Mətanət – Əziz Musa qalmaqalına sözardı
2 İyul 2015 15:07 MədəniyyətMətanət Əsədova - Əziz Musa qalmaqalında hər iki tərəfi dəstəkləyirəm. Həmçinin iki eşşəyin arpasını bölə bilməyənlərdən "ailə məsələləri üzrə ekspert" qayıran o telekanalları da. Camaatın əli diplomlularının diplomları köhnə şəkillər arasında gözəl xatirələrə çevrilərkən, telekanalların qatırın özünə palan etməyə rəva bilmədiyi adamları ayaqyoluna qədər detektiv qismində arxamızca salanda Elzanın "İlin şairi" olacağı məlum idi. Məsələ bu qədər bəsitdir. Bunlar o qədər çeynənilib ki, adamın ağzına almaq düşüncəsi belə ürək bulandırır. Amma həqiqətən Mətanət Əsədova da, Əziz Musa da yaxşı edirlər. Mətanət orada Əziz müəllimə düz dedi ki, "Biz olmasaq sizi kimdi oxuyan?!". Bunun dalında bilirisiz nə dayanır? Üz görə-görə adamın hər şeyinə söymək. Və bu söyüş ürəyə elə biz ləzzətli həzzlə yayılır ki, burax bunu ən çılğın formada qeyd etməyi, qeyri-adi heç nə tapmadan sevincindən oturub adamın ağlamağı gəlir. Bəli, kişinin qızı düz deyir, onlar olmasalar kimdi sizi oxuyan?! Heç kəs. Telekanallar 15-20 dəqiqəlik yemək üçün hazırladığımız masanın üzərini dalbadal "şok"layıb onların alt paltarlarıyla altını-üstünə çevirib, ürəyimizi ağzımıza gətirib axırda mənasız biri işini yemək əvəzinə bizə yedizdirirlərsə, nə hacət, Mətanəti tənqid edək, söyüşə görə Əziz Musanı topun ağzına verib göyə qaldıraq. Belə də ki, Əziz müəllimin alimliyinə tərs mütənasib timsah refleksiylə Mətanəti hopdum udan ağzından çıxan söyüşlərə görə 12 dəfə dizlərimizə vurduğumuz şapalaqla sinir tellərinin silkələnməsindən sonra əsəblərimizin göz yaşlarına çevrilib yambızımızı islatması sözlə ifadə ediləsi kimi deyil.
Əgər fərdlər hər iki tərəfin haqsız olduğunu görməyib tərəf seçirsə, onda Əziz Musa yaxşı iş görür söyməklə, Mətanət yaxşı edir...dır...dir...durrrr.... Əlqərəz, problem o deyil ki, Əziz müəllim Mətanətə "fahişə" dedi, problem odur ki, o niyə telekanalda söyüş söydü. Bildiyim qədər, alim adamı fərqləndirən cəhətlərdən biri məhz sahib olduğu təmkin, səbrdir. Əgər buna sahib deyilsə, Əziz müəllim "A"sız eləcə "Lim"dir. Yəni, kiçik limon, başqa adıyla berqamot portağalı. Mətanət isə həqiqətən müğənnidir, özünün də dediyi kimi "dünyalar qədər sənət"i olan müğənni. Hər insanın özünün bir xəyal dünyası var, orada o hökmdardır. Hətta orada ətrafında əmrlərinə tabe vəzir-üləması və rəiyyəti də var. İnanıram ki, bu qalmaqaldan sonra Əziz Musaoğlu da Mətanətin o dünyasında o üləmanın bir üzvüdür. Lakin, mənim dünyama görə, Əziz müəllimin orada yeri heç də yaxşı pillədə deyil.
Sizi bura yığmaqda məqsədim odur ki, deyim, od olmayan yerdə kabab bişirmək olmaz. Soruşa bilərsiz kababın bura nə dəxli. Amma kabab bişirmək də bir məharət işidir. Şişə çəkiləcək kabab düzgün doğranmayıbsa, şişə yatımlı deyilsə, şiş üstündə tərs fırlanacaq. Hərtərəfli bişirmək üçün ha çevirsən də bir üzü bişəcək, digər üzü çiy qalacaq. İndi bizim bu telekanallar məhz yarıçiy kabablarla doludur. Hərçənd ki, atalar deyir, kabab qanlı igid canlı. Amma ataların da səhvləri ola bilər. Nəbadə, atalara qulaq asıb kababı yarıçiy, yəni qanlı yeyərsiz, etməyin, yoxsa mikroblanarsız. Qoyun yaxşı bişsin, təmkinli olun, bişdikdən sonra yeyərsiz. Yəni demək istədiyim odur ki, telekanallar manqaldırsa, üstünə düzülənlər şişə çəkmək üçün qaydasında hazırlanmamış çiy ətlərdir. Ha çalışırlar ki, "kabab" formasına salsınlar, bir şey alınmır. Bremen çalğıçıları kimi hərəsinin ağzından bir avaz gəlir. Axırda da həm şiş yanır, həm də biz ağzımızın suyunu yığışdıra bilmirik, nəticədə özümüzü boğuruq üzümüzün suyuna.
Belə də ki, narahat olmağa dəyməz hər iki tərəf - həm Əziz müəllim, həm də Mətanət son illərin televiziya məkanında qalmaqal yarada biləcək ən uyumlu cütlükdür. Qazan yuvarlanıb qapağını tapıb. Lütfən, heyrət etməyək. Qaldı ki, nəticəyə. Özünüdərk şüuruna sahib olan hər kəs ilk öncə güzgünü özünə çevirib özüylə qarşılaşmalıdır. Hər kəsdə əskikliklər mütləq var. Əsla bundan utanmaq lazım deyil. Heç kəs anasının qarnında öyrənmir. İnsan əldə etdiklərinin müəyyən qismini özünüdərk şüuruna borcludursa, böyük hissəsini öyrəndiyi insanlara. Əks halda özüylə qarşılaşmaqdan qaçan insan başqasının əlindəki güzgüdə özüylə üzləşəndə qarışqadan "Əjdaha" düzəldəcək. Bu son cümləmin Nadirə qətiyyən aidiyyatı yoxdu...dı..di...du...dü... düüüüdddd...
Mənsur Rəğbətoğlu