Məhkəmə Fuad Qəhrəmanlı ilə bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasına dair məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb. Bu barədə report-a vəkil Fəxrəddin Mehdiyev deyib. Vəkilin sözlərinə görə, mayın 10-da hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə F.Qəhrəmanlının apellyasiya şikayəti təmin edilməyib. Nəsimi Rayon Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılıb.

Xatırladaq ki, mayın 4-də Nəsimi Rayon Məhkəməsində F.Qəhrəmanlı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 ay artırılıb.

Qeyd edək ki, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı dekabrın 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib. Sonra İstintaq İdarəsi F.Qəhrəmanlı barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Nəsimi Rayon Məhkəməsinə təqdimat verib. Məhkəmənin qərarı ilə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
F.Qəhrəmanlıya qarşı Cinayət Məcəlləsinin 281.1 (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə), 283.2.1 (dini, irqi, sosial nifrət aşılayan çağırışlar etmə) maddələri ilə ittiham irəli sürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31