Bu gün onun doğum günüdür VIDEO

97 il bundan əvvəl bir körpə dünyaya gəldi. Ağlaya-ağlaya böyüyən bu körpə sonralar səsi ilə bütün dünyada məşhur olan bir insana çevrildi. Əlbəttə ki, ağlamaqla deyil, ağlamağı unutdurub, düşünməyə vadar edən əsl səslə, təkrarolunmaz sənət irsi qoyub getməklə. "Azadinform" xəbər verir ki, haqqında bütün xoş sözlərin sadalana biləcəyi bu körpə, sonralar isə təkrarolunmaz avazı ilə məşhurlaşıb dünyada tanınan şəxsiyyətə çevrilən bu insan SSRİ Xalq artisti, fəxrimiz, Azərbaycanı dünyada təbliğ etməkdən usanmayan görkəmli müğənni, ictimai xadim Rəşid Behbudovdur. Bu gün onun doğum günüdür.
Əslən Şuşadan olan Rəşid Behbudov 1915-ci ildə Tiflisdə, vaxtilə bütün şərqdə tanınan xanəndə Məcid Behbudovun ailəsində dünyaya gəlib.
İfaçılığa 1930-cu ildən Tiflisdə başlayan korifey Azərbaycan Dövlət Filarmoniyasının, Opera və Balet teatrının solisti, dövlət konsert ansamblının təşkilatçısı və rəhbəri olub.
1966-cı ildə isə o, musiqi və estrada sənətinin balet, pantomima kimi müxtəlif janrlarını özündə birləşdirən mahnı teatrını təşkil edərək, oranın solisti və bədii rəhbəri olub. Səhnədə olduğu 55 il ərzində Rəşid Behbudov dünyanın 100-dən çox ölkəsinə səfər edib.
Dövrünün Stalin, Mao Dze Dun, Cavaxrlal Neru, İndira Qandi, Suleyman Dəmirəl, Brejnev kimi məşhur siyasi-ictimai xadimləri Rəşid Behbudovun səsini dinləmək üçün onun konsertlərinə gəlib. Korifey həm də milli kinomuzda yaratdığı bənzərsiz rollarla da yadda qalıb.
Xatırladaq ki, Rəşid Behbudov 1989-cu il iyunun 9-da Moskva şəhərində vəfat edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31