Yuğ Dövlət Teatrının direktoru işgüzar səfərdə
4 Mart 2017 16:45 MədəniyyətYuğ Dövlət Teatrının direktoru Tərlan Rəsulov 5-7 mart tarixlərində İranda işgüzar səfərdə olacaq. Teatrdan "Olaylar" - a bildirilib ki, T.Rəsulov İranın paytaxtı Tehran şəhərində keçirilən beynəlxalq seminarda iştirak etmək üçün dəvət alıb. Dramatik İncəsənət Mərkəzinin təşkilatçılığı ilə təşkil olunan "Özəl və dövlət teatrları arasında münasibət" adlı seminarda Azərbaycanla yanaşı, dünyanın bir çox ölkələrindən - Rusiya, İtaliya, Meksika, İspaniya, Nigeriya, Gürcüstan, Macarıstan, Almaniya, Hindistan, Qazaxıstan və İrandan nüfuzlu teatr xadimləri iştirak edəcək.
Teatr direktorlarının, prodüserlərin, rejissorların, teatrşünasların iştirak edəcəyi Beynəlxalq seminar beynəlxalq teatr əlaqələrinin qurulmasını, teatr idarətməsi ilə bağlı təcrübə mübadiləsini və elmi müzakirələrin keçirilməsini hədəfləyir. Səfərdə T.Rəsulovun İranın teatr xadimləri ilə görüşləri nəzərdə tutulur. Görüşlərdə Azərbaycan-İran teatr münasibətlərinin mövcud durumu, gələcək perspektivləri, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirəsi planlaşdırılır.