Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları İtaliyada səfərdədirlər
4 Dekabr 2012 13:41 MədəniyyətAzərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Romualdo del Bianko Fondunun dəvətinə əsasən İtaliya Respublikasının Florensiya əyalətinə səfəri başlayıb. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə səfər çərçivəsində 3 dekabr tarixində Fondun qərargahının yerləşdiyi Palaçço Kopini ilə tanışlıq keçirilib, Fondun Prezidenti Paolo del Bianko, Baş katibi Simone Ciometi və Abidələr və Tarixi yerlər üzrə Beynəlxalq Şuranın İtaliya Milli Komitəsinin Prezidenti Maurizio di Stefano ilə görüş baş tutub.
Görüşdə 2013-cü ildə Florensiyada "Azərbaycan irsi festivalı" adlı tədbirin təşkili, ölkəmizdə Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın Milli Komitəsinin (İCOMOS Azərbaycan) yaradılması, 18 aprel - Dünya İrs Günü ilə bağlı qarşılıqlı layihələrin icrası məsələləri müzakirə edilib.
4 dekabr tarixində Florensiyanın Al Duomo görüş mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Romualdo del Bianko arasında gələcək əməkdaşlıqla bağlı Anlaşma Memorandumunun imzalanması mərasiminin keçiriləcəyi nəzərdə tutulub. ("OLAYLAR"İA)