İran YUNESKO-dan TAR istəyir
13 Dekabr 2012 12:35 MədəniyyətXəbər verildiyi kimi Fransada keçirilən YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 7-ci sessiyasında YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısı müzakirə olunarkən Azərbaycan tar ifaçılıq sənəti bu siyahıya daxil edildi. Amma İran İslam Respublikası YUNESKO-nun bu qərarı ilə razılaşmayıb, hətta rəsmi etiraz da bildirib. "Azadinform" xəbər verir ki, etirazı İran Musiqi Evi edib. İran Musiqi Evinin Direktorlar Şurası tərəfindən qəbul olunan etiraz qərarı İranın UNESCO-dakı nümayəndəsi rəsmiləşdirib. Qeyd edək ki, YUNESKO tərəfindən sözügedən qərarın qəbul olunması zamanı İran Musiqi Evinin rəhbərliyini vaxtında məlumatlandırmadığına görə, İranın UNESCO-dakı nümayəndəsinə məsuliyyətsiz damğası vurulub.
Xatırladaq ki, İran tarın tək Azərbaycana deyil, həm də İrana məxsus bir musiqi aləti olduğunu iddia edir. İran tərəfi deyir ki, bu alət İranın cənubunda yarandığına görə, tar UNESCO-da İran və Azərbaycan musiqi aləti kimi qeydiyyatdan keçməlidir.