Ərdoğan və Tatlısəsin “bığ”ının sirri

Məşhur ingilis qəzet Orta Şərq kişilərinin "bığ əməliyyatı"ndan yazdı. "Qafqazinfo"nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İngiltərənin "Daily Mail" qəzeti Orta Şərqdə geniş yayılan "bığ əməliyyatları" ilə bağlı "CNN" televiziyasının hazırladığı proqramı öz internet saytında xəbər mövzusu edib. Qəzet Orta şərqdə bığ modasının artdığını və bununla bağlı "bığ əkdirmə" ("bığ transplatasiyası") əməliyyatının geniş vüsət aldığını qeyd edib.
Qəzetin məlumatına görə, Orta Şərqdə kişilərin bığları "kişilik və güc" simvolu kimi anlaşılır.
"Daily Mail" xəbərdə Türkiyənin ən öndə gedən cərrahlarından biri Səlahəddin Tulunayın bığ əkdirmə ilə bağlı açıqlamasını dərc edib: "Türkiyədə bığ transplatasiyası əməliyyatı son illərdə qat-qat artıb və müştərilərin əksəriyyəti də Ərəb ölkələrindən, İran və Livandan gəlir. Orta Şərqli gənc kişilər bığın onları daha professional və müdrik göstərdiyini düşünürlər. Gənclər bığlarının daha çox İbrahim Tatlısəsin bığı kimi olmasını tələb edirlər".
Türkiyəli cərrah onu da qeyd edib ki, xarizmatik görünmək istəyən bəzi siyasətçilər də bığ əkdiriblər: "Əməliyyat çərçivəsində saçın qalın hissəsindən götürülən saçlar bığ nahiyyəsinə əkilir. Bığların uzanması 6 ay müddətində olur".
Xəbərdə baş nazir Rəcəb Tayyib Ərdoğan ilə "Türk musiqisinin imperator"u İbrahim Tatlısəsin, eləcə də Səddam Hüseyn və Bəşər Əsəd kimi Orta Şərq liderlərinin şəkillərindən istifadə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31