Azərbaycanlı müğənninin ifası dünyanın 4 tərəfinə yayıldı
Yunanıstanda keçirilən “Womex” beynəlxalq musiqi festivalının əsas iştirakçılarının ifası toplu şəklində buraxılıb
10 Dekabr 2012 12:09 MədəniyyətBu ilin oktyabr ayında Yunanıstanda keçirilən "Womex" beynəlxalq musiqi festivalının əsas iştirakçılarının ifası toplu şəklində buraxılıb. ANS PRESS-in məlumatına görə, Azərbaycanı bu festivalda təmsil edən xanəndə Qoçaq Əsgərovun ifası da 10 minlərlə tirajlanan diskə daxil edilib. Diskə Azərbaycan xanəndəsinin ifasında "Bayatı-şiraz" muğamından bir parça və "Küçələrə su səpmişəm" xalq mahnısı salınıb.
Qeyd edək ki, yarmarka xarakterli "Womex" beynəlxalq musiqi festival üçün 866 dünya musiqiçilərinin adı namizəd siyahısına daxil edilib. Münsiflər heyəti bunların arasından 34 ən yaxşı ifaçını seçib, festivalın proqramına daxil etdi. Beynəlxalq səviyyəli tədbirin təşkilatçıları və münsiflər heyəti bir neçə həftə öncə isə həmin 34 ifaçıdan 20-sini müəyyənləşdirərək ifasını diskə daxil edib.
Qoçaq Əsgərov ANS PRESS-ə müsahibəsində 10 minlərlə tirajla buraxılmış diskin dünyanın 4 tərəfində satışa çıxarıldığını bildirdi: "Maraq böyükdür, lakin Azərbaycan istisnadır. Yaxşı olardı ki, buradakı şirkətlərdən biri digər ölkələr kimi bu məsuliyyəti öz üzərinə götürərdi" - deyən xanəndə onu da xatırlatdı ki, festivala qatılmasında Mədəniyyət və turizm nazirliyinin və YUNESKO-nun eksperti Sənubər Bağırovanın əməyi olub.
Xanəndə sözügedən festivaldan sonra müxtəlif ölkələrdən olan menecerlər azərbaycanlı musiqiçilərə konsert təklifi ilə müraciət etdiyini söyləyir. Hazırda həmin təkliflər gözdən keçirilir.