İnsanların ətraf mühitə, sahibsiz heyvanlara, bütövlükdə ekosistemə münasibəti dəyişib
1 Avqust 12:03 İqtisadiyyatİstiqamət: Ekologiya və ətraf mühitin mühafizəsi
Hazırda dünyamızın üz-üzə qaldığı qlobal qayğılardan biri də ekoloji problemlərdir. Ana dediyimiz təbiət demək olar ki, bəşər insanından yardım istəyir.
"Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin (EMİB) sədri Elman Cəfərli deyir ki,ətraf mühitin mühafizəsi günümüzün aktual məsələlərindən biridir. Öncə ətraf mühitin mühafizəsi anlayışından başlayaq. Ətraf mühitin qorunması anlayışına yaşıllıqların salınması və onlara qayğı, yaşadığımız həyətin, məhəllənin, küçənin, şəhərin məişət tullantılarıdan təmiz saxlanması, su resurslarının qorunması və suya qənaət, plastikdən imtina və s. hərəkətlər daxildir:" Qlobal iqlim dəyişikliyinin fəsadları ilə mübarizə dövrünü yaşayırıq. Yaşadığımız Yer planetində havanın temperaturu son 100 ildə 1 dərəcəyə qədər artıb. Alimlərin hesablamalarına görə, bu gedişlə, yəni heç bir tədbir görülməsə 2100-cü ildə temperatur 6 dərəcəyədək arta bilər. Bu isə Yer kürəsində yaşamı çətinləşdirəcək. Yaşadığımız dövrdə qlobal istiləşmə ciddi fəsadlar verir. Qütb buzlaqları əriyir, içməli su ehtiyatları azalır, quraqlıq artır, əkinə yararlı torpaqlar şoranlaşır. Çaylarda suyun azalması Xəzər kimi daxili dənizlərdə, göllərdə suyun səviyyəsinin aşağı düşməsinə səbəb olur. Qlobal iqlim dəyişiklikləri qədim dövrlərdə də fəsadlar yaradıb. Məsələn, orta əsrlərdə bir neçə yüzil Avropada kiçik buzlaşma adlanan soyuqlaşama müşahidə olunub. Lakin tədricən temperatur normallaşıb. Temperaturun artması Günəş aktivliyinin artması, Yer çəyirdəyinin qızması və s.-dən də ola bilər. Amma qlobal istiləşmə böyük ölçüdə antorpogen amillərin nəticəsidir. Son 50 ildə dünya əhalisi xeyli artıb. Ümumilikdə tarix ərzində 4 sənaye inqilabı baş verib. Yaşadığımız çağa 4-cü sənaye inqilabı deyirlər. Sənayeləşmə, avtomobilin kəşfi insan fəaliyyətini asanlaşdırıb. Bəşər övladının işi xeyli dərəcədə yüngüllləşib. Lakin bütün texnoloji yeniliklər ətraf mühitin korlanması prosesini sürətləndirib. Əhalinin artması şəhərlərin genişlənməsinə, böyüməsinə, iri meqapolislərin yaranmasına səbəb olub. Yaşayış məntəqələri, qəsəbələr yaşıllıqların məhvi hesabına genişlənib. Artan əhalinin ərzaq məhsulları ilə təminatı problemi qarşıda durur. Kənd təsərrüfatı sahələrinin genişlənməsi meşə zolaqlarının azalmasına paralel gedir. Əhalinin artması yeni iş yerlərinin yaradılmasını zəruri edir. Yeni iş yerləri yeni sənaye müəssisələrinin yaradılmasını vacib edir. Sənaye müəssisələri isə atmosferi çirkləndirən əsas faktorlar sırasındadır. Bu gün atmosferi çirkləndirən əsas faktorlar qalıq yanacaqla işləyən nəqliyyat vasitələri və iri sənaye müəsisələridir. Bəs problemdən çıxış yolları varmı? Qalıq yanacaqdan imtina və bərpaolunan enerjiyə keçid əsas çıxış yolu kimi nəzərdən keçirilir. Nəqliyyat vasitələrinin yaşıl enerjiyə keçməsi tədricən həyata keçirilir. Düzdür, bu məhşur brendlərin iflası, sıradan çıxmasına gətirib çıxarır. Bazara yeni oyunçular çıxır. Son illər avtomobil bazarında Çin şirkətləri meydan sulayır. Onlar artıq elektrikli avtomobillər bazarında liderdir. Texnoloji yeniliklər özü ilə işsizlik gətirsə də, bəşər övladının başqa yolu qalmayıb. Yer kürəsində dayanıqlı inkişafı təmin etmək üçün karbon emissiyası azaldılmalı, yaşıl enerjiyə keçilməlidir. Sənaye müəssisələrinin yaşıl enerjiyə keçməsi bir az ağrılı prosesdir. Elə sənaye müəsisəsi var ki onun 150 il yaşı var və hektarlarla ərazini əhatə edir. Bu cür iri müəssisələri rekonstruksiya etmək olduqca çətindir. Həm də texnoloji transferlər odluqca bahalı prosesdir. İri şirkətlər artıq məsrəfdən qaçmaq üçün fəaliyyətini ənənəvi üsullarla davam etdirmək istəyirlər. Lakin 2015-ci il Paris razılaşmasına görə dövlətlər karbon emissiyasının azaldılması üzrə öhdəliklər götürüblər. Azərbaycan 2050-ci ilə qədər karbon emissiyasını 40 faiz azaltmağı öhdəsinə götürüb.
