“Gözətçinin üst-başı qan içində idi”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət quruluşu əleyhinə fəaliyyətgöstərməkdə, dini düşmənçilik yaratmaqda, qəsdənadam öldürməkdə, oğurluq, quldurluq və terrorçuluqda ittiham olunan "Umar Abu Mücahid" ləqəbli Nurəddin Xəlilovun və onun rəhbərlik etdiyi 17 nəfərlik radikal dini dəstənin növbəti məhkəmə iclası keçirilib. Virtualaz.org bildirir ki, prosesə hakim Zeynal Ağayev sədrlik edib. Prosesdə zərərçəkmiş şəxs qismində Xəzər rayon İcra Hakimiyyətinin əməkdaşı Sərxan Allahverdiyev ifadə verib. O, ifadəsində bağ evlərinə oğru girdiyini və gözətçini bıçaqladığını göstərib: "Gecə saat 3 radələrində qapı bərkdən döyüldü. Qapını açanda gözətçi Gündüzün üz-gözünün qan içərisində olduğunu gördüm. Gündüz üç nəfər maskalı şəxsin evə basqın etdiklərini, onu və arvadını döydüklərini, bıçaqladıqlarını, mənzidə olan qızıl-zinət əşyalarını apardıqlarını dedi". S.Allahverdiyev hadisə barədə DİN-in 102 xidmətinə məlumat verib. Xəzər rayon Polis İdarəsinin əməkdaşlarının hadisə yerinə baxış keçiriblər, bağın gözətçi Gündüz Cəfərovdan və onun həyat yoldaşından izahat alınıb. Sonradan məlum olub ki, evə basqın edən şəxslərdən biri qonşu bağda usta işləyib.

Qeyd edək ki, sözgedən bağ evinə basqında "Umar Abu Mucahid" ləqəbli Nurəddin Xəlilov, Müşfiq Mikayılov və Elçin Məmmədov iştirak edib. Məhkəmə prosesi mayın 23-də davam edəcək. Xatırladaq ki, təqsirləndirilən şəxslər ifadə verməkdən imtina ediblər. Onlar ittihamlarla razılaşmır, məhkəməni qəbul etmir, yalnız Allah qarşısında mühakimə oluna biləcəklərini deyirlər. DİN-in məlumatına görə, 24 noyabr 2014-cü ildə Qəbələ şəhər sakini Vahid Vahabovun yaşadığı evdə odlu silahla qətlə yetirilmiş meyiti tapılıb və faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Araşdırmalar zamanı müəyyən edilib ki, Vahid Vahabovun qonşusu Coşqun Kərimbəyli onun zəngin adam olması barədə yaxın dostları, radikal ekstremist yönümlü dini təriqət üzvləri olan, əvvəllər məhkum edilən Nurəddin Xəlilova, Müşfıq Mikayılova, Rəşad Həşimliyə və Əhməd Kərimova məlumat verib. Onlar Vahid Vahabovun yaşadığı evə basqın edərək külli miqdarda pul və qızıl-zinət əşyaları ələ keçirmək barədə qabaqcadan razılığa gəliblər.

Qeyd olunan tarixdə dəstə üzvləri oğurladıqları avtomobillə Qəbələ şəhərinə gediblər. Səhər saat 4 radələrində üzlərinə maska taxıb quldurcasına Vahid Vahabovun yaşadığı mənzilə soxularaq, odlu silahla onu öldürüb, həyat yoldaşına müxtəlif dərəcəli xəsarətlər yetiriblər. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar dəstənin üzvləri Nurəddin Xəlilov, Müşfıq Mikayılov, Zaur Əliyev və Pərviz Şıxəliyev həbs olunublar. Saxlanılarkən onlardan və axtarış zamanı yaşadıqları mənzillərdən 4 qumbara, "Vinçester" markalı tüfəng, "Revolver" tipli tapança, 40-dan çox müxtəlif çaplı patron, 25 qr heroin, qanunla yayılması qadağan edilmiş 21 ədəd dini ədəbiyyat, 1 internet modemi, 1 balta, 1 çapacaq, maska kimi istifadə olunan 1 idman papağı, kustar üsulla hazırlanmış dəmir borular, tapança və soyuq silah qismində istifadəsi nəzərdə tutulan digər əşyalar götürülüb. Saxlanılan şəxslərin ətrafında həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, dəstə üzvlərinin 18 mart 2014-cü ildə və 18 iyul 2014-cü ildə Bakı şəhər sakinləri Gündüz Cəfərovun və Məcnun Dünyamalıyevin evlərinə quldurluq yolu ilə basqın edərək, ümumilikdə 6400 manat pul, xeyli miqdarda qızıl-zinət və məişət əşyaları aparmaları, avqustun 18-də Xəyal Əhmədova və Hilal Bicanova bıçaqla ağır xəsarət yetirmələri, yanvarın 31-də və fevralın 14-də Sumqayıt şəhər sakinləri Bayram Əliyevə və Tahir Cəbrayılzadəyə məxsus "VAZ-2106" markalı avtomobilləri qaçırmaları, fevralın 16-da isə Ağdaş şəhərində yaşayan Niyazi Əzizovun mənzilindən qızıl, geyim və məişət əşyaları, habelə 1 ov tüfəngi oğurladıqları müəyyən edilib. Araşdırmalar zamanı dəstə üzvlərinin şəxsiyyətlərini təsdiqləyən rəsmi sənədləri bilərəkdən məhv etmələri də məlum olub. Mütəşəkkil dəstənin 18 üzvü həbs edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31