Çexiya şirkətləri işğaldan azad olunmuş ərazilərə investisiya yatırmaqda maraqlıdır- ÖZƏL
11:25 Siyasət"Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri iki ölkə arasındakı strateji tərəfdaşlığın yeni mərhələsi kimi qiymətləndirilə bilər. Bu səfər həm siyasi, həm iqtisadi, həm də regional əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyan bir sıra məqamlarla yadda qaldı". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Düşünürəm ki, səfər bir daha göstərdi ki, Azərbaycan bu gün Avropa ölkələri üçün etibarlı və vacib tərəfdaş kimi qəbul olunur. Xüsusilə enerji təhlükəsizliyi məsələsində ölkəmizin rolu getdikcə artır və bu istiqamətdə əməkdaşlığın genişlənməsi qarşılıqlı maraqlara əsaslanır.
Səfər zamanı Çexiya mediasında, xüsusilə "Çex Radiosu"nda Azərbaycanla enerji əməkdaşlığının önəminin geniş vurğulanması təsadüfi deyil. Azərbaycanın Avropanın enerji təchizatında oynadığı rol Çexiya tərəfindən də yüksək qiymətləndirilir. Bu isə ölkəmizin beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş imicinin daha da möhkəmləndiyini göstərir.
Görüş zamanı işğaldan azad edilmiş ərazilərimizlə bağlı məsələlərə də toxunulması xüsusi diqqət çəkir. Baş nazir Andrey Babiş Çexiya şirkətlərinin həmin ərazilərə investisiya yatırmaqda maraqlı olduğunu bildirdi. Bu, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərinə beynəlxalq marağın artdığını göstərməklə yanaşı, yeni iqtisadi imkanlar da yaradır.
Hesab edirəm ki, Çexiya şirkətlərinin bu prosesə qoşulması infrastrukturun yenidən qurulması, sənaye sahələrinin inkişafı, müasir texnologiyaların tətbiqi və yaşıl enerji layihələrinin reallaşdırılması baxımından mühüm töhfə verə bilər. Bu, eyni zamanda bölgənin iqtisadi dirçəlişinə əlavə stimul olacaq.
Görüşdə müxtəlif istiqamətlər üzrə əməkdaşlıq məsələlərinin müzakirə olunması iki ölkə münasibətlərinin çoxşaxəli xarakter daşıdığını göstərir. Xüsusilə müdafiə sənayesi sahəsində mövcud əməkdaşlıq diqqətəlayiqdir. Uzun illərdir bu istiqamətdə qarşılıqlı əlaqələr mövcuddur və Azərbaycan Çexiyadan müxtəlif hərbi təyinatlı məhsullar alır.
Düşünürəm ki, müdafiə sənayesi sahəsində böyük təcrübəyə malik olan Çexiya ilə birgə layihələrin həyata keçirilməsi, texnologiya transferi və istehsal imkanlarının genişləndirilməsi gələcək dövr üçün xüsusi əhəmiyyət kəsb edir. Bu, ölkəmizin müdafiə potensialının daha da güclənməsinə xidmət edə bilər.
Qəbələdə Prezident İlham Əliyevlə keçirilən görüş, aparılan müzakirələr və mətbuata verilən bəyanatlar göstərir ki, tərəflər arasında yüksək səviyyəli siyasi etimad mövcuddur. Münasibətlərin qarşılıqlı hörmət və etibara əsaslanması əməkdaşlığın gələcək inkişafı üçün möhkəm zəmin yaradır.
Bu səfər eyni zamanda Çexiyanın Cənubi Qafqazda Azərbaycanın artan roluna, regionda sabitlik və əməkdaşlıq təşəbbüslərində ölkəmizin tutduğu mövqeyə verdiyi önəmi bir daha təsdiqlədi.
Düşünürəm ki, qarşıdakı dövrdə Azərbaycan - Çexiya münasibətləri enerji, ticarət, sənaye, nəqliyyat, müdafiə və investisiya sahələrində daha da genişlənəcək, bu əməkdaşlıq hər iki ölkənin milli maraqlarına xidmət edən uğurlu tərəfdaşlıq modelinə çevriləcəkdir"