Azərin Türkiyədə fırtına qoparmağa hazırlaşır
"Azərinlə bir Avaz"ın budəfəki qonaqları Malika Eqamberdiyeva və Ahmet Tuzlu olacaq
3 Dekabr 2012 19:40 MədəniyyətAzərin Türkiyədə yenidən fırtına qoparmağa hazırlaşır. ANS PRESS-in məlumata görə, Azərbaycanın əməkdar artisti Türkiyənin TRT Avaz telekanalında aparıcısı olduğu verilişə bu dəfə də türkdilli dövlətlərdən qonaqlar dəvət edib. "Azərinlə bir Avaz"ın budəfəki qonaqları Özbəkistanın çox güclü səsə malik məhşur sənətçisi Malika Eqamberdiyeva və Kərkük türkmənlərinin təmsilçisi Ahmet Tuzlu olacaq. Proqramboyu Azərin qonaqları ilə ortaq türk mədəniyyətlərindən danışacaq, Azərbaycan mahnısı ifa edəcək. Bundan əlavə kərkük və özbək musiqiləri də verilişdə qonaqlar tərəfindən ifa ediləcək.
Proqram hər bazar ertəsi olduğu kimi, bu gün də Azərbaycan vaxtı ilə saat 22:00-da canlı yayımlanacaq. Azərin xanım növbəti verilişi barədə açıqlama verərkən qeyd edib ki, onun bu proqramı aparmaqda əsas məqsədi ortaq türk mədəniyyətlərini təbliğ etmək, əsasən də Azərbaycan musiqilərini, mədəniyyətini daha geniş auditoriyaya çatdırmaqdır: "Mən yaradıcılığımda hər zaman mədəniyyətimizin, musiqimizin təbliğinə üstünlük vermişəm. Bu gün bu təbliğatın Türkiyədən aparılması əslində çox vacib və məsuliyyətlidir. Çalışıram ki, imkan qədər türk dövlətərindən gələn qonaqlarıma Azərbaycan musiqisinin, ədəbiyyatının, incəsənətinin zənginləri barədə məlumat verim".
Yeri gəlmişkən onu da qeyd edək ki, verilişə qoşulmaq istəyən tamaşaçılar internetdə fikirlərini bölüşə bilərlər.