İbrahim Tatlısəs hər şeyi danışdı, hönkürüb ağladı - FOTO
3 Dekabr 2012 13:00 MədəniyyətTürkiyənin tanınmış sənətçisi, "İmperator" ləqəbli müğənni İbrahim Tatlısəs Hürriyet-ə geniş müsahibə verib.
Milli.Az bildirir ki, Tatlısəs sui-qəsddən sonra ilk dəfə olaraq həyatı, ağrıları və sevincləri barədə açıq danışhıb.
"Beynimdə o səs qaldı: şıp, şıp..."
"Güllənin gəldiyi anı xatırlayıram. Maşındaydım, arxaya çevrilərək proqramla bağlı İpək xanıma nə isə deyirdim. Atəşin açıldığı maşını görmədim, sən demə, yanımızdan keçibmiş. Bir səs eşitdim. Sonra isə damlayan qanın "Şıp, şıp" səsini xatırlayıram sadəcə. Başımın içində qan, yoxsa çiynimə damlayan qan - bilmirəm. Beynimdə o səs qaldı: şıp, şıp...
İkinci güllə burnumun ucunu sıyırıb İpək xanımın boğazına girdi. Xəstəxanaya çatdırılanda da həkimlər ilk öncə İpək xanıma yardım etməyə çalışıblar, çünki o məndən daha çox qan itirmişdi", - Tatlısəs deyib.
"Sonra qələm istədim, kağıza "Mələk" yazdım"
Tatlısəs bildirir ki, həkimlərin ona "Bizi eşidirsiniz? Bir işarət verin" səslərini duyubmuş: "Bəli, duyurdum, amma səsim çıxmırdı ki... Bu arada qoluma qan köçürmək üçün nə isə yapışdırmışdılar. Çox ağırlıq verirdi mənə. Dişlərimlə çıxarmağa çalışırdım qolumdakı bağlını, amma kimsə anlamırdı. Axırda oğlum Əhməd anladı, sökdü çıxardı o bağlını qolumdan. Çox rahatlaşdım. Sonra qələm istədim, kağıza "Mələk" yazdım. Niyə belə yazdım, bilmirəm. Bəlkə də qızım Mələk Zibeydənin adını yazmışam..."
Tatlısəsin dediyinə görə, həmin güllə ona 40-50 milyon dollara başa gəlib.
"Vurulandan bəri biznesdəki itkilərim 40-50 milyon dollara çatdı. Yalnız müalicə xərclərindən yox, aylıq 400-500 min dollarlıq zərərdən danışıram. O çarx iki ildir ki, dönmür. Üstəlik, müalicə xərcləri. Almaniyada yatdığım xəstəxananın sadəcə, bir günlük yataq xərci 2 min avro idi. Gerisini sən düşün. Şükür Allaha, problemlərin 80 faizi arxada qalıb. Allahın izni ilə gələn il həm musiqi, həm də biznes həyatıma geri dönəcəyəm", - sənətçi deyib.
"Axırda cin təpəmə vurdu"
İbrahim Tatlısəsin dediyinə görə, Almaniyada xəstəxanada olanda sadəcə, TRT Türk telekanalına baxa bilirmiş: "Bir gün, iki gün, üç gün... TRT Türk-də elə hey eyni proqramlar, eyni verilişlər. Axırda cin təpəmə vurdu, TRT-yə zəng vurub dedim ki, ay kişilər, bəsdir də! Allah rizası üçün dəyişdirin bu proqramları. Sonra uşaqlar planşet kompüter gətirdilər, oradan da bütün telekanallara baxa bildim. Ən çox baxdığım film "Ay Lav Yu" oldu. Sermiyan Midyat əla film çəkib".
"İmperator" bildirib ki, yataqda olduğu müddətdə sənət aləmindən bir kimsə onu aramayıb.
"Bir Allahın qulu qapını döyməzmi?! Döymədi. Biri soruşmadı ki, bu qədər fəlakət, faciə yaşadın, nəyəsə ehtiyacın varmı?! Borc pula-filan ehtiyacım yox, amma bir xoş söz istədim. Sadəcə, Adnan Şenses aradı, soruşdu. Yerdə qalanlar vəfasızlar... Adnan dedi: "Bankda 200 min lirəm var. Hamısı sənindir. Bir daha söylətmə məni - nə zaman istəsən, o pulu götür. Halal xoşun!"
Tatlısəs hönkür-hönkür ağladı
İbrahim Tatlısəs söhbətinə davam edir: "Bizim köynək butikinin yerləşdiyi binanı terapiya mərkəzi edəcəyəm. Mən də müalicəmi orada davam etdirəcəyəm. Ehtiyacı olanlara yardım edəcək, onları pulsuz müalicə edəcəyik. Müalicəm zamanı necə insanlarla qarşılaşdım - bilsəniz...
Ankaradakı Gülhane Hərbi Tibb Akademiyasında olanda bir qadın gördüm. Yaşlı qadın. Oğlunun ayaqlarının ikisini də dizdən kəsmişdilər. Qadın gördü məni, dedi: "Hər gün sizin üçün Allaha yalvarım, dua edirəm!" Düşünün, oğlunun ayaqları yoxdur, ayaqları! Amma o, mənimçün dua edir. Belə şey necə ola bilər?!"
Bunları deyəndə Tatlısəs hönkür-hönkür ağlayıb.
"Qızım olacaq!"
Tatlısəsin sözlərimə görə, onu ayağa qaldıran insanların sevgisidir və bu səbəbdən də İstanbulda terapiya mərkəzi tikərək insanlara olan borcunu qaytarmağa çalışacaq.
Tatlısəs sonda bildirib ki, həyat yoldaşı Ayşegül xanım hamiləliyin 6-cı ayındadır: "Gələn ilin fevralın 14, ya da 15-də ana olacaq. Bunu dəqiq bilirəm. Qızım olacaq! Hələ ad qoymamışıq. Vaxt var, taparıq adı".