İqlim dəyişikliyi problemi: COP29 necə təsir göstərəcək?
13:10 İqtisadiyyatXüsusilə Sənaye İnqilabından sonra inkişaf edən istehsal texnologiyaları və nəqliyyat imkanları dünyada qlobal böyüməyə yol açdı. Dəmir və avtomobil yollarının sürətli inkişafı, asudə vaxtın və istehlak vərdişlərinin dəyişməsi insanların həyatını kökündən dəyişdi. Bu dəyişiklik ilk baxışda müsbət hal kimi görünsə də, bütün dünyada qıt resursların (enerji, su ehtiyatları və s.) sürətli istehlakının və bu istehlak nəticəsində karbon emissiyalarının artmasının mənbəyi olmuşdur. İqlim dəyişikliyi əsasən süni və təbii ehtiyatlar hesabına dəyişən tarazlıq olsa da, bu gün bu dəyişikliyin kökləri tez-tez insanların həyata keçirdiyi təcrübələrlə əlaqələndirilir.
Qlobal istiləşmə olaraq da adlandırılan iqlim dəyişikliyi, istixana təsirinə səbəb olan karbon qazı və metan kimi qazların səbəb olduğu il ərzində Yer kürəsində havada, quruda və dənizdə ölçülən orta temperaturun artması səbəbindən qlobal iqlimlərdə müşahidə edilən dəyişikliklərdir. İqlimdə baş verən istənilən dəyişiklik təkcə insanlara deyil, həm də bölgədəki bitkilərə, heyvanlara və digər canlılara birbaşa təsir göstərir.
Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. Son 100 ildə Azərbaycan ərazisində orta illik temperaturlar 0,4-1,30C-yə qədər artmışdır. İqlim dəyişmələri fonunda Azərbaycan daşqınlar, qar uçqunları, tufanlar, qasırğalar, dalğalanmalar, güclü küləklər, istiliklər, quraqlıqlar, buzlaqların əriməsi, şoranlaşma, torpaqların deqradasiyası, səhralaşma, yağıntıların və su ehtiyatlarının azalması və s. bu kimi ekstremal iqlim hadisələrinin təsirlərinə məruz qalır. İqlim dəyişmələri həm regional həm də qlobal səviyyədə insanların qida təhlükəsizliyini və suya çıxışını məhdudlaşdırır, aclıq, yoxsulluq və digər ağır sosial-iqtisadi nəticələrə, miqrasiyanın güclənməsinə səbəb olur, yoluxucu və xroniki xəstəlikləri artırır. Təsadüfi deyildir ki, Ümumdünya Səhiyyə Təşkilatı isə 21-ci əsrdə qlobal sağlamlıq üçün ən böyük təhlükə kimi iqlim dəyişmələrini göstərmişdir. Mütəxəssislərin fikrincə, gələcəkdə qlobal istiləşməni minimuma endirmək səyləri uğurlu olsa belə, dəniz səviyyəsinin artması, okean istiliyinin və turşululuğunun yüksəlməsi kimi neqativ təsirlərin müəyyən hissəsinin əsrlər boyu davam edəcəkdir.
Ciddi tədbirlər görülməsə, iqlim dəyişikliyinin qorxulu həddə çatacağı aydın faktdır. Qlobal miqyasda hər kəsi narahat edən və dünyamızın gələcəyini təhlükə altına alan bu vəziyyətlə bağlı son zamanlar ölkələr və iri şirkətlər tərəfindən müəyyən addımlar atılır ki, yaxın günlərdə ölkəmizdə keçiriləcək olan COP29 tədbiri də bunun bariz nümunəsidir. Belə ki, məqsədi Paris sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq olan COP29 konfransı iştirakçı ölkələr üçün yeni öhdəliklər götürmək və iqlim böhranını həll etmək üçün konkret addımlar atmaq üçün bir fürsət, Azərbaycanda keçiriləcək COP29 iqlim fəaliyyətini sürətləndirmək və Paris Sazişinin məqsədlərinə nail olmaq üçün tarixi görüş hesab edilir.
Bəs iqlim dəyişikliyi nədir? Ona nələr səbəb olur və qarşısı necə alınmalıdır? COP29 tədbirinin keçirilməsi bu məsələyə öz töhfəsini necə verəcəkdir?
Ekologiya məsələləri üzrə ekspert Sabir Novruzov bildirib ki, hazırda iqlim dəyişmələri dünyanı narahat edən qlobal problemlərdən biridir:
"Məlum olduğu kimi, XVIII əsrdən etibarən başlayan sənayeləşmə dövründən, xüsusən də XX əsrin ortalarından sonra Yer kürəsinin iqlim sisteminə çox böyük mənfi təsirlər göstərilmiş, digər atmosfer tullantıları ilə yanaşı, istixana effekti yaradan qazların qlobal miqyasda sürətli artımı baş vermişdir. İqlim Dəyişmələri üzrə Hökümətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması isə əsasən istilik effekti yaradan qazların - karbon dioksid (CO2), metan (CH4), azot oksidi və xlor-fülor birləşmələrin konsentrasiyasının artması ilə birbaşa bağlıdır. İqlim Dəyişmələri üzrə Hökümətlərarası Panel (İPCC) tərəfindən təqdim edilmiş məlumata görə, sənaye dövrünü əhatə edən son 250 ildə atmosferdə məhz karbon qazının ümumi miqdarı 28%, metanın miqdarı isə 60% artmışdır.
