Kəndimizin "Hilton"u (ARAŞDIRMA)

ANS PRESS Azərbaycanda ailə turizminin gələcəyi ilə maraqlanıb

Qışın girməsinə, havaların soyuq keçməsinə baxmayaraq, Şəkinin ailə turizmi sektorunda yer qıtlığı yaşanır. Bu günlərdə rayonun evlərinə bir neçə günlük yer üçün müraciət edən bakılı gənclər məyusluqla qarşılaşıblar. Məcbur qalıb daha bahalı xidmət göstərən otellərə üz tutmalı olublar. "İndi yay deyil ki, camaat sərin yerlərə üz tutsun. Qışın bu günündə yerlər niyə tutumalıdır axı?",- deyə gənclər ANS PRESS-in əməkdaşı ilə söhbət zamanı şikayətləniblər.ANS PRESS-in regional bürosu məsələ ilə maraqlanıb və məlum olub ki, bu şəhərdə yanvar tətili qabağı turizmdə, xüsusilə də daha ucuz və rahat xidmət göstərən ailə turizmi sektorunda müştəri gurluğu yaşanır. Büronun məlumatına görə, son illərdə Şəkiyə gələn turistlər, istər yerli və istərsə xarici olsun, evlərdə qalmağa üstünlük verir. Bu isə regionda bu cür xidmət göstərən evlərin sürətlə artmasına səbəb olub. Əgər üç il qabaq Şəkidə 30-40 ev gələn turistləri qarşılamağa hazır olubsa, hazırda bu say 1000-i ötür və bu say getdikcə artmaqdadır. Əvvəllər belə evləri yalnız Şəki xan sarayının ətrafında tapmaq mümkün idisə, indi bu cür xidmət bütün şəhər mərkəzinə, o cümlədən Şəkiyə birləşmiş və sak-massagetlərə məxsus qədim Günəş məbədinin yerləşdiyi Kiş kəndinə də yayılıb. Şəkidə belə bir məkanda gecələmək üçün yerin qiyməti 10 manatdır və orada turist üçün hər cür şərait yaradılıb. Səhər yeməyi və xüsusi yeməklər, o cümlədən məkanın sifarişlə təmizlənməsi üçün əlavə haqq ödənilməlidir. Turistlər bu qiyməti çox əlverişli sayırlar və ona görə də mövsümdən asılı olmayaraq qışda da, yayda da bu evlər həmişə dolu olur və təbii ki, bu, region əhalisinin dolanışığına da müsbət təsir göstərir. Kirayə pulu ilə yanaşı gələn qonaqlar regiondan kənd təsərrüfatı malları və hədiyyələr də alırlar, paralel olaraq restoran biznesi də inkişaf edir. Şəkidə ailə turizminin inkişafı o qədər sürətli gedib ki, artıq xidmət potensialına görə otel biznesinə bərabərləşib - rayonun 20-yə yaxın otel və istirahət məkanında yer sayı təxminən 1000 nəfərə yaxındır. Lakin otellərdə bir yerin qiymətinin ən azı 30 manatdan başlaması ailə turizminin daha çox müştəriyə xidmət etməsinə təkan verir.ANS PRESS-in araşdırmasına görə, ailə turizmi Azərbaycanın başqa regionlarda da yayılıb və regionuna görə qiymətlər dəyişir. Məsələn, Qaxın İlisu kəndi belə yerlər içərisində daha populyar sayılır və burada qiymətlər daha yüksəkdir - orada yer üçün 15-20 manat istəyirlər. Şimal bölgəsində - Quba, Qusar və Xaçmazda isə ailə turizmində xidmət daha ucuzdur. Qusar mədəniyyət və turizm şöbəsinin müdiri David İbrahimxəlilov ANS PRESS-in şimal bürosuna bildirib ki, rayon mərkəzində, rayonun Qayakənd, Çiləgird, Avaran kəndələrində ailə turizmi geniş yayılıb və mövsümdən asılı olmayaraq yerin qiyməti 5 manatdır. Quba rayonunda isə Qəçreş, Təngəaltı, Xınalıq kəndlərində, Xaçmaz rayonunun Muxtadir və Nabran kəndlərində ailə turizmi geniş yayılıb. Bu rayonlar ənənəvi yay turizmi zonası olsalar da, insanlar qış aylarında da buraya meyl edirlər. ANS PRESS-in araşdırmasına görə, hazırda bu rayonların hər birində ailə turizmi sektoru 300-ə yaxın qonağa xidmət göstərimək iqtidarındadır.Cənub zonasının Lerik, Masallı və Lənkəran rayonlarının kəndlərində isə ailə turizmi əsasən yay vaxtlarında xidmət göstərir. Burada isə qiymət yeməksiz 10-20 manat arasında dəyişir. ANS PRESS-in araşdarmasına görə, Azərbaycanın digər bölmələrində - Gəncə ətrafında Xaşbulaq və Hacıkənd zonalarında, Gədəbəydə, İsmayıllı rayonun Lahıc zonasında da yay aylarında kütləvi şəkildə ailə turizmi xidmətləri göstərilir və bir yerin qiyməti orta hesabla 10 manat ətrafında dəyişir.
Lakin bu xidmətlər əsasən qeyri-formal şəkildə göstərilir və ölkə büdcəsinə, o cümlədən ümumi daxili məhsul (ÜDM) göstəricisinə heç bir dəxli yoxdur. Yəni potensialı gündən-günə artan bu sektora maliyyə nəzarətinin təşkili ilə bağlı ciddi problemlər var və sektorla bağlı məlumatsızlıq onun potensialından məqsədə uyğun şəkildə istifadə etməyə də imkan vermir.

