Yusif İldırımzadənin qaynı qətlə yetirilib, cinayət işi başlanıb

Prokurorluq Yusif İldırımzadənin qohumunun qətli ilə bağlı məlumat yayıb.

Nərimanov rayon prokurorluğundan  verilən məlumata görə, sentyabrın 24-də saat 16 radələrində paytaxtın Nərimanov rayonu ərazisində, 1948-ci il təvəllüdlü Tağıyev Tahir Abbas oğlunun yaşadığı evdə üzərində kəsilmiş-deşilmiş bədən xəsarətləri olan meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən təxirəsalınmaz prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31