Pezeşkian Azərbaycan haqda elə söz dedi ki... - “Sensasiya olacaq”

İqtisadçı ekspert: "Azərbaycan bu layihədə daha aktiv iştirak edə bilərdi, əgər..."

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycanla bağlı səsləndirdiyi son bəyanat həm regiondakı geopolitik balans, həm də iqtisadi maraqlar baxımından ciddi rezonans doğurub. Pezeşkian bildirib: "Şimal-Cənub dəhlizi tamamlanarsa, bizə sanksiya tətbiq edə bilməyəcəklər. Əgər mövcud üsullardan istifadə edərək İranın Şimal-Cənub dəhlizini aça bilsək, Özbəkistan, Türkmənistan, Rusiya və Azərbaycan arasında yarana biləcək nəqliyyat sensasiya olacaq, o zaman bizi sanksiyalara məruz qoymaq mümkün olmayacaq".

"Azərbaycan bizim qohumumuz və qardaşımızdır. Necə olur ki, biz ünsiyyət qura bilmirik, amma İsrail bacarır? Əgər bu münasibətlər qurulmayıbsa, günah bizdədir!", - deyə Pezeşkian çıxışı zamanı bildirib.

Bu açıqlama Tehran hakimiyyətinin Qərb sanksiyalarına qarşı iqtisadi müdafiə qalxanı kimi məhz Azərbaycan üzərindən keçən Şimal-Cənub nəqliyyat dəhlizinə böyük ümid bəslədiyini göstərir. Söhbət Hind okeanından başlayıb Fars körfəzi, İran, Azərbaycan, Rusiya üzərindən Avropa bazarlarına çıxışı təmin edən qlobal tranzit xəttindən gedir. Bu dəhliz yalnız İrana deyil, həm də Rusiyaya Qərb sanksiyalarından yayınmaq, Hindistan və Cənub-Şərqi Asiya bazarları ilə birbaşa əlaqə qurmaq imkanı verir.

Tehran yaxşı anlayır ki, dəhliz tam gücü ilə işə düşərsə, Qərbin tətbiq etdiyi maliyyə və logistika məhdudiyyətləri böyük ölçüdə zəifləyəcək. Çünki bu yol sanksiyalara məruz qalmış ölkələr üçün alternativ ticarət arteriyasına çevriləcək. Burada əsas həlledici ölkə isə Azərbaycandır. Şimal-Cənub marşrutunun ən qısa və təhlükəsiz hissəsi məhz Azərbaycan ərazisindən keçir. Bakı artıq illərdir bu layihənin həyata keçirilməsində həm Rusiya, həm də İranla əməkdaşlıq edir, lakin Qərb və regiondakı digər güclərin maraqları səbəbindən proses ləngiyir.

Pezeşkianın bəyanatı göstərir ki, İran üçün bu dəhliz təkcə iqtisadi deyil, həm də siyasi xilas bileti kimi dəyərləndirilir. Lakin məsələ burasındadır ki, dəhliz işə düşsə belə, Qərb İrana qarşı enerji ixracı, bank əməliyyatları, texnologiya transferi kimi sahələrdə sanksiyaları davam etdirəcək. Buna baxmayaraq, logistika və regional ticarət sahəsində Tehran ciddi nəfəs alma imkanı qazanacaq ki, bu da sanksiyaların təsirini azalda bilər.

Bu proses təkcə iqtisadi deyil, həm də siyasi ittifaqların xəritəsini dəyişdirə bilər. İran və Rusiya birgə sanksiyalarından yan keçməyə çalışacaq, Azərbaycan isə həm iqtisadi divident, həm də geosiyasi manevr imkanlarını artıracaq. Pezeşkianın "sensasiya olacaq" sözləri əslində reallıqdan uzaq deyil, lakin bu sensasiyanın miqyası daha çox İranın iqtisadi nəfəs payı ilə məhdudlaşacaq.

İqtisadçı Natiq Cəfərli "Yeni Müsavat"a açıqlamasında bildirib ki, ilk olaraq dəhlizin İran tərəfdən tamamlanması lazımdır, bunun üçün isə Rəşt-Astara istiqamətində 250 km-ə yaxın yeni dəmir yolunun çəkilməsinə ehtiyac var: "Bu layihənin ən yaxşı halda 2027-ci ildə tamamlanması mümkündür. Hələlik işlər çox zəif gedir. Dəmir yolu xəttinin Rusiya tərəfindən maliyyələşməsi nəzərdə tutulurdu, lakin indi Rusiya əlavə vəsaitlərin tapılmasında ciddi problemlərlə üz-üzədir. Ona görə də düşünmürəm ki, tez bir zamanda Fars körfəzindən - Bəndər-Abbas limanından Baltik dənizinə - Peterburqa qədər nəzərdə tutulan dəmir yolu inşa edilərək tamamlansın. Bu, ən azı bir neçə ilə başa gələcək.

