“Türkiyənin gizli agenti Beriya” və “Osmanlının çöküşünə Rusiyadan baxış” kitablarının təqdimatı olub
5 Dekabr 2012 15:33 MədəniyyətDekabrın 5-də Bakıda yazıçı-publisist Adıgözəl Məmmədovun yeni çapdan çıxmış "Türkiyənin gizli agenti Beriya" və "Osmanlının çöküşünə Rusiyadan baxış" kitablarının təqdimatı olub. "Olaylar" xəbər verir ki, tədbirdə bir sıra tarixçi alimlər, QHT, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə bildirilib ki, kitablar tarixi sənədlər və faktiki materiallar əsasında tərtib edilib və indiyə qədər məlum olmayan bir sıra mühüm tarixi həqiqətlər üzərində qurulub. Müəllif bildirib ki, cəmiyyətdə həmişə Mir Cəfər Bağırov barədə ziddiyyətli fikirlər mövcud olub. Məhz bu yanaşma onda Bağırova psixoloji portret baxımından yanaşma həvəsi oyadıb: "Tədqiat zamanı bəlli oldu ki, Bağırovun sağında daim Beriya durur. Hətta Bağırovun "Hümmət" təşkilatı ilə əlaqələndirərək həbsi gündəmə gələndə Beriya onu müdafiə edib. Bu faktların hamısı istintaq materiallarında əksini tapıb". Onun bildirdiyinə görə, Beriya Bakıda təhsil alıb və "Musavat" əks-kəşfiyyatına cəlb edilib. Sonradan o, avtobioqrafiyasında sənədləri saxtalaşdırıb. Azərbaycanda hakimiyyət dəyişikliyindən sonra Nəriman Nərimanov onu milli kadr kimi irəli çəkib. Qeyd edək ki, "Osmanlının çöküşünə Rusiyadan baxış" kitabında "Mental portretlər", "XVIII əsrin əvvəllərində Osmanlı imperiyasında və onun ətrafındakı siyasi vəziyyət", "II Yekaterina dönəmində Rusiya-Osmanlı münasibətləri", "XVIII əsrin sonunda Osmanlı imperiyasındakı təlatümlərdən geosiyasi qüvvələrin yararlanması", "Osmanlı imperiyası - "xəstə dövlət", "Osmanlı imperiyasının parçalanması", "Ermənistan SSR, Azərbaycan SSR, Gürcüstan SSR və Türkiyə arasında RSFSR-in də iştirakı ilə bağlanmış dostluq müqaviləsi" və digər mövzular əhatə olunub. Məlumat üçün onu da bildirək ki, bir sıra kitabların müəllifi olan A.Məmmədov dünyada baş verən proseslər, o cümlədən Osmanlı sultanları, Səudilər sülaləsi, Adolf Hitler, İosif Stalin, Yuri Andropov, Mir Cəfər Bağırov və Müəmmər Qəddafinin psixoloji portretini şərh edib. Müəllifin kitabları ABŞ, Avropa, Avstraliya və İsrailin çoxsaylı universitetlərinin kataloqlarına salınaraq əlavə tədris vəsaiti kimi istifadə edilir. Onun kitabları həmçinin ABŞ-ın dövlət rəhbərlərinin istifadə etdiyi konqres kitabxanasının kataloquna daxil edilib.