"Aygün Kazımova, Briliant Dadaşova, Natavan Həbibi, Nigar Camal, Röya..."
Modelyer Sako şou-bizneslə bağlı nələri açıqladı?
11 Dekabr 2012 01:31 MədəniyyətANS PRESS qarşıdan gələn 2013-cü ilin dəbi ilə bağı modelyer Sakodan müsahibə alıb. Söhbət əsnasında modelyer şou-biznes əhlinin necə geyindiyindən də danışıb. Müsahibəni təqdim edirik:
-Geyim insanın daxili dünyasını xarakterizə edir. Bu fikirlə razısız?
-Bəli, razıyam. Çünki geyim insanın zövqündən, səviyyəsindən, dünya görüşündən xəbər verir. İnsanı tanımaq üçün onun geyiminə diqqət yetirmək kifayət edir.
-Amma səhnə adamları geyimlərinə görə çox vaxt qınaq hədəfi olurlar. Sizcə onları qınamaq düzgündür?
-Biz Azərbaycanda yaşayırıq və müsəlmanıq. Bizim öz adət-ənənəmiz var. Düzdür, XXI əsrdi, Azərbaycan inkişaf edən ölkədir. Amma adətimiz ki, dəyişmir. Bəzi müğənilərimiz əcnəbilər kimi efirə çıxır. Daha düşünmür ki, efirə yaşlı nəsil də baxır. Bəzi şou əhli də var ki, yaraşmayanı geyinir. Bu zaman hədəf artıq onun zövqsüzlüyü olur.
-Yeri gəlmişkən, zövqsüz müğənnilərin adlarını çəkə bilərsiz?
-Bir deyil, iki deyil, hansının adını çəkim? Çoxdurlar... Nə geyindiklərini bilmirlər. Çoxları Elza Seyidcahanın geyimini bəyənmir. Vallah, Elza xanım ən azından dəmir karset geyinir. Efirdə samballı görünür. Bunlar isə nə geyindiklərini bilmirlər. Bunlar sənətə toy üçün gələn müğənnilərdi. Onların adlarını çəkməyə belə dəyməz.
-Zövqsüz müğənnilər sizə müraciət etdikdə onları dəyişdirmək cəhdiniz uğurlu olur?
-Düzü mən toy müğənniləri ilə işləməmişəm. Ona görə də heç nə deyə bilmərəm. Heç arzusunda da deyləm.
-Sizin toy müğənniləri adlandırdıqlarınızdan fərqli olaraq öndə gedən müğənnilərimiz xarici ulduzların geyimlərini təkrarlayırlar. Buna necə baxırsız?
-Düzünü desəm pis baxıram. Təkrarlamağı sevmirəm. Bir tərəfdən yaxşıdır ki, inkişaf gedir. Üzdə olan insanlar - daha doğrusu şou-biznes nümayəndələri dəblə geyinmək məcburiyyətindədirlər. Çünki hər ilin dəbini millətə onlar catdırır. Bu prizmadan baxsaq dünya ulduzlarını təkrarlamaqda qəbahət görmürəm. Mən özüm şəxsən Aygün xanımın ad günündə Cennifer Lopezin paltarından tikib hədiyyə etmişdim.
-Sizcə bizim şou-biznesin dəblə, zövqlə geyinən müğənniləri kimlərdir?
-Aygün Kazımova, Briliant Dadaşova, Natavan Həbibi, Nigar Camal, Röya. Çox azdırlar, barmaqla saymaq olar.
-Sizə müraciət edən məşhurlar sizin fikirlərinizlə razılaşırlar? Yəni sizin eskizləriniz üzərində geyinirlər, yoxsa formanı özləri verirlər?
-Bəli. Özləri də çox razı qalıblar. Öz ideyalarını verən müğənnilərimiz də olur.
-Dəbi qabaqlayan sənətçimiz varmı?
-Var. Aygün Kazımova və Briliant Dadaşova. Aygün xanım Ceylo ilə (Cenifer Lopesi), Briliant xanım Ajda Pekkanla ayaqlaşmaqla dəbi qabaqlamağa nail olurlar.
-Siz modelyersiz, amma müğənnilərlə işləyən stlisitlərimiz də var. Stilistlərimizin işləri sizi qane edir?
-Mən Azərbaycanda 2 stilist tanıyıram-Anar Ağakişiyev və Pərviz Mirzəyev. Onların əl işlərini qəbul edirəm. Belə bir atalar sözü var, "Hər oxuyan Molla Pənah Vaqif olmaz". İndi onlar kimi hər fen tutan ya da kayçı tutan stilist olmaz. Bəzi stilistlər var ki, əl işlərini nümayiş etdirməkdənsə, gic-gic geyimlərlə özlərini kloun görkəminə salıb efirə çıxırlar, müsahibə verirlər. Müsahibə verəndə necə bülbül kimi ötürlərsə, heç olmasa bir az da sənətləri ilə məşğul olsunlar.
-Sako bəy, 2013-cü ildə necə geyimlər dəbdə olacaq?
-Bu ilin əsas dəbi dəri ilə parçanın sintezindən yaranmış geyimlərdir. Çiyinlər yenidən dəbə qayıdıb. Fərq ondadır ki, bu dəfə incə çiyinlər dəbdədir. Dəri həm klassik, həm də idman üslübuna gedir. 2013-cü ilin dəbində dəri ilə parçanın sintezindən gecə libasları da tikmək olar.
-Hansı rənglər dəbdə olacaq?
-2013 qara su ilanı üstündə gələcək. Ona görə də bu il ən dəbdə olan rəng qara və yaşıldı. Yaşılın rəngləri isə oynayacaq, tünd yaşıl, meşə yaşılı və sairə.