Kənd turizmi üzrə mütəxəssis, BDU dosenti Vüqar Dərgahovun ANS PRESS-ə bildirdiyinə görə, Azərbaycanın kənd turizm sahəsində müşahidə olunan bu problem onun təşkil olunmamış turlara əsaslanmasından qaynaqlanır. "Təşkil olunmamış turlarda hər hansı vergi ödəyişindən söhbət gedə bilməz. İnsanlar da evlərini heç bir qeydiyyat olmadan kirayəyə verirlər. Buradan hər hansı bir vergi gəliri götürmək mümkün deyil. Turizm firmaları bunda maraqlı deyil, çünki gəlirlər çox aşağıdır, onlar daha çox xarici turist səfərlərinə maraq göstərirlər".Avropa ölkələrində - İtaliya, Fransa, Avstriya, Danimarka və Niderlandda, Şərqi Avropa ölkələrində - Bolqarıstan, Çexiya və Ukraynada kənd turizmindən böyük vergi gəlirləri əldə edilir. Vüqar Dərgahovun sözlərinə görə, bu ölkələrdə kənd turizm ilə məşğul olan ailələr öz xidmətlərini turizm şirkətləri ilə müqavilə əsasında həyata keçirirlər ki, bunu Azərbaycanda gerçəkləşdirmək mümkün deyil: "Orada dövlət büdcəsinə ödənişlər turoperatorların dövriyyəsindən gerçəkləşdirilir. Bu, ailə turizmi ilə məşğul olanlara ikiqat fayda verir - həm turoperator vasitəsi ilə daimi müştəri təmin edir, həm də vergi ödənilməsi ilə fəaliyyətini leqal müstəviyə keçirir".Ekspertin fikrincə, Azərbaycanın kənd turizmi ilə məşğul olan ailələrə turoperatorlarla müqavilə bağlamaq əlverişli deyil. "Onlar düşünürlər ki, turoperatorlarla müqavilə bağlasalar, qiymətlər bahalaşacaq, indi 20-30 manata verilən otağı 50 manata verməyə məcbur olacaqlar. Təbii ki, belə olanda müştəri itirəcəklər" deyən ekspert hesab edir ki, rəsmi dairələr də onları vergiyə cəlb etməkdə maraqlı deyillər - hər halda, insanlar müəyyən qədər gəlir əldə edirlər, yerli kənd təsərüffatı məhsulları satılır, qismən məşğulluq problemi həll edilir. Yəni ilk baxışdan kənd turizmindən vergi cəlbi həll edilməz problem kimi görünür.Lakin Vüqar Dərgahov bu məsələni də həll etməyi mümkün sayır: "Bu məsələ bələdiyyələr vasitəsi ilə həll edilə bilər - onlara öz torpaqlarını hərraca qoyub pul qazanmağı qadağan etmək lazımdır. Onlar torpaqlarında pansionat tipli istirahət məkanları, təsislər tikə bilərlər ki, həm özləri gəlir götürə bilərlər, həm də dövlətə vergi təmin edərlər. Bu təcrübə Türkiyədə çoxdan var, bu ölkədə bələdiyyə heç bir torpağı satışa çıxara bilməz, sadəcə turizm obyekti tikərək istifadə edə bilər. Hal-hazırda Ukrayna da bu təcrübədən geniş yararlanır"-, deyə Vüqar Dərgahov vurğulayır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31