Toni Brekstonun Bakıya gələ bilməməsinin səbəbi bilindi
10 Dekabr 2012 18:09 MədəniyyətTanınmış amerikalı müğənni Toni Brekston ötən həftə qurdeşənəyi xəstəliyinin ağırlaşması səbəbindən xəstəxanaya yerləşdirilib. Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, tez-tez ağır nəticələrə səbəb olan bu xəstəlik müğənnidə 2010-cu ildə aşkarlanıb. Bundan əvvəl müğənninin babası həmin xəstəlikdən dünyasını dəyişmişdi. Bu barədə Fox telekanalı məlumat yayıb. Dekabrın 7-də axşam müğənni Twitter mikrobloqunda yazmışdı ki, səhhətində əhəmiyyətsiz problemlər var və hazırda xəstəxanadadır. Jurnalistlər isə bu yazıya iki gündən sonra əhəmiyyət veriblər. Toni Brekstonun mətbuat katibi də təsdiqləyib ki, o, qurdeşənəyi xəstəliyinin ağırlaşması səbəbindən xəstəxanaya yerləşdirilib, lakin heç br əlavə şərh verməyib. Müğənni həmin xəstəlik ilə yanaşı, damar daralması xəstəliyindən də əziyyət çəkir. Müğənninin Twitter-inə inansaq, o, xəstəxanadan buraxılıb və hazırda ev şəraitində müalicəsi davam edir. Müğənni bu gün mikrobloqunda yazıb ki, vəziyyəti yaxşıdır və yenidən doğma divarlar arasında olmasına sevinir.
Qeyd edək ki, dünya estradasının ulduzu, 6 Qremmi mükafatının sahibi Toni Brekstonun dekabr ayında Bakıda da konserti nəzərdə tutulurdu. Müğənni dekabrın 17-18-də Heydər Əliyev Sarayında iki günlük solo konsertlə çıxış etməli idi. Müğənninin menecerlərinin sözlərinə görə, Toni Brekston səhhətindəki problemlər aradan qalxdıqdan sonra yenidən şou proqramlarının həyata keçirilməsini və pərəstişkarları qarşısında çıxış etməyi planlaşdırır.
Toni Brekstonun yaxın müddətdə konsert turlarının təxirə salınması ilə əlaqədar dekabrın 17-18-də Heydər Əliyev Sarayında keçirilməsi nəzərdə tutulan konsertin biletlərinin kassaya qaytarılmasına başlanılıb.
Konsertin biletinin satışı ilə məşğul olan Ur Style şirkətindən verilən məlumata görə, alınan biletləri dekabrın 7-dən etibarən hər gün saat 19:00-dək Bülbül prospekti ilə Lev Tolstoy küçəsinin kəsişməsində (Mango mağazasının yanında) yerləşən kassada qaytarmaq mümkündür.