İlhamə Quliyevadan qəti qərar

Müğənni: "Mənim mülkiyyətim sayılan mahnılarımı toxunulmaz elan edirəm!"

Çoxlarının xalq mahnısı bildiyi və hətta qardaş Türkiyədə türk xalq musiqisi kimi təqdim olunan "Elim gülür", "Toy nəğməsi", "Neyləmişəm" və bir çox mahnılara həyat vermiş xalq artisti İlhamə Quliyeva mülkiyyəti hesab etdiyi mahnılarının müdafiəsinə qalxıb. Azərbaycanın xalq artisti, səhnəmizin primadonnası İlhamə Quliyeva ANS PRESS-ə açıqlamasında, "Mənim mülkiyyətim sayılan mahnılarımı toxunulmaz elan edirəm!", - deyərək müğənnilərə ismarış göndərdi.Xalq artisti məxsusi olaraq onun üçün yazılmış mahnılarının digər sənətçilər tərəfindən ifa olunmasını qəti surətdə qadağan etdiyini bildirdi: "Heç kimə icazə vermirəm mülkiyyətimə təcavüz etsin! Ən pisi budur ki, möhürümü vurduğum şedevr mahnılarımı məndən icazəsiz oxumaları bir tərəfə qalsın, həm də bərbad vəziyyətə salırlar. Məni özümdən çıxaran əsas səbəblərdən biri də budur. Çoxları özünə əziyyət vermək belə istəmirlər, mahnılarımı mənim ifamın üstündə oxuyub, özlərinə populyarlıq qazanmaq istəyirlər. Amma görün alınırmı? Alına da bilməz! Çünki İlhamə İlhamədim. Mənin ifamı təkrarlamaq mümkün deyil."İlhamə xanım ilk ifası ilə həyat verdiyi mahnılarının mülkiyyəti adlandırmasını belə əsaslandırdı: "Əgər korifey bəstəkarımız Fikrət Əmirov 70-ci illərdə şəxsən mənim üçün silsilə mahnılar yazıbsa, demək bu mənim mülkiyyətim sayılır. Emin Sabitoğlu şəxsən mənim səs tembrimə, ifa tərzimə mahnılar bəstələyibsə, bu mənim mülkiyyətim deyil, bəs nədir? Faiq Sücəddinov, Novruz Aslan şəxsən mənim ifamdan bəhrələnib bəstələr yaradırlarsa, bu bəstələr mənim şəxsi mülkiyyətim hesab edilir".

Səhnəmizin primadonnası mahnılarının digər sənətçilər tərəfindən bərbad vəziyyətdə ifa olunmasını təcavüz kimi dəyərləndirir: "Bəli, bu bir təcavüzdür. Bunun başqa adı yoxdur. Möhürünü vurduğum mahnıları oxuya bilmirlərsə özlərini məcbur etməsinlər. Əslində onlar özlərini biabır edirlər. Bəstəkarlarla yanaşı, mənim milyonlarla dinləyici auditoriyam mahnılarımın başqaları tərəfindən səviyyəsiz şəkildə ifa olunması qarşıdırlar.

Sənətkarın ifasında milyonların ürəyini fəth edən "Neylərsən" mahnısı müğənni Rəqsanə tərəfindən "təcavüzə" məruz qaldıqdan sonra, İlhamə xanım ciddi ölçü götürmək qərarına gəlib: "Artıq bu barədə ciddi ölçü götürməyin zamanı gəlib çatıb.", -deyən primadonna komandasına göstəriş verdiyini bildirdi: "Mahnılarımın başqaları tərəfdən ifa olunarsa məni bundan xəbərdar edəcəklər və həmən ölçü götürəcəm. Bundan sonra bir ifaçı mənim mahnılarımın icazəm olmadan oxusa, məndən inciməsin. Mən məhkəmələri gəzən xanım deyiləm. Bu məsələ ilə mənim vəkillərim məşğul olacaq. Bu haqqı mənə Fikrət Əmirovun, Emin Sabitoğlunun ailəsi verib. Elə Faiq Sücəddinov və Novruz Aslan da bəstələrinin icazəsiz, hələ üstəlik səviyyəsiz şəkildə ifa olunmanı qarşıdırlar. Hər dəfə mənə zəng vurub, bunun qarşısını almağımı istəyirlər. "İfa etdiyi mahnılara öz möhürünü vuran sənətkar, indiyədək heç kimin repertuarından mahnı oxumadığını da vurğuladı: "Axı buna ehtiyacım da yoxdur. İnanırsınız, hələ üzə çıxarmadığım nə qədər mahnılarım var. İnşallah onların da zamanı gələcək. İlhamə Quliyeva tükənmir. Çünki, mənimlə işləmək istəyən bəstəkarlar, mahnılarını İlhamə Quliyevanın dilindən eşitmək istəyən musiqiçilərimiz yetərincədir. Amma seçimi yenə də mən edirəm, İlhamə Quliyeva!"
Qeyd edək ki, İlhamə Quliyevanın ifası ilə həyat verdiyi "Mən səni araram" mahnısı sonralar əfsanəvi "Qaya" qrupu, əməkdar artistlər Aybəniz Haşımova, Azərin, Sevda Ələkbərzadə, müğənnilər Aynur İsgəndərli, Nazim və bir çoxları tərəfindən oxunub. Xalq artistinin "Neyləmişəm" mahnısı Brilliant Dadaşova və Röya, "Anam Azərbaycanım" Nadir Qafarzadə, "Toy nəğməsi" xalq artisti Brilliant Dadaşova, "Göy-göl" və "Mən səni araram" Sevda Ələkbərzadə, "Çiçək yağışı" Röya tərəfindən ifa olunub. Hər bir ifaçı mahnıları özünəməxsus tərzdə ifa etsə də, İlhamə xanımın ilk ifası təkrarolunmazlığını qoruyub saxlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31