Nərgiz Cəlilova: “O, verilişə yaraşmır…”
13 Dekabr 2012 18:40 MədəniyyətTanınmış aparıcı Nərgiz Cəlilova Publika.Az-a gənc həmkarlarının çatışan və çatışmayan cəhətlərindən danışdı...
- Yəqin telekanalları izləyirsiniz, bəyəndiyiniz aparıcılardan kimlərin adını çəkərdiniz?
- Mən nə bəyəndiyim, nə də bəyənmədiyim aparıcıların adlarını çəkməyəcəyəm. Əgər hansısa bir proqram olsa, hamı yığışıb öz fikrini söyləsə, mən də konkret fikir bildirərəm. Amma belə söyləsəm inciyəcəklər, sonra özümə düşmən qazanacağam. Ümumi götürəndə yeni nəsil arasında kreativ, dünyagörüşlü aparıcal var; həm oğlanlar arasında, həm də xanımlar arasında.
- Çoxdur?
- Yox. Hər telekanalda ən azı bir sima olmalıdır, maləsəf hələ bu simalar görünmür.
- Aparıcılar hansı halda, sizdə qıcıq doğurur?
- Çox vaxt formada olmurlar, verilişə yaraşmırlar. Yaxud danışığı, geyimi uyğunsuzdur. Mən, ümumiyyətlə, ləhcə, şivə və dialektləri qəbul etmirəm. Bu qəti qadağandır.Televiziyada yalnız şəhər dialektində danışmağa üstünlük verirəm. Amma aparıcıda da günah görmürəm, əslində onlar istiqamətlənməlidirlər. Bəzi adam var ki, özünü kənardan müşahidə edə bilmir. Ona görə də belə aparıcının xətrinə dəysə də, ona qabaqcadan nəyisə başa salmaq lazımdır.
- Nərgiz xanım yadınızdadırsa, "Bu şəhərli" oğlanlar-Coşğunla, Rafael sizi parodiya etmişdilər və orda sizi belə qələmə verdilər ki, guya müsahibinizə danışmağa imkan vermirsiniz. Bu xətrinizə dəyməmişdi ki?
- Onlar mənim qardaşlarımdır, istəyərdim ki, bu parodiyaları artırsınlar. Əgər kimsə parodiya olunursa, bu həmin adamların populyar olmağından xəbər verir. O ki qaldı mənə, mən proqramın ağasıyam və əlbəttə ki, hökmümü göstərəcəyəm. Aparıcı proqramının ağasıdır və o, heç vaxt qonağının yanında özünü zəif, iradəsiz göstərməməlidir. Həm də parodiya hansısa məqamın şişirdilmiş formasıdır, bundan inciməyə dəyməz.
- Amma bu günlərdə millət vəkili Fazil Mustafa onları möhkəm tənqid atəşinə tutdu
- Çox nahaq. Əgər aktyor dondan-dona girə bilirsə, bunu peşəkar səviyyədə edirsə, burada pis nə var ki? Hər halda onların istedadı var ki, diqqət mərkəzindədirlər.
- Telekanallardan dəvət alırsınız?
- Alıram, amma hər dəvəti qəbul etmirəm. Çünki mən istəyirəm efirə eksklüziv olaraq çıxım.