Millət vəkili Elza Seyidcahanın mahnısının yaranmasından söz açdı... VIDEO
"Ən yaxın dostumu anlamağa çalışıram..."
10 Dekabr 2012 17:01 MədəniyyətƏməkdar artist Elza Seyidcahanın ötən həftə media nümayəndələrinə təqdim etdiyi "Sevgililərin rekviemi" adlı yeni klipi bu gündən "YouTube"da internet istifadəçilərinin ixtiyarına verilib. ANS PRESS-in məlumatına görə, mahnının sözlərinin müəllifi millət vəkili Qənirə Paşayeva klipi sosial şəbəkədə yayımlayaraq mahnı haqqında fikirlərini bölüşüb. Mahnını yeni evlənən, nişanlanan bütün dostlarına hədiyyə göndərən Qənirə xanım sözlərin yaranma tarixini belə xatırlayıb:
"Arzu edirəm ki, hər zaman xoşbəxt olsunlar. Ağrı, acı yaşamasınlar. Bu mahnını ithaf etdiyim dostum kimi. Bir gün ən yaxın dostlarımdan biri mənə belə demişdi: "Bilirsən, bəzən ölüm ən gözəl çıxış yolu olur, insanın yaşadığı ağrılardan, acılardan xilas ola bilməsi üçün ən yaxşı çıxış yoludur. "Nə danışırsan?" demişdim. Ölüm heç zaman çıxış yolu ola bilməz. O da mənə baxıb, "Sən heç dünyada ən çox sevdiyin insanı, ilk və son eşqini, sevdiyini itirdinmi? Sən ən böyük, ən gözəl xəyallarının hamısını itirdinmi? Sən heç əbədi bədbəxt olacağın hissini yaşadınmı?" demişdi və əlavə etmişdi, o zaman məni anlaya bilməzsən ki... Ən yaxın dostumu anlamağa çalışıram və bu mahnını ona ithaf edərək yazdım. Onun üçün..."
Qeyd edək ki, "Sevgililərin rekviemi" mahnısının musiqisi bəstəkar-müğənninin özünə məxsusdur.