İqlim dəyişikliyinin səbəbləri arasında insan fəaliyyəti nəticəsində atmosferə atılan istixana qazlarının artması birinci yerdədir. Sənaye İnqilabından sonra qalıq yanacaqların aktiv istifadəsi atmosferə atılan karbonun miqdarını artırır. Süd və ət istehsalı, bəzi istixana qazlarının istehsalda istifadəsi və məhsulların daşınması zamanı çoxlu benzin sərf edən nəqliyyat vasitələrinin, bəzi nəqliyyat növlərinin seçilməsi atmosferdə istixana qazlarının miqdarının artmasına səbəb olur. Qlobal iqlim dəyişikliyinin nəticələri artıq müşahidə olunmağa başlasa da, onların gələcəkdə dünyada həyatı təhlükə altına salacaq səviyyələrə qədər arta biləcəyi düşünülür. Bu səbəblə orta temperaturun artmasının məhdudlaşdırıla biləcəyi və tədbir görülməklə iqlim dəyişikliklərinin cilovlana biləcəyi bildirilir.
İqlim dəyişikliyinin bəzi təbii və qeyri-təbii səbəbləri vardır. Məsələn, təbii səbəblərə vulkan püskürmələri nəticəsində yaranan aerozollar, günəş ləkələrinin yaratdığı maqnit sahələri nəticəsində temperaturun yüksəlməsinin təsiri, günəş partlayışları nəticəsində yayılan radiasiya nəticəsində temperaturun yüksəldilməsi təsiri, donmuş torpaq sahələrində karbon sızması, meşə yanğınları nəticəsində yaranan təbii su buxarı, heyvan nəcisi və istehlakının metan qazı və karbon qazı emissiyalarına təsiri və s. aiddir. Süni səbəblərə isə qalıq yanacaqları (kömür, kömür, neft və təbii qaz) və üzvi materiallar, meşələrin qırılması və insan tərəfindən törədilən meşə yanğınları, zibil tullantılarının parçalanmaması nəticəsində bərk maddələrin artması, əhalinin həddindən artıq olması nəticəsində karbon izi nisbətinin artması, mədən qazma və yer strukturlarında dəyişikliklər nəticəsində buraxılan qazlar və istehlak vərdişləri aid edilir.
İqlim dəyişikliyinin görünən nəticələri müşahidə olunmağa başlayandan bəri elm adamları bu sahədə nə edilə biləcəyi üzərində işləyirlər. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası və KYOTO Protokolu kimi addımlarla hökumətlər həmçinin karbon emissiyalarını azaltmaqla iqlim dəyişikliyinin təsirlərini azaltmağa çalışırlar. Qlobal iqlim dəyişikliyinin qarşısını almaq üçün hökumətlərin təkbaşına siyasət yaratması kifayət deyil. Qlobal istiləşmə ilə bağlı ictimaiyyəti məlumatlandırmaq da lazımdır. Belə düşünürəm ki, fərdi olaraq atılan kiçik addımlar belə orta temperaturun artımını azaltmaqda çox təsirli olacaq.
Qlobal iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün insanların edə biləcəyi bir çox şey var. İqlim dəyişikliyi indi hər qitədəki hər bir ölkəyə təsir edir. Bu, milli iqtisadiyyatları pozur və həyatlara təsir edir, insanlara, icmalara və ölkələrə bu gün və sabah daha da baha başa gəlir. İnsanlar iqlim dəyişikliyinin əhəmiyyətli təsirlərini yaşayırlar, o cümlədən hava şəraitinin dəyişməsi, dəniz səviyyəsinin qalxması və daha çox ekstremal hava hadisələri.
Qeyd etdiyiniz kimi, yaxın günlərdə keçiriləcək olan COP29 tədbirinin də bu problemin nisbətən azalmasında böyük rol oynayacağının qənaətindəyik. COP29 konfransına ev sahibliyini Azərbaycan üçün 2024-cü ilin ən mühüm hadisəsi və ölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqi davamı kimi qiymətləndirmək olar. Parisİqlim Sazişinə əsasən, qlobal istiləşmə sənayeləşmədən əvvəl olduğu kimi, 1,5°C səviyyəsində qalmalıdır ki, bu təsirlər minimuma ensin. Elə COP tədbirlərinin məqsədi də dünyada karbon qazının miqdarını 1,5°C ilə məhdudlaşdırmaq üzrə irəliləyişə nail olmaqdır. Bir sözlə, bu öhdəliyin təmin olunması hər birimizin mənəvi borcudur. Lakin imkanlar tükənir və zaman keçir. Məqsəd qlobal istiləşməni nəzarətdə və temperatur artımını 1,5°C-dən aşağı saxlamaq üçün emissiyaların azaldılması istiqamətində əsaslı, çevik və dayanıqlı fəaliyyət göstərmək, bu təşəbbüs çərçivəsində bütün tərəfləri bir araya gətirməkdir.
Göründüyü kimi, bütün ölkələr kimi Azərbaycan da bu sahədə, iqlim probleminin həllində qətiyyətli addımlar atır və inanıram ki, bunlar mütləqdir öz nəticəsini göstərəcək".
Röyalə Xəyal