Digər tərəfdən, sanksiyalardan yan keçməyə təkcə dəmir yolları mane olmur. Dəmir yolları olsaydı belə, İrana qarşı sanksiyalar davam edəcək. Çünki sanksiyaların ayrı funksiyası var. O, dəmir yollarının və kommunikasiyanın olub-olmamasından asılı deyil. Sanksiya ölkə və şirkətlərə tətbiq olunur. Onlar isə öz reputasiyalarını qorumaq üçün İranla ticarətdən vaz keçirlər. Bütün bunlar onu deməyə əsas verir ki, Pezeşkianın dediklərində müəyyən həqiqət o zaman olardı ki, İranda normallaşma prosesi olsun və ölkə dünya iqtisadiyyatının tərkib hissəsi kimi fəaliyyət göstərsin. Və bunun nəticəsində də Şimal-Cənub dəhlizi vasitəsilə İranın baltik dənizinə Azərbaycan üzərindən çıxışı təmin edilsin. Bu halda dəhlizin İran iqtisadiyyatına müsbət təsiri ola bilər. Lakin dediyimiz kimi, dəmir yolunun çəkilməsi uzun vaxt aparacaq, digər tərəfdən inşa edilsə belə, şirkətlər və ölkələr sanksiyalara görə İranla ticarət əlaqələrindən çəkinəcəklər".

İqtisadçı bildirir ki, İranın əsas ticarət tərəfdaşları Çin və Rusiyadır. Onun sözlərinə görə, Çin üçün dəmir yolunun xüsusi əhəmiyyəti yoxdur: "O, Fars körfəzi vasitəsilə gəmilərlə ticarət edir. Rusiyanın isə Xəzər dənizi üzərindən kiçik gəmilərlə ticarət etməsi mümkündür. Bu dəmir yolunun Azərbaycan üçün xeyri o zaman olacaq ki, həm Rusiyada, həm də İranda normallaşma prosesi olsun. İran və Rusiya üzərindən sanksiyalar götürüləndən və onlar dünya iqtisadiyyatına qayıdandan sonra Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizinin əsas körpüsünə çevriləcək, İran Şimali Avropa ölkələrinə çıxış əldə edəcək. Bu isə indiki şəraitdə, konfiqurasiyada real görünmür.

İndiki halda isə İran ancaq Rusiya və Belarusla ticarət edə bilər. Çünki bu ölkələr də sanksiya altındadır. Onlara təkrar sanksiyaların olub-olmamasının əhəmiyyəti yoxdur. İran Rusiya və Belarusla Azərbaycan üzərindən dəmir yollarının vasitəsilə ticarət edə bilər. Lakin Rusiya ilə ticarət dövriyyəsi o qədər də böyük deyil, 4,2 milyard dollardır. Belarusla isə heç 1 milyarda çatmır".

N.Cəfərli deyir ki, indiki situasiya nəqliyyat dəhlizinin həyata keçirilməsi üçün uyğun şərait vəd etmir: "Burada maliyyələşməni unutmaq olmaz. İran həmin dəmir yoluna əlavə vəsait qoymaq istəmir. Rusiya 2 milyard dollara yaxın maliyyə ayıracağını öz üzərinə götürmüşdü. İndi isə görünür ki, Rusiyanın buna imkanı və fürsəti yoxdur. Yatırım üçün pul tapılsa belə, texniki baxımdan reallaşdırılması ciddi zaman tələb edəcək. Çünki İrandakı dəmir yollarının eni ilə Azərbaycanda və Rusiyadakı dəmir yollarının eni arasında ciddi -15 sm-lik fərq var. Onların uyğunlaşdırılması üçün Azərbaycan sərhədində qatarların təkərlərinin dəyişdirilməsi üçün xüsusi stansiyaların inşa olunmasına ehtiyac var ki, bu da zaman və əlavə vəsait tələb edir. Əsas problem İran və Rusiyanın özündən qaynaqlanır. Onlar öz günahlarına görə dünya iqtisadiyyatından təcrid olunmuş formada yaşayırlar.  Hər iki ölkədə normal sistem olsaydı, Azərbaycan bu layihədə daha aktiv iştirak edə bilərdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31