Aparıcı Vüsalə Kərimova: "Məni gündə biri ilə tutmusunuz?"

"Space" telekanalının aparıcısı Vüsalə Kərimova prodüseri olduğu müğənni Yaşar Cəlilovla sevgili olması barədə gəzən söz-söhbətlərə münasibət bildirib. Lent.az-ın məlumatına görə, aparıcı bu barədə sosial şəbəkədə yazıb: "Çox əsəbi və gərginəm. Qələt edib bir də üstümə gəlməyin. Deyək ki, Yaşarla sevgiliyik, bundan sizə nə? Kimsiniz? Həyat yoldaşınızı əlinizdən almışam?  Yoxsa məni nəslinizdəki tərbiyəli xanımlar kimi gündə biri ilə tutmusunuz? Nədi sizi yandıran? Mal mənim, mülk mənim, sizə nə? Gözünüz Yaşardadırsa, onun da gözü başqasındadırsa, gedin özünüzə başdan-ayağa baxın. Qüsurlarınızı düzəldin ki, sizi seçsin. Allaha şükür olsun ki, mənim nə sevməyə, nə də sevilməyə ehtiyacım var. Ətrafım, yaxınlarım, doğmalarım, dostlarım məni sevir, çünki sevilməyə layiqəm, o sevgini təmiz qəlbimlə qazanmışam! Sizin kimi içim kin-küdurətli deyil. Həyatdan zövq ala-ala yaşayıram, haqqımdır, boyumdan uzun, dağboyda balam var! Bu mənə yetər! Sizlərə yazığım gəlir, mənim qeybətimi edincə, kimlə harada necə oturub durduğumu özünüzə dərd edincə, həyatınızı qurun. Mən heç vaxt acığ verməyəcəm, kifayət qədər mükəmməl qadınam. Yaşamaq,  xoşbəxt olmaq mənim də haqqımdır, amma kiminlə, harada, necə, onu siz heç vaxt bilməyəcəksiz".

Məsələyə müğənni Yaşar Cəlilov da münasibət açıqlayıb: "Çoxdandır susduğum bir məsələyə aydınlıq gətirmək istəyirəm. Mən Vüsalə Kərimova ilə sevgili deyiləm. Yazdıqlarınıza, dediklərinizə, danışdıqlarınıza diqqət edin. Bu söhbətlərdən iyrənirəm. Bezmişəm... Daha doğrusu bezdirmisiniz. Öz işlərinizlə maraqlanın. Biz Vüsalə xanımla 4 ildir ki, müğənni-prodüser kimi fəaliyyət göstəririk. Həm də ailəvi dostuq. Hər müğənni işlədiyi prodüseri ilə münasibətə girməməlidir. Ağzınıza gələni danışmayın. Bir də mənə bu məsələ ilə bağlı heç nə deməyin, soruşmayın. Əks təqdirdə acı cavab alacaqsınız. Özünüzə və qarşınızdakına hörmət edin. Bu mənim sizə son xəbərdarlığımdır. Artıq-əskik yazanla başqa cür danışacam. Tanışlardan sözü olan nömrəmi bilir. Özümə yazsın, cavabını verim".
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31