Ölkəmizdə götürülən öhdəliyə uyğun olaraq məqsədyönül iş aparılır. Ölkəboyu yaşıllıqlar salınır, meşə sahələri genişləndirilir. Ölkənin 3 böyük iqtisadi rayonu yaşıl enerji zonaları elan edilib. Ölkəmizdə zəngin həm günəş, həm də külək enerjisi potensialı mövcuddur. Bu potensial öyrənilir və dünyanın yaşıl enerji sahəsində təcrübəsi olan nəhəng şirkətləri ilə əməkdaşlıq edilir. Qaradağda artıq ölkənin və Cənubi Qafqazın ən böyük günəş elektrik stansiyası yaradılıb. Ölkəmiz bərpa olunan enerjiyə keçid məsələsində regionda liderdir. Azərbaycan qlobal iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması və adaptasiya tədbirlərini həyata keçirməkdə bir nümunə yaradıb. Paytaxt Bakının nəqliyyat infrastrukturu yenilənir və yaşıl texnologiyalara əsaslanır. Ölkəmiz hətta kiçik dövlətlərin yaşıl enerjiyə keçidini təmin etmək üçün donor fondların yaradılması təşəbbüsü ilə çıxış edib. Bütün bunlar Azərbaycanın götürdüyü öhdəliklərə sadiq olduğunu sübut edir. Lakin ekoloji problemlər bir ölkənin təkbaşına həll edəcəyi məsələ deyil. Bu problemə kompleks yanaşmaq lazımdır. Bütün dövlətlər obrazlı desək "əlini daşın altına" qoymalıdır. Ekoloji böhran sərhəd tanımır. Məsələn, su resurslarının çirklənməsinin qarşısını alınması bir dövlətin təkbaşına görəcəyi iş deyil. Transərhəd ölkələr bu məsələdə məsuliyyətini dərk etməli, problemin həlli istiqamətində birgə addımlar atmalıdır.
Qlobal iqlim dəyişikliyinin fəsadları ilə mübarizədə su ehtiyatlarına qənaət, səmərəli su idarəetməsi başlıca məsələdir. Bu gün Azərbaycanın əksər bölgələrində suvarma suyu çatışmır. Fermerlər əziyyət çəkirlər. Bunun əsas səbəbi təbii ki, qlobal istiləşmədir. Su ehtiyatları azalıb, qrunt suları quruyub. Lakin problemdən çıxış yolu var. Ənənəvi selləmə suvarmadan imtina olunmalı, fermerlərə damcılı suvarma sistemlərinı çıxış imkanı yaradılmalıdır. Hazırda damcılı suvarma sistemləri bazarda bahadır. Hər fermer üçün əlçatan deyil bu sistemlər. Doğrudur rəsmi qurumlar, banklar əlverişli şərtlərlə kreditlər, fermerlər dəstək paketləri təklif edirlər. Lakin hələ də ölkəmizdə damcılı suvarma sistemləri yayğın deyil. Bu sistemlərin tətbiqi həm torpağın münbit qatının qorunmasını təmin edir, həm də suya qənaət edir.
Ətraf mühitin mühafizəsi dedikdə ilk yada düşən məsələ həm də ekoloji şüurun formalaşmasıdır. Bu iş aşağı yaş qruplarından başlanmalı, davamlı olaraq ekoloji maarifləndirmə aparılmalıdır. Son illər aparılan maarifləndirmə, təbliğat işləri ciddi nəticələr doğurub. İnsanların ətraf mühitə, sahibsiz heyvanlara, bütövlükdə ekosistemə münasibəti dəyişib. İnsanlar yaşıllıq salmağa, ağaclara qulluq etməyə çalışır, buna yönəlik təşəbbüslərə dəstək verirlər."
İbrahim Məmmədli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.