VIII “START” Gənclərin Beynəlxalq Film Festivalının qalibləri bəlli oldu

Bakıda 28, 29, 30 noyabr tarixlərində  gerçəkləşən  VIII  "START" Gənclərin Beynəlxalq Film Festivalı başa çatdı.  Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və  "Cinema" Gənc Kinematoqrafçılar Mərkəzinin təşkilatçılığı ilə  reallaşan festival  İstedadlı və yaradıcı gənclərin II Respublika Toplantısı çərçivəsində gerçəkləşib.

Festivala bu il  Azərbaycan, Türkiyə, Almaniya, Portuqaliya, İspaniya, Polşa, Cənubi Koreya, Pakistan, İran, Rusiya, Gürcüstan, Estoniya, Ukrayna, Serbiya, İslandiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Belorusiya ümumilikdə isə 20 ölkədən 250 -dən çox film göndərilib. Seçim komissiyası festivalın müsabiqə proqramına animasiya, bədii və sənədli film növlərini əhatə edən  87 film daxil edib.
"START" Gənclərin Beynəlxalq Film Festivalının prezidenti Fehruz Şamıyev bildirib ki, kinoforumun məqsədi kino sahəsində tələbələrin əsərlərinin baxışını və müzakirəsini keçirmək, aralarında ən istedadlılarını müəyyən etmək, gənc müəlliflərə dövlət qayğısını və diqqəti artırmaq, onları həvəsləndirmək və müvafiq sahə üzrə dünya praktikasında baş verən proseslərlə tanış etməkdir. "Bununla yanaşı, festival yerli tələbə rejissorların əcnəbi həmkarları ilə əlaqələr qurmalarının başlanğıc nöqtəsidir". Bu ilki festivalın daha çətin keçdiyini bildirən F.Şamıyev bunu festivalın əhatə dairəsinin genişlənməsi, qatılan ölkələrin və göndərilən filmlərin çoxluğu ilə əlaqələndirib. "Qaliblərin müəyyənləşdirilməsində jüri üzvləri çox gərgin müzakirələr apardılar. Nəhayətdə, VIII "START"ın qalibləri müəyyənləşdi".  
Festivalın beynəlxalq münsiflər heyətinə sədrlik edən Xalq artisti, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova festivaldan bol enerji aldığını bildirərək "Nə qədər ki, gənclərin festivalı olacaq, orada yalnız münsiflər heyətinin sədri kimi deyil, adi üzvü kimi belə iştirak etməyə hazıram", deyə əlavə edib. Festival çərçivəsində maraqlı yerli filmlər izlədiyini bildirən yerli münsiflər heyətinin üzvü rejissor Elxan Cəfərov "START"ın  gələcək illərdə əhatə dairəsinin daha da genişlənəcəyinə əminliyini qeyd edib. Müsabiqənin qalibləri "Ən yaxşı bədii film" nominasiyasında- Türkiyə, "Ən yaxşı sənədli film"- Almaniya, "Ən yaxşı cizgi filmi"- İran, "Ən yaxşı eksperimental film"- Rusiya iştirakçısı olub.

"Yerli" müsabiqə proqramının qalibləri isə "Ən yaxşı bədii film"- nominasiyasında Ər Toğrul Kamalov  "Ömürlük əsir",
"Ən yaxşı eksperimental film" üzrə isə  Emin Pənah "Motivasiya" filmi ilə qalib olub.
Qaliblərdən başqa "Cinema" Gənc Kinematoqrafçılar Mərkəzi iki filmə xüsusi mükafat təqdim edib.  ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31