Elza Seyidcahan üzr istədi, klip təqdim etdi, əsəbiləşdi

Qeyri-adi layihələrlə hər zaman seçilməyə çalışan bəstəkar-müğənni Elza Seyidcahan çəkilmə tarixi etibarı ilə köhnə, üzə çıxarılma tarixi etibarilə isə yeni klipini təqdim edib."Azadinform xəbər verir ki, Elza Seyidcahan musiqisi özünə, sözləri Qənirə Paşayevaya aid olan, rejissor Nailə Əkbərin operator Mətləb Yaqubovla ərsəyə gətirdikləri "Sevgililərin rekvyemi" mahnısına çəkilən klipin təqdimatını və Türkiyə mədəniyyət sahəsində göstərdiyi fəaliyyətə görə təltif olunduğu mükafatla bağlı Türkiyə səfəri barədə təqdimat mərasimini bu gün Beynəlxalq Mətbuat Mərkəzində gerçəkləşdirdi. Klipin təqdimatının 4 il gecikməsindən sonra, Elza Seyidcahan da mətbuat konfransının vaxtını 1 saat 30 dəqiqə gecikdirdi. Belə ki, müğənni mətbuat konfransına jurnalistlərə deyilən vaxtından düz saat yarım gec gəldi. Amma bu gecikməyə baxmayaraq, tədbirə gələn jurnalistlərin hamısı üçün olmasa da, onu axıradək gözləyənlər üçün klipin təqdimatı baş tutdu. Təqdimatdan sonra alqış sədalarının kəsilməsini gözləmədən sözə başlayan Elza Seyidcahan "Bəyənməyə bilmərəm. Bu klipin çox incə məqamları var. Bodrumda çəkilib" dedi. Müğənninin sonrakı sözlərindən belə məlum oldu ki, klip türk musiqisinin kralı adlandırılan İbrahim Tatlısəsin köhnə otelində, 2009-cu ildə 50 dərəcə istidə lentə alınıb.

Qeyd edək ki, mətbuat konfransında müğənni əslində 5 əsərini təqdim etmək niyyətində idi. Amma gecikməsi səbəbi ilə yalnız "Sevgilərin rekvyemi" klipini təqdim etməklə kifayətləndi. "Mən məkanı səhv salmışdım. Sonra başa düşdüm ki, səhv getmişəm. Oradan bura qayıdanda isə avtomobili elə sürdüm ki, az qala "rekvyem" reallaşacaqdı" deməklə gecikmə səbəbini açıqlayan müğənni "Qənirə Paşayevadan da üzr istəyirəm. Mən bilirəm ki, o, nə qədər məsuliyyətli bir xanımdır. Mən isə onun da adı ilə bağlı olan bir tədbirə gecikdim" dedi. Dövlətin incəsənətə olan qayğısından böyük ürəklə danışan Elza Seyidcahan Q.Paşayevanın da bu istiqamətdə gördüyü işlərin yüksək qiymətə layiq olduğunu bildirdi.

Türkiyədə mükafatlandırılan mahnılardan birini Elza Seyidcahan müğənni Ramalla birlikdə oxuyub. Amma E.Seyidcahan Ramalın tədbirə qatılmadığını görəndə "Əslində Ramal burda olmalı idi. Onun qeyri-müəyyən səbəbdən burda olmamasını mən başa düşə bilmirəm. Yəqin bunun səbəbi bizim özümüzdədir. Ərköyünlük artıq saymamazlığa gəlib çatıb. Amma yenə də bir böyük kimi onu bağışlayıram" - deyərək əsəbini gizlətmək istəsə də alınmayıb.

Xatırladaq ki, Elza Seyidcahan bu gün Türkiyəyə yola düşür. Səfərin məqsədi isə Türkiyədən aldığı mükafatları qəbul etməkdir. Mükafatlandırılanlar arasında millət vəkili Qənirə Paşayeva, Musa Qasımlı, jurnalist Vüsalə Mahirqızı, müğənni Ramal da var.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31