“Özümü hər səhnədə təsəvvür edirəm” - MÜSAHİBƏ
Xumar Qədimova: “Mənim müəllimim Allahım və özüməm”
10 Dekabr 2012 19:03 MədəniyyətMüğənni Xumar Qədimova unudulan Azərbaycan və Türk mahnılarına yeni nəfəs verəcək. Sənətçi həmçinin solo konsert proqramına da hazırlaşır. X.Qədimova gələcək planları və yaradıcılığı haqqında danışıb:
- Bir il bundan əvvəl təməli qoyulan bir neçə nəğmə bir-birinin ardınca yaya qədər musiqisevərlərin ixtiyarına veriləcək. Bunlardan biri Sona Vəliyevanın sözlərinədir. Onun sərbəst şerinə musiqi bəstələmişəm. Çox gözəl nəğmə olacaq və bu kompozisiyada bir neçə sənət adamı mənimlə birlikdə iştirak edəcək. İdeya mənə məxsusdur. Eyni zamanda, bir neçə qədim, illərin retro Azərbaycan və Türk mahnılarını özünəməxsus formada ifa edəcəm. Bunların arasında Cahangir Cahangirovun "Ay qız", "Qal sənə qurban" kimi ona yaxın mahnı var. Qədim Türk mahnıları silsiləsinə artıq başlamışam. Qədim mahnılarımızı yeni versiyada dinləyəndə adamın xoşuna gəlir. Amma baxır onu hansı formada ifa edirsən. İstər xalq, istər bəstəkar mahnılarını evdə royalın arxasında çalıb oxuyuram, bundan ləzzət alıram. Mərhum sənətkarımız Bəhram Nəsibovun nəğmələrini yeni versiyada ifa edəcəm. Keçən il bu zaman qərara gəldim ki, Ramiz Rövşənin "Gedək biz olmayan yerə" şerinə mahnı yazım və artıq hazırdır. Bu şeri çoxdan sevirdim, ona görə də musiqi bəstələdim. Cəlal Qurbanovun "Yağan yağmur" şerinə mahnı bəstələmişəm. Hazırda Türkiyədə aranjemandadır. Bunun üzərində professionallar çalışırlar. Biri var sadəcə nəğmə, biri də var sadəcə nəğmə olmayan. Bunlar elə-belə mahnılar deyil. Mahnı var ki, dinləyib deyirsən ki, "hə, noolsun....?", mahnı da var ki, dinləyib deyirsən ki, "İlahi, bunlar necə yarandı?"
- Solo konsert gözlənilir?
- Azərbaycanda xeyr, lakin Türkiyədə növbəti solo konsert proqramı ilə çıxış etmək fikrim var. Burada konsert verməyin marağında deyiləm, çünki öz Vətənimdəyəm, məni istədikləri zaman dinləyə bilirlər. Amma Türkiyədə buna ehtiyac var.
- Bir çox müğənni mahnılarını Türkiyədə aranjeman etdirir. Buna səbəb nədir?
- Bu o demək deyil ki, Azərbaycanda yaxşı musiqiçilər yoxdur. Sadəcə olaraq hərdən dəyişiklik lazımdır. Əslində, bizim çox istedadlı aranjemançılarımız var.
- Türkiyədə solo konsertiniz zamanı məşhur Türk sənətçisi Kibariyə ilə duet ifa etdiniz. Sonra duet oxumaq təklifləri oldumu?
- Bəli, duet ifa etmək təklifləri hər zaman olub. Lakin Türk müğənniləri ilə duet oxumaq, onlarla işbirliyini hünər saymıram və heç buna can atmıram. Qoy onlar bizimlə işbirliynə çalışsınlar. Heç kimin ağlına belə gəlməyən Türk sənətçiləri mənə işbirliyi, orada gedib qalıb işləmək təklifi ediblər. Lakin mən Vətəndən ayrı yaşaya bilmərəm.
