Nadir Əzimovdan Müəllif Hüquqları Agentliyinə qarşı ağır ITTIHAMLAR
6 Dekabr 2012 11:30 Mədəniyyət"Bu qurum işinin öhdəsindən gəlmirsə, bağlansın, biz də öz işimizi bilək. Maaş alıb ciblərini doldurmaqdan başqa heç bir iş görmürlər. İki ildir, oğurlanmış mahnılarımın davasını aparıram. Amma özüm deyib, özüm də eşidirəm. Ərizə də yazmışam, ortaya fakt da qoymuşam, lakin "tapa bilmirik" deyib, yaxalarını kənara çəkirlər".
Bir neçə il bundan öncə Əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Nadir Əzimovla Müəllif Hüquqları Agentliyi arasında təməli qoyulan qalmaqal yenidən qızışıb. Səbəb dəyişməz olaraq qalır.
Publika.Az-a müraciət edən bəstəkar oğurlanan mahnılarını geri qaytarmaq üçün heç bir addım atmayan Müəllif Hüquqları Agentliyini "öz işinin öhdəsindən gələ bilməməkdə" ittiham edib. Əcnəbi müğənnilərin həmin mahnıları hələ də oxuması səngiyən qalmaqalı yenidən alovlandırıb. N.Əzimovun dediyinə görə, hələ iki il bundan əvvəl İran müğənnisi tərəfindən onun "Mənə dəniz verin", Türkmənistan müğənnisi tərəfindən isə "Unutdum" mahnısı oğurlanaraq oxunub və hər iki bəstəyə klip də çəkilib:
"Hələ də o musiqilər həmin müğənnilər tərəfindən oxunur. Dəfələrlə Müəllif Hüquqları Agentliyinə yazılı şəkildə müraciətlər etmişik, qurum "biz onları tapa bilmirik" deyib, bəhanə gətirir. Mahnılarımızın ermənilər tərəfindən oğurlandığını deyəndə, sözləri bu olur ki, müharibə gedən ölkəyə bunu sübut etmək çətindir. Yaxşı bu ki, erməni yox, İran və Türkmən müğəniləridir, niyə müəlliflik hüququmuzu qoruya bilmirsiniz?"
Dəfələrlə qurumun sədri Kamran İmanovun qəbulunda olduğunu xatırladan bəstəkar aldadıldığını söylədi:
"Kamran İmanov mənə dedi narahat olma, "oğruları" tapacam, amma xeyri olmadı. Deyirsiz tapa bilmirik, verin İnterpola, tapdırın".