yerli-yersiz o kamançaya o qədər "qulaqburması" vermişəm ki, bir dəfə də üzümə qayıtmayıb. Bir-birimizə hörmətimiz dərindir. O məni dünyada tanıtdı, şöhrətə çatdırdı.
- Yeri gəlmişkən, bu günlərdə tar alətimiz YUNESKO-nun qeyri-maddi irs siyahısına salındı. Sevindiniz yəqin?
- Sevindim, amma kamançanı da YUNESKO-ya çıxarsalar əla olar. Bu saat bir tarzən gətizdirib tar çaldırsınlar, mən də kamança, görək hansı layiqdir YUNESKO-ya düşməyə?
- Bir ara sizə bahalı kamança bağışlamışdılar. Maraqlıdır, axırda onu kimə bağışlayacaqsınız?
- Evdədir, onu muzeyə hədiyyə edəcəyəm . O kamançanı mənə sənətkara və sənətə dəyər verən gözəl oğlanlardan biri bağışlayıb.
- Deyilənə görə, o kamançanın qiyməti çox bahadır?
- Aşağısı 150 min qiyməti var. Çünki qır-qızıla tutulub, üstündə brilliant daşlar da var.
- Belə hədiyyələr tez-tez olur?
- Olanda olur. Bu yaxınlarda Qırğızıstanda yaşayan bir azərbaycanlı mənə poema həsr edib. "Kamança ilə dialoq" adlı. Əlyazması məndədir, istəsəniz verərəm oxuyarsınız. Orada mənim kamança ilə aramızda olan bütün sirlər açılır.
- Habil müəllim, bir ara efirlərdə şou-biznesdə həddini aşan müğənnilərə kəskin fikirlər bildirirdiniz. İndi nədən susmusunuz?
- Çox danışdım, dedim, xeyri olmadı. Sənət adamı tərbiyəli olmalıdır, danışdığı sözün məsuliyyətini dərk etməldir. Amma indi hərə ağzını qoyub Allah yoluna nə gəldi danışır. Ayıbdır. İlhamə xanım yenə sağ olsun, bizim də əvəzimizə danışır, sözünü deyir. Düz də edir, yoxsa, sənətdə azğınlıq baş alıb gedər. Məndən olsaydı, onu bu işlərə qanuni rəhbər təyin edərdim və qalmaqallara son qoyardı. Onun kimlərəsə qadağa qoymağa haqqı çatır, çünki sənətkardır.publika.az