- İfa etdiyiniz mahnıların sözləri dərin mənalı olmaları ilə seçilir. Söz seçiminə nə qədər vaxt sərf edirsiniz?
- Çox. Kitablar oxuyuram, şeirləri incəliklə seçirəm. Mənim üçün əsas olan içdən gələn sözlərdir. Əgər şeir məni təsirləndirməsə, mahnı dünyaya gəlməz.
- Müğənni üçün gözəl səslə yanaşı, musiqi təhsilinin nə dərəcədə önəmi var?
- Təhsil gözəldir. Müğənnilikdə təhsil sanki, bəzək-düzəkli, işləmələrlə gözəl bir paltar geyinməkdir, amma ona bir az naxış artırmaq üçün "burada bu da olsa daha gözəl olar" kimi mənada təhsilin olması yaxşıdır. Amma "təhsil vacibdir", "onsuz mümkün deyil" fikri ilə razı deyiləm.
- Özünüzə kimi müəllim və ustad hesab edirsiniz?
- Mənim müəllimim Allahım və özüməm.
- Artıq bir çox sənətçi müxtəlif orta və ali musiqi məktəblərində pedaqoji fəaliyyətlə məşğul olurlar. Sizə belə bir təklif olubmu?
- Mədəniyyət və İncəsənət Universitetini bitirəndə mənə orda qalıb dərs demək təklif edildi. Razı olsaydım çoxdan universitetdə müəllimə idim. Lakin razılaşmadım. Çünki ümumiyyətlə, səhər saat 9-da dura bilmirəm. Artıq müğənniyəm deyə belə düşünmürəm. Heç o zamanlar da səhər durmağın tərəfində olmamışam. Çünki sərbəstliyi, sərbəst işi sevirəm. Ona görə də yəqin ki, pedaqoji fəaliyyətlə məşğul olmaram.
- Özünüzü opera səhnəsində təsəvvür edirsiniz?
- Özümü hər səhnədə təsəvvür edirəm. Çünki məndə o qabiliyyət var. Müxtəlif rolların öhdəsindən gözəl gələ bilərəm. Amma əgər Opera və Balet Teatrından söhbət gedirsə, ola bilər ki, o səhnəyə çıxım. Çünki əgər səsdə yanğı varsa, opera səhnəsinə də çıxmaq mümkündür. Məsələn, "Leyli və Məcnun" tamaşasını götürsək, orada muğamın yanğısı var.
- Mahnıların remix versiyasına münasibətiniz necədir?
- Öz bəstəm olan "Unuda bilmirəm" mahnısını ilk dəfə lirik formada oxudum, sonra remix versiyada ifa etdim və gözəl də alındı. Əgər nəyisə gözəl edirlərsə, olsun. Remixin özündə də ürək varsa, içdəndirsə, qulağa xoş gələcəksə olsun. Amma zəhlətökən alınacaqsa, olmaması yaxşıdır. Remixdə də millilik mütləq gözlənilməlidir. Səsdəki xəlqiliyi ortaya qoymusansa, remixdə də bu qalırsa, mütləq gözəl alınacaq. Remixdə də milli kök saxlanmalı və qorunmalıdır.
- Klassik və müasir Azərbaycan musiqisində kimləri dinləyirsiniz?
- Hər zaman Rübabə Muradovanı dinləmişəm. Onun səsindəki yanğını çox sevmişəm və qəbul etmişəm. İndi də Xumar Qədimovanı dinləyirəm (gülür). Özümü dinləyərkən zövq aldığım vaxtlar çox olur. Tənqidi baxımdan yox, lakin bəzi mahnıları daha gözəl oxuya biləcəyimi düşünmüşəm. "Sevgi harayı" mahnımı maşında gələrkən dinləyirəm və düşünürəm ki, necə yarandı? Səbəbini hələ də tapa bilmirəm. Ümumiyyətlə, sevinirəm ki, belə möhtəşəm bir iş gördüm. Xumara kənardan özüm kimi yox, yad kimi baxıram. Dinləyirəm və mahnılarımı ərsəyə gətirdiyimə görə çox sevinirəm.
