Azərbaycanın enerji diplomatiyasının uğuru- ÖZƏL
12:03 Siyasət"Aprelin 27-də Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri Azərbaycan-Çexiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçdiyini nümayiş etdirdi. Qəbələdə baş tutan görüşlər, mətbuata bəyanatlar və biznes-forum çərçivəsində səsləndirilən fikirlər iki ölkə arasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın və strateji tərəfdaşlığın genişlənməsinə yönəlmiş konkret gündəliyi ortaya qoydu". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib: "Prezident İlham Əliyevin mətbuata bəyanatında vurğulandığı kimi, Bakı ilə Praqa arasında münasibətlər dinamik inkişaf edir və artıq fəal siyasi dialoq mərhələsinə qədəm qoyub. Dövlət başçısı qeyd edib ki, bu müstəvidə keçirilən görüşlərdə iqtisadi sahədə konkret layihələr müzakirə olunub və əməkdaşlığın genişləndirilməsi üçün real imkanlar mövcuddur.
Bu səfərin mühüm cəhətlərindən biri də onun simvolik məzmunudur. Belə ki, Andrey Babişin Avropa İttifaqından kənara ilk rəsmi səfərini Azərbaycana etməsi Bakının Avropa üçün etibarlı tərəfdaş kimi artan rolunun göstəricisidir. Eyni zamanda, tərəflər hökumətlərarası iqtisadi komissiyanın fəaliyyətinin aktivləşdirilməsi barədə razılığa gəliblər ki, bu da institusional əməkdaşlığın möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.
Səfərin əsas istiqamətlərindən biri enerji sahəsində əməkdaşlığın genişləndirilməsi olub. Çexiya tərəfi Azərbaycanın enerji resurslarına marağını açıq şəkildə ifadə edib və uzunmüddətli qaz tədarükü müqaviləsinin bağlanması perspektivləri müzakirə olunub. Prezident İlham Əliyev çıxışında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu xüsusi vurğulayaraq ölkənin artıq bir sıra Avropa dövlətlərinə qaz ixrac etdiyini qeyd edib. Bu, Azərbaycanın enerji diplomatiyasının uğurunu və Avropa bazarında mövqelərinin möhkəmləndiyini göstərir".