Azərbaycan Bəstəkarlar İttifaqının qurultayı keçiriləcək

Bu il Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) qurultayı keçiriləcək. Bu barədə  Trend  çərşənbə günü Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəsmi saytına istinadən məlumat verir.

İttifaqın mətbuat katibi İltifat Hacıxanoğlunun verdiyi məlumata görə, qurultay bu ilin sonuna kimi baş tutacaq və bu günlərdə keçirilməsi nəzərdə tutulan idarə heyətinin iclasında qurultayla bağlı bütün məsələlər, eyni zamanda tarixləri aydınlaşacaq.
Hacıxanoğlu deyib ki, artıq qurultayın hazırlıq prosesinə start verilib. Bu məqsədlə bəstəkarlar haqqında ətraflı məlumatların yer alacağı məlumat kitabçası hazırlanır.

Qurultay müddətində ABİ-yə yeni sədr və idarə heyəti də seçiləcək.
Bəstəkarlar İttifaqının sonuncu qurultayı beş il bundan əvvəl, 2007-ci ilin mart ayında keçirilib və Firəngiz Əlizadə ittifaqın sədri seçilib.
Qeyd edək ki, Azərbaycan Bəstəkarlar İttifaqı 1934-cü ildən SSRİ Bəstəkarlar İttifaqının respublika şöbəsi kimi fəaliyyətə başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31