Əli Mirəliyevdən Aygün Kazımovaya ağır İTTİHAM
Əli Mirəliyev: “O elə lüt gəlib lüt də gedəcək”
13 Dekabr 2012 15:15 MədəniyyətŞou-biznes xəbərlərinin həddindən artıq qabardılması Azərbaycanın düyünə düşmüş problemi sayılır. Mütəxəssislər əsasən də televiziyaların bu cür fəaliyyətlərini birmənalı qarşılamırlar. Onların fikirlərinə görə Azərbaycan televiziyaları bu cür yollarla özlərinə kütləvi tamaşaçı auditoriyası qazanmaq istəyirlər. Əməkdar artist, müğənni Əli Mirəliyev bu və digər məsələlərə aydınlıq gətirdi.
-Əli bəy, Azərbaycan televiziyalarının fəaliyyətini necə qiymətləndirərdiniz?
- Azərbaycanda televiziyalar elə bir həddə çatıb ki, insanları cəlb eləmək üçün müxtəlif yollara əl atırlar. Yalançı, həqiqətə uyğun olmayan məlumatlar verirlər. Bu cür məlumatlarla televiziyalar camaatın başını qatır. Televiziyaların məlumatına görə guya dekabrın 12-si dünyanın sonu olmalı idi. Ancaq olmadı. Gördüyünüz kimi artıq ayın 12-dən xeyli müddət keçib. Əvvəllər Azərbaycan Dövlət televiziyasında gənc müğənniləri və professional müğənniləri efirə çıxarmaq üçün vaxt bölgüsü aparılırdı. Gənc müğənnilər efirə çıxmazdan əvvəl öz səsini yoxlatdırırdı, oxuyacağı mahnını hazırlayırdı və sonra da efirə çıxırdı. Amma bu gün efirə çıxan gənclərin hamısı ya həvəskar müğənnidir, ya ara müğənniləridir. Tanımır ki, Nüsrət Kəsəmənli kimdir, Baba Vəziroğlu kimdir, Bəxtiyar Vahabzadə kimdir, bilmir Mikayıl Müşviq kimdir. Televiziyaların bu cür qeyri-professionalları efirə buraxması düzgün addım deyil. Bu gün Azərbaycan televiziyalarının əksəriyyəti bu vəziyyətdədir. Nə qədər gec deyil, bu cür halların qarşısı alınmalıdır.
-Şou-biznes xəbərlərinin bu qədər efirə çıxarılmasına nə ehtiyac var? Ümumiyyətlə şou-biznes nə deməkdir?
- Şou-biznes əhli adı verilən müğənnilərin oxumaqdan başları çıxmır. Onlar səhnədə şou yaradırlar, sənət göstərmirlər. Şou sənət deyil. İndiki müğənnilərin əksəriyyəti şou göstərməklə pul, qazanc əldə edirlər. Həmin kateqoriyaya daxil olan adamlar pul qazanmaq üçün iyrənc, çirkin yollara əl atırlar. Şou-biznes adamları ən pis yollara əl atırlar, ailə münasibətlərini efirə çıxarırlar, camaatın gözü qabağında lüt soyunurlar. Şou-biznes əhlinin çoxusu bu dəqiqə ən gözəl villalarda yaşayırlar, ən bahalı maşınları sürürlər. Adama sual verərlər ki, haradandır bütün bunlar? Qoy qazansınlar, yaşasınlar. Amma, bunları şərəflə qazanmaq lazımdır. Bunlar şərəfsiz ömür yaşayırlar. Ancaq, bütün bunların müqabilində oxumaq yoxdur. Televiyalar Azərbaycan xalqının başını bu yollarla qatırlar. Ona görə də bizim musiqimiz və şou-biznesimiz bu gündədir. İndiki məqamda yaranmış bu vəziyyət insanları mənəviyyatsızlığa, inamsızlığa aparır. Bunların qarşısı təcili şəkildə alınmalıdır. Neçə illərdir deyirəm ki, müğənni, bəstəkar, şair öz işi ilə məşğul olmalıdır. Təsəvvür edin, indi elə insanlar var ki, müğənni, şair olmaya-olmaya mahnı oxuyur, şeir yazır. İndi Üzeyir kimi küçə müğənnilərinin dövranıdır. İndi xalqımızın ən pis günüdür. Bu cür musiqilər cavanlarımızı narkomaniyaya aparır. Vəziyyətin bu yerə çatmasının ən böyük səbəbkarları Azərbaycan televizyalarıdır.
-Bu yaxınlarda Aygün Kazımova adəti üzrə Azərbaycan mental dəyərlərinin əksinə getdi, lüt soyundu və çılpaq şəkilləri internet səhifələrinin üz qabığı oldu...
- Aygün Kazımova elə lüt gəlmişdi də! Bəyəm Aygün Kazımova oxuyan kimi gəlmişdi səhnəyə?! Aygün Kazımova biabırçı kliplərlə, nə bilim "İşıqları söndürün", "Matros gəldi" kimi şeylərlə gündəmə gəlib. Kazımova efir müğənnisi olmayıb. Aygün elə zənn edir ki, guya onun fanat ordusu var, cavanların xoşuna gəlir. Nəticə etibarilə o, bununla özünə imic qazanmaq istəyir. Və sonda da xalq artisti oldu. Yenə də lüt şəkilləri yayılıb. Aygünün siması budur.
Mənsur Rəğbətoğlu