- Bir çox müğənniyə "Diva", "Super star", "Star" kimi ləqəblər qoyulur. Sizcə, sənətin zirvəsi varmı?
- Səsi ilə səni aparan, ruhunu əlindən alan ürəyi ilə oxuyanları dinləyəndə "İlahi, bu neynədi" deyirsənsə, ona "Diva" demək olar. Bu sözlər hamısı ifadə tərzidir. Mən xoşum gələn olanda "möhtəşəmdir" deyirəm.
- "Şükür Allaha ölməmişəm" mahnısını ifa edəndə bununla sizin bir çoxlarına mesaj çatdırdığınızı dedilər. Bu fikirlər nə dərəcədə həqiqətə uyğundur, bu mahnının konkret ünvanları varmı?
- Heç yatam yuxuma da girməz. Bu mahnı da daxil olmaqla bir neçə nəğməm keçən il bu vaxtlar yarandı. Bu şerdə sadəcə çox gözəl bir fikir var. İnsanlar aradabir ölümü də xatırlamalıdırlar. Çox gözəl sözləri var. Bu sözlər insanlara bir mesajdır. Yəni insanlara deyir ki, bir-birinizi unutmayın, sevin, dəyərlərə sadiq olun. Unudulmamaq elə ölməməkdir. Təbii ki, söhbət umduğumuz yerdən gedir. İnsan hər zaman ümidlərlə yaşayır. Xəstələnərkən deyirik ki, sağalım, balam, evim, yarımı görüm. Bax, bu da həyat həqiqətidir. Hər birimizin başına gəlir. Elə hallar olur ki, "Ay Allah, qurtulum bu hadisədən" deyirik. Təyyarəyə oturanda deyirəm ki, Allahım, məni qoru balamın yanına salamat çatım. Balam üçün yaşamağımı istəyirəm.
- Xumar Qədimova nəyə etiraz edir?
- Təbiətən çılğın insanam. Bu cür insanları da çox sevirəm. Etiraz etmək təkcə dərddən haray çəkmək demək deyil. Sevgidən də haray çəkmək olar. Adi etiraf edəndə də bu içdən gələn bir haraydır. Bu, səs-küylü haray deyil, səs-küylü haray eybəcərdir. Ruhun harayı olmalıdır.
- Mahnılarınız ərsəyə gələndə əhvalınızın buna təsiri olurmu?
- Kefim kök olanda, göylərdə uçduğum zaman bir nəğmə doğulur. Kədərli olanda, aşiq olanda da başqa gözəl nəğmələr yazıram.
- Xumar Qədimova geyimlərini ancaq xarici ölkələrdən alır. Bu həqiqətdirmi?
- Bəli, kliplərim başda olmaqla geyimlərimi ancaq xarici ölkələrdən alıram. Ya bacım, ya özüm, yada ikimiz birlikdə səfərə gedəndə bir yerdə geyim seçirik. Bacım tək harasa gedə bilər, mən onsuz heç yerə gedə bilmirəm. Az hallarda olub ki, mən onsuz səfərə çıxmışam. Amma həyatda daha arığam, bəzən ekranda kök görünürəm. Efirdə həyatdakı kimi görünmürəm. Efirdə özümü bəyənmirəm. Kamera məni çox dəyişir. Bilmirəm günah nədə və kimdədir?
- Özünüzə necə qulluq edirsiniz?
- Çox qaçıram. Qaçmağı çox sevirəm. Başqa heç bir idman növünü sevmirəm. Yeməyi sevirəm, amma istəsəm yeməyə bilirəm. Beynimə əmr verirəm ki, bu gün yeməyəcəm. Qarşıma məqsəd qoyanda tez bir zamanda həm arıqlaya, həm də kökələ bilirəm. Əslində, bu, yaxşı əlamətdir."Azadinform"